Təhlükəsizlik Şurasının 2 aprel iclası geniş tərkibdə keçirilib. Prezident İlham Əliyevin sədrlik etdiyi iclasa baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyası rəhbərinin müavini, prezidentin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Zakir Həsənov, daxili işlər naziri Ramil Usubov, baş prokuror Zakir Qaralov, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sultanov, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundov, Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin birinci müavini Bəylər Eyyubov qatılıb.
Transparency.az bildirir ki, Təhlükəsizlik Şurası prezident yanında məşvərətçi orqandır. Dövlət başçısının rəsmi saytında qurumun statusu barədə deyilir: “Təhlükəsizlik Şurası vətəndaşların hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunması sahəsində prezidentin öz konstitusiya səlahiyyətlərini həyata keçirməsinə şərait yaradılmasını təmin edir”.
Təhlükəsizlik Şurasının iclaslarına prezident sədrlik edir. Şuranın katibi funksiyalarını Prezident Administrasiyasının rəhbəri yerinə yetirir. Administrasiya rəhbəri Təhlükəsizlik Şurasının fəaliyyətini təmin edir, onun iclaslarının hazırlanmasına rəhbərlik edir. İclasların gündəliyi və məsələlərin müzakirəsi qaydasını administrasiya rəhbərinin təqdimatı əsasında prezident müəyyənləşdirir.
1997-ci il aprelin 10-da prezident fərmanı ilə yaradılmış Təhlükəsizlik Şurasının tərkibinə bu vəzifəli şəxslər daxil edilib:
Milli Məclisin sədri
baş nazir
Prezident Administrasiyasının rəhbəri
xarici siyasət məsələləri üzrə dövlət müşaviri
hərbi işlər üzrə dövlət müşaviri
baş prokuror
xarici işlər naziri
müdafiə naziri
milli təhlükəsizlik naziri
daxili işlər naziri.
2015-ci ildə Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi və Xarici Kəşfiyyat xidmətləri yaradılıb.
Hərbi işlər üzrə dövlət müşaviri postu 1993-cü ildə təsis edilib. Ancaq 1999-cu ildə Nurəddin Sadıqov hərbi işlər üzrə dövlət müşaviri vəzifəsindən azad ediləndən bu posta təyinat olmayıb.
Xarici siyasət məsələləri üzrə dövlət müşaviri postu 1992-ci ildə yaradılıb. 1999-cu ildə Vəfa Quluzadə xarici siyasət məsələləri üzrə dövlət müşaviri vəzifəsindən azad ediləndən bəri bu posta da vakantdır.