Rövşən Ağayev
Dövlət başçısı 2016-cı ilin ilk rübünün iqtisadi yekunlarına həsr olunmuş hökumət iclasında ölkədə pambıq əkini sahəsini təxminən 3 dəfə (18 min hektardan 50 min hektara) artırmağın vacib olduğunu söyləyib. Hökumət əmindir ki, 2016-cı ildə bu vəzifəni yerinə yetirə bilsə, pambıq istehsalının həcmini 35 min tondan 100 min tona artırmaq problem olmayacaq.
Rəsmi əsaslandırma budur ki, pambığın dünya bazarında həmişə alıcısı var və özünə problemsiz müştəri tapan bu məhsul ölkənin itirdiyi neft gəlirlərinin bir hissəsini kompensasiya etməkdə yardımçı olacaq.
Neft gəlirlərinin azaldığı hazırkı mərhələdə qeyri-neft ixracının artırılması istiqamətində axtarışlar anlaşılandır. Amma hökumətin bir neçə suala cavabını eşitmək yaxşı olardı:
– Dünyada pambığın ən böyük istehsalçısı olan Çin, Pakistan, Hindistan və Özbəkistan kimi ölkələri göz önünə alaraq “daxili resurs dəyəri” əsasında pambıqçılıq sektorunda müqayisəli üstünlük imkanlarımız qiymətləndirilibmi? Sahənin inkişafı ilə bağlı master-plan hazırlanıbmı, həmin planda sahənin inkişafı ilə bağlı üstünlüklərimiz, sahəni inkişafdan saxlayan problemlər və risklər, onların önlənməsi və aradan qaldırılması üçün mexanizmlər müəyyən olunubmu? Belə dəyərləndirmə son dərəcə vacibdir.
– Pambığın yalnız xammal kimi ixracı nəzərdə tutulurmu? Əgər belədirsə, pambıqdan böyük qazanc gözləməyə dəyməz. Çin, Pakistan və Hindistan istehsal imkanlarını məhz öz daxili istehlaklarını qarşılamağa yönəldirlər. Hazırda dünya üzrə illik 25-26 milyon ton pambıq istehlakının 60%-dən çoxu bu ölkələrin payına düşür.
Mütəxəssislərin dediyinə görə, ayrı-ayrı ölkələrdə pambığın mahlıc çıxımı 35-40% intervalında dəyişir – yəni hər 1 ton pambıqdan təxminən 350-400 kiloqram mahlıc alınır. Yerdə qalan 600-650 kiloqram tullantıdan dünyada bir neçə məhsul əldə edilir: heyvandarlıq üçün yağlı yem, tibb sənayesi üçün qliserin, qida sənayesi üçün yağ. Pambıq yerli sənaye üçün xammal kimi istifadəyə yönəldilsə, iqtisadi diversifikasiyada mühüm rol oynaya, kənd təsərrüfatı ilə yanaşı sənaye sferasında da yeni iş yerlərinin yaradılması üçün baza ola bilər.
Eyni zamanda pambıq xam formada ixrac edilmədən birbaşa emal zəncirinə daxil olduqda daha yüksək gəlir gətirir. Məsələn, mütəxəssis qiymətləndirməsinə görə, 1 ton pambıq mahlıc ölçüsündən asılı olaraq təxminən 1500-2000 ədəd qısaqol kişi idman köynəyinin istehsalı üçün parçanın xammalıdır. Ən ucuz topdansatış qiyməti ilə (məsələn, 2,5-3 dollar) bu, 2500-3000 dollara bərabərdir. Halbuki son illər dünya birjalarında 1 ton mahlıcın qiyməti 1300-1600 dollar intervalında olub.
Amma köynək istehsalına qədər pambıq iplik və parça üçün də emal zəncirindən keçməlidir. Bir sözlə, xam pambıq ölkə daxilində istifadə edilsə, ən azından 3-4 dəyər zəncirindən keçmək, hər zəncirdə işçi çalışdırmaq, əlavə dəyər yaratmaq potensialına malikdir.
– Pambıq hansı torpaqlarda əkiləcək və onu kim əkəcək? Bu sual ilk baxışdan yersiz görünə bilər. Amma cavabı mütləq verilməlidir. Əvvəla ona görə ki, Azərbaycanda özəl sektorun əlində olan əkinəyararlı torpaq fondu böyük deyil. Ölkə üzrə əkinəyararlı təxminən 1,7 milyon hektar torpağın 1,3 milyon hektarı özəl əldədir. Əkinəyararlı özəl torpaqların adambaşına həcmi cəmi 0,13 hektardır. Həmin torpaqlar yalnız ölkənin ən zəruri torpaq məhsullarının – dənli bitkilərin, meyvə-giləmeyvənin, tərəvəz-bostan məhsullarının, heyvandarlıq üçün yem tədarükünün, qida sənayesi üçün yağlı və texniki bitkilərin becərilməsi baxımdan yetərli ola bilər. Ona görə, çox güman ki, hökumət dövlət ehtiyat fondu torpaqlarında zəruri irriqasiya işləri aparmaqla həmin torpaq resurslarından istifadə etməyi düşünür.
Hazırda bələdiyyələrin və hökumətin sərəncamında 3,5 milyon hektara yaxın kənd təsərrüfatına yararlı torpaq fondu var. Bu, özəl fonddan az qala 3 dəfə çoxdur. Artıq bununla bağlı təcrübələr də var – son illər iri fermer təsərrüfatı yaratmaqla buğda əkinlərinin xeyli hissəsi məhz həmin torpaqlarda aparılıb.
Amma burada narahatlıq doğuran problem resurslardan qeyri-bərabər və qeyri-şəffaf istifadədir. İctimai torpaqları hərraclar vasitəsilə istənilən şəxsin icarəyə və istifadəyə götürməsi mexanizmləri çalışmır, siyasi hakimiyyətə bağlılığı olmayan iqtisadi qruplar və ya şəxslər həmin torpaqlarda fermer təsərrüfatları yaratmaq, bu təsərrüfatlar üçün Sahibkarlığa Kömək Milli Fondundan kredit resursları cəlb etmək şansına malik deyillər.
– Pambıq əkməyi təklif edənlər kəndli üçün alternativ gəlirləri qiymətləndiribmi? Pambıq keyfiyyətli və suvarma imkanı olan torpaq tələb edir. Fermerlər hazırda belə torpaqlarda bostan-tərəvəz məhsulları, üzüm, meyvə əkəndə bütün xərclərini çıxmaqla 1500-2000 manatdan 3000-4000 manata qədər pul qazana bilir. Ən az gəlir gətirən heyvandarlıq üçün otun becərilməsidir – bütün xərclər çıxılmaqla indiki qiymətlərlə fermer hər hektar suvarılan torpaqdan azı 700-800 manat qazanc götürə bilir və bu təsərrüfatda bütün işləri texnika həyata keçirdiyi üçün kəndlidən əziyyət də tələb olunmur.
Amma ötən il orta məhsuldarlığın 2,5 ton olduğu şəraitdə fermer 1 hektar pambıq əkinindən bütün xərcləri çıxmaqla maksimum 600-650 manat gəlir əldə edə bilib. İndi pambıqla müqayisədə meyvə-tərəvəzdən ən azı 3-4 dəfə artıq gəlir götürə bildiyi halda fermeri pambıq əkməyə hansı səbəb cəlb edə bilər?
Azərbaycanda pambıq emalının inhisarda olması (səhv etmirəmsə, bütün emal cəmi 2 şirkətin əlində cəmlənib) bu sahə üçün rəqabətli gələcək də vəd etmir. Ümid hökumətin təklif edəcəyi təşviq tədbirlərinə qalır.
Yeri gəlmişkən, bizim ictimai rəydə pambıq bir məhsul kimi qara xatirələrlə ilişib qalıb. Sovetlər dönəmində bir çox əyalətdə bütün orta məktəb şagirdləri, institut tələbələri tədris ilinin ən azı 2-3 ayını pambıq tarlalarında keçirirdilər. Özüm orta məktəbdə oxuyarkən pambıq yığımında iştirak etmişəm. Yalnız Əbdürrəhman Vəzirovun 1988-ci ildə respublika rəhbəri təyin edilməsi ilə təhsil müəssisələrinin pambıqçılığa cəlb olunmasına son qoyuldu. Bəlkə buna görə də “ağ qızıl” yaddaşımda qara tarixçə kimi ilişib qalır. Və bu da faktdır ki, ABŞ və Avstraliya istisna olmaqla dünyanın ən 10 iri pambıq istehsalçısı arasında yüksək inkişaf etmiş ölkənin adı yoxdur.