Müxalif REAL Hərəkatının sədri İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirib. APA-ya açıqlamasında Mərkəzi Seçki Komissiyasının mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli belə deyib.
İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürməsi barədə danışan Şahin Əsədli deyib ki, Azərbaycan vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan aktiv və passiv seçki hüquqları var: “Aprelin 25-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim edilib. DSK operativ qaydada bu sənədlərə baxıb, digər seçki subyektləri kimi İlqar Məmmədova da müvafiq kömək göstərilib”.
Aprelin 28-də İlqar Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq olunduğunu deyən Şahin Əsədli onun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edildiyini bildirib: “Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəki Apellyasiya Məhkəməsində İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən, İlqar Məmmədov bununla da passiv seçki hüququnu itirib”.
Transparency.az xatırladır ki, İlqar Məmmədov 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək təkrar seçkidə iştirak etmək niyyətini aprelin 14-də bəyan edib. Həmin vaxt o, təqsirləndirilən şəxs statusunda olub.
İlqar Məmmədov 2013-cü il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutulub 7 il azadlıqdan məhrumetmə cəzası alıb. Hökmü Şəki Ağır Cinayətlər Məhkəməsi çıxarıb, Şəki Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb.
2014-cü il mayın 22-də Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun şikayəti ilə bağlı qərar verib. Avropa Məhkəməsi İlqar Məmmədovun Avropa İnsan Hüquqları Konvensiyası ilə verilmiş bir sıra hüquqlarının pozulduğunu tanıyıb, ona 22 min avro kompensasiya ödənilməsi tələbini qoyub.
2015-ci il oktyabrın 13-də Ali Məhkəmə Şəki Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsindəki qərarını ləğv edib, iş həmin instansiyaya qaytarılıb.
Aprelin 29-u Şəki Apellyasiya Məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb, beləliklə, İlqar Məmmədov həbsdə qalıb.
1970-ci ildə Bakıda doğulan İlqar Məmmədov Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Budapeştdə yerləşən Mərkəzi Avropa Universitetində siyasi elmlər üzrə magistr dərəcəsinə yiyələnib. Beynəlxalq Valyuta Fondu və Dünya Bankının Bakı nümayəndəliklərində, ABŞ-ın Azərbaycandakı səfirliyində çalışıb. Beynəlxalq Böhran Qrupunun Azərbaycanda təmsilçisi, Avropa Şurasının Siyasi Biliklər Proqramının Azərbaycan üzrə direktoru olub. 5 il Milli İstiqlal Partiyası sədrinin müavini postunu tutub. REAL Hərəkatını 2008-ci ildə yaradıb.
Azərbaycanda sonuncu parlament seçkisi 2015-ci ilin noyabrında olub. Seçki 125 dairə üzrə keçirilib. Rəsmi nəticələrə görə, Milli Məclisə 124 nəfər seçilib. 90 saylı Ağdaş seçki dairəsi üzrə isə seçkinin nəticəsi ləğv olunub.
Bu il aprelin 12-də prezident İlham Əliyev 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncamla təkrar seçki bu il iyunun 18-nə təyin edilib.
Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinə görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin Milli Məclisin deputatı, prezident, bələdiyyə üzvü seçilmək hüququ (passiv seçki hüququ) yoxdur.