SSRİ-nin saxlanması haqda referendum indi keçirilsəydi, rusiyalıların 64%-i o dövlətin qalmasına səs verərdi. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin keçirdiyi sorğunun nəticələri belə göstərir.
Novator.az xəbər verir ki, Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi sorğunu bu il martın 5-6-da Rusiya Federasiyasının 46 subyektində (vilayət, diyar və respublikalarında), 130 yaşayış məntəqəsində aparıb. Sorğuda ümumilikdə 1600 nəfər iştirak edib.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzi bəyan edir ki, sorğuda SSRİ-nin saxlanmasının lehinə olanların əksəri (81%-i) hazırkı Rusiya Kommunist Partiyasının tərəfdarlarıdır. 18-24 yaş arasında olan respondentlərin 47%-i, yaşı 60-ı keçən respondentlərin isə 76%-i bildirib ki, referendum indi keçirilsəydi, onlar SSRİ-nin saxlanmasının lehinə səs verərdilər.
SSRİ-nin saxlanması haqda referendum 25 il qabaq, 1991-ci il martın 17-də olub. O vaxt SSRİ Mərkəzi Referendum Komissiyasının yaydığı rəsmi məlumata görə, səsvermədə iştirak edənlərin 76%-i SSRİ-nin saxlanmasının lehinə səs verib. Bununla belə, həmin ilin dekabrında SSRİ dağılıb.
Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin sorğusunda iştirak edənlərin 27%-i SSRİ-nin dağılmasına görə bu dövlətin sonuncu rəhbəri Mixail Qorbaçovu, 17%-i həm də onun komandasını, bütövlükdə ölkə rəhbərliyini günahkar sayır.
Sorğu iştirakçılarının 13%-i SSRİ-nin dağılmasına görə Rusiya Federasiyasının ilk prezidenti Boris Yeltsini və onun tərəfdarlarını da günahkar bilir.
Respondentlərin yalnız 2%-i hesab edir ki, ABŞ və başqa Qərb dövlətlərinin bu işdə təsiri olub. 1%-i isə ümumiyyətlə heç kimi günahkar saymır. Sorğu iştirakçılarının 40%-i “SSRİ-nin dağılmasına görə günahkar kimdir” sualına cavab verməyə çətinlik çəkib.
1922-ci ildə yaradılmış SSRİ-yə dağıldığı 1991-ci ilə qədər 15 respublika daxil olub: Estoniya, Latviya, Litva, Moldova, Belarus, Ukrayna, Rusiya, Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan.