İctimai həyatın mühüm yönlərindən olan gender probleminin doğurduğu mənafe toqquşmaları, cəmiyyətin özünün inkişaf dinamikası ilə birbaşa bağlıdır. Bu səbəbdən də problemi Azərbaycan cəmiyyətində baş verən proseslərdən təcrid olunmuş şəkildə təhlil etmək mümkün deyil. Azərbaycanda qadınlar əhalinin yarısını təşkil edir və onların problemlərinin sosial əhəmiyyəti var. Qadınların gündəlik həyatı da öz növbəsində bütün cəmiyyətin həyatına çox böyük təsir göstərir və onların həyat səviyyəsinin inkişafı bütövlükdə bəşəriyyətin tərəqqisini səciyyələndirən göstəricidir.
Ölkənin iqtisadi, sosial və siyasi həyatında keçid dövrünün başlanması gender bərabərliyinin təmin olunmasında dövlət inhisarının ləğvinə gətirib çıxardı. Belə ki, qadınlar bərabərlik baxımından tamamilə fərqli və təhlükəli meyllərin artdığı məkanla üz-üzə qaldılar. Keçid dövrü qadınları onların əvvəldə məşğulluq və sosial təminat sahəsində əldə etdikləri nailiyyətlərdən məhrum etdi. Adətən bu tənəzzülü dövlətin rolunun kəskin və əhəmiyyətli dərəcədə kiçilməsi ilə izah edirlər. Sovet quruluşunun dağıldığı, demokratik cəmiyyətin isə yenicə qurulduğu dövrdə bazar iqtisadiyyatına keçid qadınlara həm şəxsiyyət, ana, işçi qüvvəsi, ailənin və kollektivin, müxtəlif birliklərin üzvü kimi, həm də əhəmiyyətli siyasi qüvvə olmaq baxımından mühüm və faydalı oldu. Keçid dövründə qadınları gözləyə biləcək təhlükələri vurğulamaqla yanaşı, bu mürəkkəb problemin həll edilməsinə göstərilən səylərin nə kimi uğurlu nəticələr verə biləcəyinə də diqqəti yönəltmək çox vacibdir. Təəssüflər olsun ki, gender siyasətinin meylləri və Azərbaycan əxlaqında baş verən proseslərin elmi tədqiqinə dair düzgün informasiyanın azlığı, qadın həyatında baş verən dəyişikliklərin daha geniş – iqtisadi, sosial və siyasi kontekstinə aydınlıq gətirilməsini çətinləşdirir.
1998-ci ilin avqust ayınadək 27 keçmiş sosialist dövləti qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğv edilməsinə dair Konvensiya imzaladı. Hazırda bu ölkələr adı çəkilən sənədin həyata keçirilməsinin təmin olunması üzrə beynəlxalq fəaliyyətdə hərtərəfli iştirak edə bilərlər.
Konvensiyanın Azərbaycanda həyata keçirilməsi məqsədilə bir sıra böyük problemləri həll etmək lazımdır. Belə ki, bərabərliyin təmin olunmasının hüquqi və dövlət mexanizmlərinin adekvatlığı, qadınların rolu və onların əsas hüquqlarının pozulmasına aid olan davranış modelləri, mədəni və başqa təsəvvürlərin xarakterinə qədər məsələlər əhatə olunur. Qadınların əsas hüquqlarına gəlincə, qadınlara qarşı ayrı-seçkiliyə “qadınların ailə vəziyyətindən asılı olmayaraq, onların siyasi, iqtisadi, sosial, mədəni, vətəndaş və istənilən başqa sahədəki insan hüquqları və əsas azadlıqlarından, kişilərlə qadınların bərabərhüquqluluğu əsasında istifadə etməsini və ya onları həyata keçirməsini cinsi əlamətə görə zəiflətməyə yönəlmiş, yaxud onları yox dərəcəsinə endirən istənilən fərqləndirmə, məhrumetmə, yaxud məhdudlaşdırma” (BMT-nin qadınlara qarşı bütün ayrı-seçkilik formalarının ləğvinə dair Konvensiyası) kimi tərif verilir.
İqtisadiyyatda keçid dövrünü yaşayan ölkələrdə dövlətin rolunun dəyişməsi ilə əlaqədar hökumət vətəndaşların hüquqlarının, eləcə də kişilərlə qadınlar arasında bərabərliyin təmin edilməsində mühüm rol oynamalıdır. Keçmiş sosialist ölkələrində dövlətin cəza aparatı rolu oynadığını nəzərə alsaq, burada onun cəmiyyətin dəyər və normalarına istənilən müdaxiləsinə kəskin, hətta ağrılı reaksiya müşahidə olunur. Deyilənlərlə yanaşı, Azərbaycanda Konvensiyanın bərabərliyə dair və başqa müddəalarının reallaşdırılmasına əksər halda geniş yayılmış və sabit şəkil almış gender stereotipləri və mədəni ənənələr də mane olur. Gender bərabərsizliyi problemi məişətdə həmişə həll oluna bilmir. Bəzən hökumət qadınlara ictimai sahədə müstəqil fəaliyyət göstərən şəxsiyyətlər kimi deyil, ailə kontekstində, ana qismində baxmağa meylli olur. Qadınlar haqqında bu stereotip təsəvvürlər çox vaxt hüquqi və faktiki bərabərlik arasındakı uyğunsuzluğun əsasında durur. Qadın hüquqlarının pozulması davam edir, bəzi hallarda hətta güclənir.
Qadın hüquqlarına təhlükə törədən səbəblərdən biri də yoxsulluğun yayılmasıdır. İşsiz və kəndli qadınlara və ya qadın sahibkarlığının inkişafına yardım göstərilmir. Keçid dövrünün başlanğıcından etibarən səhiyyə sistemində baş verən problemlərlə bağlı, qadınların səhhətinin pisləşməsi üzündən də qadın hüquqları pozulur. Sosial dəyişikliklərin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, keçid dövrü qadınların şəxsi və ictimai həyatına çox böyük təsir göstərib. Keçid dövrünü yaşayan ölkələrdə bərabərliyin hüquqi əsaslarının müəyyən edilməsinə baxmayaraq, qadının iş yerində, ailədə və cəmiyyətdə rolunun müəyyən olunması üçün hələ çox iş görülməlidir. Gender bərabərliyi sahəsində tərəqqi keçid prosesində uğurlar qazanılmasını yaxınlaşdıra, yaranan imkanların qadınlar, kişilər və uşaqlar arasında ədalətli bölünməsini təmin edə bilər. Buna görə də bu məsələləri ciddi tədqiq etmək və keçid dövrünü yaşayan ölkələrdə qadınların səsinin eşidilməsinə nail olmaq fövqəladə dərəcədə vacibdir.
Cəmiyyətin iqtisadi, sosial və siyasi inkişafı prosesində qadınların iştirakının səciyyəsi və səviyyəsi onların firavanlığı, həm də şübhəsiz ki, keçid prosesinin özünün uğur qazanması üçün həyati əhəmiyyət kəsb edir. Qadınların siyasi fəaliyyətdə və elmi istehsalat birliklərindəki işlərdə iştirakı, onların siyasi və ictimai həyatda nüfuzlarının artmasına kömək etdiyi kimi, ailə iqtisadiyyatında və kiçik sahibkarlıqda da onların əməyinin müdafiə olunub qiymətləndirilməsi, qadınların iqtisadi sahədə yerinin möhkəmlənməsinə kömək edər. Bu da qadınların bütün cəmiyyətin tərkibində uğurla inkişaf etməsinin parlaq nümunəsi ola bilər.
Gülnara Həsənova