Rövşən Ağayev
İstənilən milli valyutanın dəyərli olması, məzənnəsinin sabitliyi üçün onun arxasında iqtisadiyyatın tələbatına uyğun həcmdə xarici valyuta kütləsi dayanmalıdır. Məsələn, ölkə iqtisadiyyatının hər ay 1 milyard dollar valyutaya ehtiyacı varsa, iqtisadiyyat öz imkanları (ixrac potensialı, investisiya cəlbediciliyi) hesabına bunu qazana bilirsə, milli valyuta dayanıqlı olacaq. Əgər qazana bilmirsə, ya hökumət öz ehtiyatlarını əritmək hesabına, ya da Beynəlxalq Valyuta Fondunun dəstək kreditləri sayəsində xarici valyutaya cari tələb və təklif arasında fərqi qapatmalıdır. Bu fərqi qapatmaq üçün bazar qıtlıq hiss edəndə milli valyuta dəyər itirməyə başlayır.
Azərbaycan iqtisadiyyatının hazırkı reallığı belədir: ölkənin orta aylıq ixrac gəlirləri devalvasiya qərarları qəbul edilən dövrlə müqayisədə xeyli azdır. Məsələn, birinci devalvasiya qərarı (21 fevral 2015) ərəfəsində orta aylıq ixrac gəlirləri 1,8 milyard dollar, ikinci devalvasiya qərarı (21 dekabr 2015) dövründə 900 milyon dollar olub. İndi isə 600 milyon dollar civarındadır.
Valyuta ilə gəlirlərin belə kəskin azaldığı dövrdə manat dəyər qazanırsa, deməli, bir səbəb var: xarici valyutaya tələbatın daha sürətlə azalması. Bunu təsdiq edən real faktlara diqqət yetirək. Mərkəzi Bankın məlumatına görə, 2016-cı ilin yanvarında ölkə üzrə nağd əməliyyatların aparılması üçün satılmış xarici valyutanın həcmi 400 milyon dollardan bir qədər çox olub. Halbuki 2015-ci ildə orta aylıq göstərici 1 milyard 300 milyon dollardan, 2012-2014-cü illərdə 900 milyon dollardan, 2011-ci ildə 500 milyon dollardan çox olub. Yəni hazırda nağd əməliyyatların aparılması üçün satılan xarici valyutanın həcmi son 5 ildəki ən aşağı göstəricidir.
Azərbaycan iqtisadiyyatının xarici valyutaya tələbatının kəskin azalmasına bir neçə səbəb var. Əvvəla, ölkədə iqtisadi fəallıq sıradan çıxıb. İlin ilk ayında ÜDM-in həcminin 3,2%, qeyri-neft ixracının 2 dəfəyədək azalması, iqtisadiyyatın kreditləşməsinin faktiki olaraq dayanması, idxalın 25%-dək kiçilməsi, büdcə xərclərinin 50%-dək azalması rəsmən etiraf edilməyən iqtisadi geriləmənin üzdə olan mənzərəsidir.
İkinci mühüm səbəb kənara kapital axınının kəskin azalmasıdır. Doğrudur, Mərkəzi Bank bu aylar üzrə tədiyyə balansının göstəricilərini açıqlamayıb. Lakin son illərin tədiyyə balansı haqda məlumatların analizi göstərir ki, manatın dəyərdən düşməsində, xarici valyutaya tələbatın kəskin artmasında həlledici faktor məhz kənara böyük həcmdə valyutanın çıxması olub. Məsələn, rəsmi məlumata görə, 2014-cü ildə depozit və nağd valyuta formasında ölkədən cəmi 4,7 milyard dollar çıxıb, amma 2015-ci ildə bu göstərici 8 milyard dollara yaxın olub. Ölkədən qeyri-rəsmi formada çıxan kapitalın həcmini isə ümumiyyətlə bilmək mümkün deyil. Amma rəsmi həcm iki dəfə artıbsa, deməli, qeyri-rəsmi dövriyyə də kifayət qədər böyükdür. Birinci və ikinci devalvasiya mərhələsində likvid dollar kütləsi demək olar ki, ölkədən çıxdı. İndi dolların kənara böyük axını o zaman mümkün olacaq ki, əmlak formasında sərvət dollara çevrilsin və ölkədən çıxarılsın. Hələlik siyasi şərtlər bu qaçışı şərtləndirmir, həm də əmlak bazarında durğunluqdur, mülkə böyük yatırımlar edən sərmayədarlar ya yoxdur, ya da bunu sərfəsiz və riskli sayırlar.
İnsanın orqanizmi sağlamdırsa, onun iştahasında problem olmur: sağlam insan özü hədd qoymasa, mədəsi tutan qədər yemək yeyə biləcək. Naxoş orqanizmin iştahası küsür – mədəsinin tuta biləcəyindən çox az qida qəbul edir, vəziyyəti ağırlaşdıqca ümumiyyətlə qidadan imtina edir. Bizim iqtisadiyyatın “iştahası küsüb”. Amma indiki “dollar pəhriz” kefindən arıqlamaq istəyən adamın halı deyil. Vaxt vardı bütün iqtisadiyyatımız “səhər yeməyi”, “nahar”, “şam yeməyi”, hətta “qəlyanaltı”da belə dollarla qidalanırdı. İndi məcburi pəhriz vaxtıdır.
Bu pəhrizin nə dərəcədə məcburi olduğunu son bir ildə manat kütləsinin dövriyyədə iki dəfə azalması bariz göstərir. Azərbaycanda manatla geniş pul kütləsinin ÜDM-də həcmi hazırda 15 faiz ətrafındadır. Amma bizim kimi resurslardan asılı iqtisadiyyata malik Qazaxıstanda bu göstərici 30, Rusiyada 40 faizdir. Bu fakt göstərir ki, Azərbaycan iqtisadiyyatı kəskin pul qıtlığı dövrünü yaşayır. Real sektorun potensialının son dərəcə zəif olması, yeni dəyər yaradan sahələrin həddən artıq məhdudluğu biznesi və ev təsərrüfatlarını kredit götürməyə stimullaşdırmır. Belə şəraitdə qeyri-istehlak, dəyər yaradan sahələr üçün kreditləşmə olmasa, həmçinin sərmayə qoyuluşları olmasa, pul multiplikatorunun səviyyəsi 3-dək yüksəldilməsə (indi 1,25-dir), manatın dönərli valyutalar qarşısında real dəyər qazanmasından söhbət gedə bilməz.
Manatın köklü iqtisadi amillər olmadan 3-5 qəpiklik dəyər qazanması həm də rəsmi maraqla bağlıdır. Əvvəla ona görə ki, bu, psixoloji təsir vasitəsidir – insanlara demək istəyirlər ki, əlinizə düşən və qısa müddətdə cari istehlaka xərcləyəcəyiniz manatı dollara çevirməyin. Yoxsa bu gün alıb üç gün sonra uduzacaqsınız. Amma bir fakt var ki, əhalinin gündəlik aldığı valyuta kütləsinin bazara ciddi təsiri yoxdur. İkincisi, mübadilə məntəqələri qadağan olunandan sonra valyuta ticarəti çox kiçik qrupun əlində cəmlənib. Məzənnənin kəskin enib-qalxması ilə insanlar itirir, banklar isə qazanır. Baxın, bu günlər 1 manat 50-52 qəpiyə alınan dolları, üç-beş gündən sonra 1 manat 65-70 qəpiyə satacaqlar.
Bir faktı isə heç nəzərdən qaçırmayaq: dövlət büdcəsinin valyuta gəlirləri və Dövlət Neft Fondunun büdcəsinin mədaxili 1 dollar=1,55 manat məzənnəsi ilə proqnoz edilib. Hökumət üçün minimum vəzifə bu məzənnəni il boyu qorumaqdır. Əks halda (neftin indiki qiymətinin ilin sonunacan qalacağı təqdirdə) manatla büdcə öhdəliyini icra etmək üçün Dövlət Neft Fondu əlavə ehtiyatlar gətirməyə ehtiyac duyacaq. 1 dollar=1,55 manat məzənnəsi ilə qurumun illik büdcə gəlirlərinin icrası üçün 6,8 milyard dollar lazımdırsa, 1 dollar=1,45 manat məzənnəsi ilə 7,345 milyard dollar gərəkdir. Bir sözlə, dolların manat qarşısında 2016-cı ilə proqnozlaşdırılan məzənnə ilə müqayisədə 10 qəpik ucuzlaşması hökumət üçün 545 milyon dollar ehtiyat əritmək deməkdir. Ona görə ən azından Mərkəzi Bank valyuta ilə büdcə gəlirlərinin mədaxil edildiyi günlər məzənnənin 1,55-dən aşağı olmamasına çalışacaq. Çünki büdcə qanunvericiliyinə görə, büdcənin xarici valyutada mədaxili Mərkəzi Bankın həmin günə olan məzənnəsi ilə daxil edilir.