BQXK azərbaycanlı hərbçinin meyitinin alınması üçün danışıqları davam etdirir
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) aprelin 2-dən 5-dək cəbhə xəttində erməni hərbi birləşmələrinin törətdiyi təxribatın qarşısının alınması ilə bağlı gedən döyüşlərdə ermənilər tərəfindən öldürülən azərbaycanlı hərbçinin meyitinin alınması ilə bağlı yenidən danışıqlara başlayıb. Bunu Trend-ə açıqlamasında BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
Qurum nümayəndəsi qeyd edib ki, hazırda bu istiqamətdə danışıqlar davam etdirilir: “Beynəlxalq Qızıl Xaç Komitəsi hazırda münaqişə tərəfləri ilə itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı dialoqu davam etdirir. Həmin dialoq konfedensial olduğuna görə ictimaiyyətə açıqlanmır”.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistan tərəfi işğal olunmuş ərazidə bir azərbaycanlı hərbçinin meyitinin aşkar edilməsi barədə məlumat yaymışdı. Azərbaycan tərəfi BQXK-nın vasitəçiliyi ilə hərbçimizin meyitinin alınmasına çalışsa da, Ermənistan tərəfi son anda meyiti Azərbaycan tərəfə verməkdən imtina etmişdi.