Dövlət büdcəsində yeniliklər prezidentin imzası ilə rəsmiləşdi
Prezident İlham Əliyev 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklər qanununu imzalayıb. Qanunun qüvvəyə minməsi ilə əlaqədar fərman da verilib.
Dövlət büdcəsində yeniliyə görə, icmal büdcənin gəlirləri 15 milyard 738,6 milyon manat nəzərdə tutulur, bu da əvvəl təsdiq edilmiş büdcəyə nisbətən 981,5 milyon manat və ya 5,9 faiz azdır. Azalma əsasən bir barrel xam neftin qiymətinin əvvəlki proqnozla müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230,3 milyon manat düşməsi hesabınadır.
Dövlət və icmal büdcələrin hesablanması zamanı xam neftin satış qiyməti bir barrel üçün 25 ABŞ dolları götürülür. 2016-cı il üçün dövlət büdcəsinin gəlirləri 16 milyard 822 milyon manat proqnozlaşdırılır.
2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 10 milyon manat daxilolma proqnozlaşdırılır (41,7 faiz). Dövlət büdcəsi gəlirlərinin 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Gömrük Komitəsinin xətti ilə daxilolmaların payına düşəcək. Gəlirlərin 45,3 faizi Dövlət Neft Fondunun transferti hesabına formalaşacaq.
Yenilənmiş dövlət büdcəsində xərclər 18 milyard 459 milyon manatdır. Kəsirin yuxarı həddi 1 milyard 673 milyon manat hesablanıb.
Transparency.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsində dəyişikliklər də prezidentin imzası ilə təsdiqlənərək qüvvəyə minib. Fondun gəlir və xərcləri 3 milyard 307,4 milyon manat proqnozlaşdırılır, bu da əvvəlki proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Artımın 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar (transfert) hesabına təmin ediləcək.
2016-cı il üçün yeni büdcədə əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur. Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136,1 milyon manat olmaqla 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. Xərc artımında yaşa görə əmək pensiyasının baza hissəsinin 110 manat təyin edilməsi ilə bağlı olaraq bütün növ əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınıb.
Yeni büdcədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlərin bütün növləri üzrə də artım nəzərdə tutulub. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla 17,5 faiz və ya 15,3 milyon manat artımla nəzərdə tutulub.