Sökülən evin əvəzində pul ödənməsi qadağan olunmalıdır
Ölkədə korrupsiya əleyhinə mübarizə dövlət təhlükəsizliyi məsələsinə çevrilib. Bu mənfi halların qarşısını almaqdan ötrü “Elektron hökumət”, “ASAN xidmət” və şəffaflığı artıran digər institusional tədbirlər həyata keçirilir. Lakin dövlət başçısının da çıxışlarında vurğuladığı kimi, bütün vətəndaşların, ictimaiyyətin fəal köməyi olmadan bu bəlanın kökünü kəsmək çox çətindir.
Bir jurnalist olaraq və korrupsiya ilə bağlı prosesləri müşahidə edərək vacib bir sahəyə diqqəti cəlb etmək istəyirəm. Məlumdur ki, Bakıda müəyyən tikinti və söküntü işləri aparılır və bu zaman vətəndaşların hüquqları əksər halda təhdid, zərbə altına salınır. Araşdırmalar göstərir ki, bu halları bir qayda olaraq “bulanıq suda balıq tutmaq” istəyən dələduz-mafioz dəstələri törədir. Bu möhtəkir və dəllalların ucbatından isə cəmiyyətdə narazılıq yaranır, dövlətə inam sarsıdılır və araqarışdıran qüvvələrə meydan açılır.
Korrupsiya mənbəyi olan bu sahəni təmizləməyin ən məqbul yolu qanunvericiliklə tənzimləmədir. Qanun aktının tələbləri:
- istənilən tikinti barədə informasiya (binanın eskizi və təyinatı haqda) ən azı 3 ay əvvəldən KİV-də ictimaiyyətə təqdim edilməli;
- tikintinin sifarişçisinin və podratçı şirkətin kimliyi bilinməli;
- evi sökülməyə məruz qalan vətəndaşa tikiləcək binada icbari olaraq: ən azı 2 otaqlı mənzil; sökülən evin sahəsi 80 kvadratmetrdən artıqdırsa, 3 otaqlı, 100 kvadratmetrdən metrdən artıqdırsa, 4 otaqlı mənzil verilməsi təsbit olunmalıdır;
- sökülən mənzilin əvəzinin pulla ödənilməsi qadağan edilməlidir. (Bu, möhtəkirliyə son qoyar. Kim istəsə aldığı mənzili özü sonra satıb pula çevirə bilər. Bundan əlavə, pulun dəyəri dəyişkəndir, 2 il əvvəl 1500 manat 1800 dollara bərabər idi, indi cəmi 900 dollara bərabərdir).
Söküntü dövlət layihələri çərçivəsində aparılarsa, əvvəlcədən həmin rayonun sərhədləri daxilində yaşayış binası inşa edilərək köçürülən vətəndaşlara paylanmalıdır (yuxarıdakı normativlər nəzərə alınmaqla). Bu halda dövlət də qazana bilər. Azərbaycanda tikilən evin bir kvadratmetri 400-450 manata başa gəlir (ən keyfiyyətli materiallar işlənsə belə). Deməli, hər kvadratmetr üçün 1500 manat ödəmək lazım gəlməz; əksinə, dövlət xeyli qənaət etmiş olar (iki-üç dəfə!). İnşaat sənayesi genişlənər, iş yerləri daha da artar və s.
Azərbaycanda dövlət vətəndaşa qayğı göstərir: yüz minlərlə qaçqın-köçkünə, şəhid ailələrinə, əlillərə, yetimlərə, Kür çayı daşqınından və Zaqatalada zəlzələdən ziyan çəkənlərə, jurnalistlərə və başqa kateqoriyadan olan insanlara ev tikib pulsuz hədiyyə edir. Lakin “söküntü fəlakəti” qurbanlarına məmləkətimizdə heç bir sayğı-qayğı yoxdur. Onları da hansısa “məzlumlar ” kateqoriyasına salmaq ədalətli olmazmı?
Yuxarıda qeyd olunan təkliflər Milli Məclisdə qanuna çevrilsə, neçə ildir cəmiyyətdə ciddi gərginlik və narazılığa səbəb olan söküntü problemi tam və birdəfəlik aradan götürülər. Yetər ki, dövlətin mənafeyini qorumağa istək olsun.
İsmayıl Vəliyev