Mayın 5-də Ermənistan hökumətinin iclasında Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki rejimi müstəqil dövlət kimi tanımaq barədə qanun layihəsi müzakirə olunub. Novator.az xəbər verir ki, hökumət layihəni parlamentə göndərmək qərarı çıxarıb.
Layihənin müəllifləri deputatlar Zarui Postancyan və Qrant Baqratyandır. Hökumətin layihəyə verdiyi rəydə bildirilir ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımaq məsələsi Ermənistanla Dağlıq Qarabağ təmsilçilərinin apardığı müzakirələrin nəticəsidir, hazırkı xarici amillərdən və gələcək mümkün proseslərdən qaynaqlanır.
Hökumətin iclasından sonra jurnalistlərə danışan Zarui Postancyan deyib ki, Nazirlər Kabineti Dağlıq Qarabağın tanınması prosesinə xeyir-dua verib.
Azərbaycanın Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. 1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.
Azərbaycanın Silahlı Qüvvələri bu il aprelin 2-dən 5-dək Qarabağ cəbhəsində atəşkəsi pozan işğalçı erməni birləşmələrinə qarşı cavab tədbiri keçirib. Əks-həmlədə Füzuli və Ağdərə istiqamətində yerləşən bəzi yüksəkliklər azad edilib.