Martın 20-dən 28-dək Azərbaycanda Novruz bayramı qeyd olunacaq. Bayram ərəfəsində siyasi məhbus kimi tanınan şəxslərin əfv sərəncamı ilə azadlığa buraxılmasının mümkünlüyü haqda çox danışılır.
Əfv Məsələləri Komissiyası iclaslarını başa vuraraq dövlət başçısı İlham Əliyevə tövsiyə xarakterli siyahı göndərib. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrlik etdiyi Əfv Məsələləri Komissiyasının üzvləri Ramil Usubov (daxili işlər naziri), Fikrət Məmmədov (ədliyyə naziri), Əbülfəs Qarayev (mədəniyyət və turizm naziri), Mədət Quliyev (Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi), Fuad Ələsgərov (Prezident Administrasiyasının şöbə müdiri), Allahşükür Paşazadə (Qafqaz Müsəlmanları İdarəsinin sədri), Əhliman Əmiraslanov, Bəxtiyar Əliyev, Azay Quliyev, Səttar Möhbalıyev, Elmira Axundova, Məlahət İbrahimqızı (Milli Məclisin deputatları), Aynur Sofiyeva (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini), Rəşad Məcid (Yazıçılar Birliyinin katibi), Əliməmməd Nuriyev (“Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri), Mehdi Mehdiyev (Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri), Cəmilə Ramazanovadır (Azərbaycan Respublikasının əməkdar müəllimi).
Əfv Komissiyası bəzi yerli və beynəlxalq hüquq müdafiə qurumlarının siyasi məhbus kimi tanıdığı şəxslərin işinə baxıbmı? Transparency.az-ın sualını cavablandıran komissiya üzvü Əliməmməd Nuriyev deyib ki, 4 iclasda əfv üçün prezidentə müraciət edən 400-dən çox şəxsin işi müzakirə olunub: “Hər bir şəxsin məsələsinə ayrıca, fərdi şəkildə baxılıb. Amma bu müzakirələr məxfidir, kimin işinin necə müzakirə edildiyini açıqlamaq doğru deyil. Çünki məsələ bizim iclaslarla bitmir. Komissiyada sadəcə müraciətlər əsasında tövsiyə xarakterli qərar qəbul edilib prezidentə təqdim olunur. Əfv etmək isə dövlət başçısının müstəsna səlahiyyətidir”.
Problemli məhbusların işi üzrə işçi qrupa gəlincə, dövlət nümayəndələri və hüquq müdafiəçilərinin daxil olduğu qurum müzakirələr apararaq Əfv Məsələləri Komissiyasına 22 nəfərlik siyahı təqdim edib. Söhbət kimlərdən gedir? Qrupun üzvü, hüquq müdafiəçisi Səidə Qocamanlı Transparency.az-ın bu sualını cavabsız qoyub.
Azərbaycanın bəzi hüquq müdafiəçilərinin hazırladığı siyasi məhbus siyahısında 93 nəfərin adı var. Siyahıda məhbuslar 7 bölümdə qruplaşdırılıb: jurnalistlər və bloqçular, hüquq müdafiəçiləri, gənc fəallar, müxalif siyasətçilər, inanclı fəallar, ömürlüklər, digər işlər.
Siyahının jurnalistlər və bloqçular bölümündə 13 nəfərin adı yer alır: Əbdül Əbilov, Nicat Əliyev, Pərviz Həşimli, Xədicə İsmayıl, Seymur Həzi, Araz Quliyev, Tofiq Həsənov, Fərəc Kərimov, Hilal Məmmədov, Ömər Məmmədov, Rauf Mirqədirov, Rəşad Ramazanov, Tofiq Yaqublu.
Hüquq müdafiəçilərindən 5 nəfər həbsdədir: Anar Məmmədli, Əliabbas Rüstəmov, Rəsul Cəfərov, İntiqam Əliyev, Taleh Xasməmmədov.
Siyahıya görə, 4 gənc fəal siyasi məhbus sayılır: Rəşadət Axundov, Məmməd Əzizov, Rəşad Həsənov, İlkin Rüstəmzadə.
Müxalif siyasətçilərdən 9 nəfərin adı siyasi məhbus siyahısına salınıb: İlqar Məmmədov, Yadigar Sadıqov, Fuad Qəhrəmanlı, Məmməd İbrahim, Asif Yusifov, Qadir Xudabaxşıyev, Elvin Abdullayev, Zeynalabdin Bağırzadə, Nazim Mahmudov.
İnanclı fəallar bölümündə 43 məhbusun adı yer alır. Onların arasında İslam Partiyasının lideri Mövsüm Səmədov, ilahiyyatçı Abgül Süleymanov da var.
Ömürlüklər bölümündə keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinə görə məhkum olunmuş 3 nəfərin adı yer alır: Elçin Əmiraslanov, Arif Kazımov, Səfa Poladov.
Digər işlər bölümünə gəlincə, siyahıda 2013-cü ilin yanvarında İsmayıllıda baş vermiş hadisələrə görə tutulmuş Vasif İbrahimovun, keçmiş dövlət məmurları Əli İnsanovun, Nicat Quliyevin, Akif Muradverdiyevin, Asif Lətifovun, Nemət Pənahlının adları var. Bu bölümə siyasi girovlar başlığı altında Sirac Kərimlinin, Elnur Seyidovun, Murad Adilovun, Rüfət və Rövşən Zahidovların adları da salınıb.