Cənubi Osetiyada Rusiyanın tərkibinə daxil olmaq hazırlığı başlayıb
Gürcüstandakı separatçı Cənubi Osetiya rejimi Rusiyanın tərkibinə daxil olmaq referendumu keçirməyi planlaşdırır. Novator.az xəbər verir ki, separatçı rejimin rəhbəri Leonid Tibilov aprelin 11-i Rusiyanın TASS agentliyinə açıqlamasında belə deyib.
Tibilov referendum vaxtının müzakirə olunduğunu, bununla bağlı hələ konkret qərar verilmədiyini qeyd edib. O bildirib ki, referendum bu ilin avqust ayına qədər baş tuta bilər.
Separatçı liderin dediyinə görə, səsvermədə “Cənubi Osetiya konstitusiyası”nın dəyişdirilməsi təklifi irəli sürüləcək: “Həmin dəyişiklik bölgəyə Rusiyanın tərkibinə daxil olmaq üçün Moskvaya müraciət etmək imkanı verəcək”.
Tibilov bildirib ki, onlar Rusiyanın referendumun nəticələrinə dərhal reaksiya verəcəyini gözləmirlər: “Hazırda dünyada baş verənləri nəzərə alıb strateji tərəfdaşımız Rusiyanı ciddi siyasi risklər qarşısında qoymaq istəməzdik. Ona görə də biz hazırkı konstitusiyanın 10-cu bəndinə dəyişiklik etmək niyyətindəyik”.
Gürcüstanın Abxaziya, Cənubi Osetiya bölgələri 1990-cı illərdən özünü müstəqil dövlət elan etmiş rejimlərin əlindədir. 2008-ci ildə Rusiya Abxaziya və Cənubi Osetiyanı hərbi təcavüzlə işğal edərək onları “müstəqil dövlət” kimi tanıyıb. Hər iki bölgədə Rusiyanın hərbi bazaları var.