Nəyin xatirə olacağını heç vaxt bilmək mümkün deyil. Birdən bir adamla yaddaqalan gəzintiyə çıxırsan, ya dostlarınla gözəl bir məclisə toplaşırsan, üstündən illər ötür, baxıb görürsən o gəzintidən, o məclisdən yadında elə anlar qalıb ki, gəzintini, məclisi həmin anlara görə xatırlayacağını heç ağlına da gətirməzdin. Məsələn, yanından bir uşaq diqqətlə sənə baxa-baxa keçib, sən də ona baxmısan, bütün gəzintidən də yadında qalan əsas hadisə bu olub. Yaxud məclisin axırında dostlarla sağollaşanda kimsə səni uzaqdan çağırıb, sən də qayıdıb ona əl eləmisən, bütün məclisdən yadında qalan da əsas bu olub. O gəzintidə, o məclisdə olanda heç vaxt düşünməzdin ki, bu gün sənin yadında xırda, əhəmiyyətsiz bir detalla qalacaq.
Birdən bir tədbir təşkil eləyirsən, deyirsən ki, beşgünlük dünyadı, qoy bir xatirə qalsın, o boyda tədbir qalır bir qıraqda, tamam əhəmiyyətsiz bir an, məsələn, güzgüyə baxıb qalstukunu düzəltdiyin an – xatirəyə çevrilir. İllər keçir, sən o tədbirdən heç nəyi yox, məhz qalstukunu düzəltdiyin anı xatırlayırsan. İllər sonra çox sevincli, ya çox kədərli bir vaxtında, ya da çox adi bir vaxtda, tutalım, mağazada əlini uzadıb vitrindən şəkər tozunu götürəndə qəfildən həmin an – güzgüdə qalstukunu düzəltdiyin an gəlib durur gözünün qabağında və səndə qəribə duyğular oyadır.
Nəyin xatirə olacağını heç vaxt bilmək mümkün deyil. Heç vaxt bilə bilməzsən ki, bu adamı, hətta atanı, ananı, bacı-qardaşını hansı hadisəylə xatırlayacaqsan, onları xatırlayanda hansı hadisə gəlib gözünün qabağında duracaq. Bəlkə elə hadisə yadına düşəcək ki, özün də məəttəl qalacaqsan, sənə doğma olan, illər uzunu yanında olduğun, minlərlə, hətta milyonlarla hadisəylə sənə bağlı olan adamı bu cür hadisəylə xatırlamağın, ondan sənə vur-tut bir neçə xatirənin, özü də çoxu təsadüfi, epizodik anların qalması sənə çox təəccüblü görünəcək.
Bax, bu dəqiqə gözünü yumub ən yaxın adamını nəylə xatırlaya bildiyini təsəvvür eləməyə çalışsan, xatirələrinin kasadlığından və yada saldığın anların bir çoxunun vaxtilə əhəmiyyət vermədiyin anlar olmasından dəhşətə gələcəksən. Bir yerdə çox olduğumuz adamlardan bizə çox az xatirə qalır. Ancaq bu o demək deyil ki, yada sala bilmədiyin hadisələr itib gedib. Yox, o hadisələri xatırlaya bilməsən də, onların izi sənin duyğularında, düşüncələrindədi, yəni hadisənin şəklini dirildə bilməsən də, ruhu diridi, havası yaşayır, məzmunu itməyib.
Çox əhəmiyyətsiz bir detal bəzən simvol rolunu, açar rolunu oynayır, gəzintinin, məclisin özü yada düşməsə də onun havası, ruhu, sevinci, kədəri həmin detalın içinə yığışmış olur. Ona görə də insan keçmişdə baş vermiş adi bir hadisəni, tutalım, çevrilib kiməsə əl eləməsini, yaxud bir uşağın ona tərəf baxmasını, güzgüdə qalstukunu düzəltməsini xatırlayanda bəzən olduqca dərin mənalar yaşayır, çox böyük hisslər keçirir, dünyalarca sevinc, kədər duyur, ilahi həqiqətlərə yaxınlaşır.
Birdən də elə olur ki, heç vaxt yadına düşməyən hadisə yadına düşür, sən elə bilirdin onu tamam yaddan çıxarmısan, sən hətta onun baş verdiyini də unutmuşdun… Demə, xırdalıqlarınacan yaddaşında yaşayırmış. Elə ola bilər ki, təkcə uşağın yanından ötüb keçməsini yox, qəfildən bütün gəzintini xatırlayarsan, məclisin sən çevrilib əl elədiyin sonluğuna qədərki hissələri də yadına düşə bilər, qalstuku düzəldiyin anın əvvəli, axırı da gəlib gözünün qabağında canlana bilər.
Bəlkə də bütün həyatımız yadımızdadı, amma bizim bundan xəbərimiz yoxdu. Gör bir gündə nələr baş verir, nə qədər söz-söhbətin, irili-xırdalı neçə hadisənin şahidi, iştirakçısı oluruq, nə qədər hiss keçiririk, başımızda neçə fikir dolaşır, nə cür yuxular görürük, bəlkə də bunların hamısı baş verdiyi bütün ardıcıllığıyla, əvvəldən axıra kimi yaddaşımızdadı, hərçənd mən buna o qədər də inanmıram. Amma ola da bilər, nə bilmək olar.
Yaddaşımızın dərinliyində istər hər şey, istərsə də baş verənlərin bir qismi hifz olunsun, hər halda biz onun çox az bir hissəsini xatırlayırıq, hətta yaddaşımızda olduğunu bildiyimizin də çox az qismini yada salırıq, üstəlik, yada salanda da bəzən dumanlı, ümumən, üstəlik də gec-gec xatırlayırıq.
Ancaq insanın bu cür yaranması təsadüfi deyil, bunun mənası var. Əgər hər şeyi həmişə və bütün xırdalıqlarınacan yada salmaq insan üçün vacib olsaydı, onda Tanrı insanı hər şeyi həmişə bütün xırdalıqlarınacan yada salan bir varlıq kimi yaradardı. Allah insanı ona görə keçmişi hərdən, dumanlı, bəzi hadisələrlə yada salan varlıq kimi yaradıb ki, bu, insana kifayət eləyir, yəni insanın əxlaqlı, vicdanlı, ləyaqətli, mərhəmətli, mərd, canıyanan bir varlıq olması üçün yaddaşın, daha dəqiqi, yadasalmanın indiki forması bəs eləyir. Bu dünyada bu cür yaddaşla yüksək varlıq olmaq mümkündü, ona görə də Yaradan bu dünya üçün başqa yaddaşa ehtiyac görməyib.
Bu dünyada insan əgər hər şeyi yadda saxlayırsa da, yenə də heç vaxt hər şeyi yada sala bilmir. İnsan nəyi yadda saxladığından, nəyi unutduğundan, nəyi yadda saxlayıb, nəyi unudacağından xəbərsizdi, ona görə də insan nəyin ondan ötrü xatirə olacağını müəyyənləşdirə, proqnozlaşdıra bilməz.
Xatirə olacağını düşündüyümüz elə hadisələr yerli-dibli yaddan çıxıb ki…
Xatirə olduğunu unamadığımız elə hadisələr xatirəyə çevrilir ki…
Bir uşaq sənə baxa-baxa ötüb keçir. Min dəfə olmuş hadisədi. Bir dəfə də olur. Bir neçə saniyə… və bir ömürlük xatirəyə çevrilir.
Bir yığın dostla saatlarla yeyib-içirsən, deyib-gülürsən və bu boyda məclisdən hər şey yaddan çıxıb gedir, bir əl eləməyin yadda qalır.
Niyə hər gün baxdığın güzgüyə bir dəfə baxmağın xatirə olur – Allah bilir.
Nəyin xatirə olacağını heç kim bilmir. Və bu çox yaxşıdı. Çünki özümüz qərar versəydik ki, qoy bu hadisə xatirə olsun, o hadisə yox, onda yalnız əlamətdar hadisələri xatirəyə çevirərdik, adi hadisələr xatirəyə çevrilmək imkanından məhrum olardı. Onda biz xatırlanmağa layiq olan çox epizodu itirərdik. Bəlkə də kimsə dünyadan köçmüş bir doğmasını daha çox onun şirin bir baxışıyla xatırlayır, təsadüfi, ötəri bir baxış, həmin vaxt elə bilərdin oldu keçdi, amma indi ürəyinə istilik gətirən, yoluna işıq saçan, ölümə meydan oxuyan bir baxış.
Başqalarından bizə nə qalıb, nə qalır? Bizdən başqalarına nə qalacaq?..
Mənim doğma şəhərimin, Bakımın, mənə ən doğma olan küçələrindən biriylə – “Tarqovı”yla üzü yuxarı, Nəsiminin heykəlindən Fəvvarələr bağına tərəf gedirəm, o yandan Elmar Hüseynov gəlir. Mən onu üzdən, daha doğrusu, şəklindən tanıyıram, bəlkə o da məni üzdən tanıyır, bilmirəm, amma çox güman ki, tanımır. Beləcə bir-birimizin yanından sakitcə, salam-kəlamsız ötüb keçirik, burda yadda qalası, yadda saxlanası heç nə yoxdu, mən bu küçədən min dəfə keçmişəm, mən burda min dəfə tanıdığım, tanımadığım, üzdən tanış gələn adam görmüşəm, bu da həmin anlardan biridi, amma üstündən bir ilmi, iki ilmi, üç il, dörd ilmi keçəcək, onacan mən Elmarı bir-iki dəfə də görəcəm, bir dəfə bir az söhbətləşəcəyik də, sonra onu elə bu şəhərdə, dünyada mənə ən əziz şəhərdə, yaşadığı evin blokunda güllələyib öldürəcəklər, mən onun yeddi güllə dəymiş, qapısının ağzında yıxılıb qalmış meyitini də görəcəm, üstündən aylar, illər ötəcək, Elmar deyəndə, jurnalist Elmar Hüseynov deyəndə mənim gözümün qabağında ən birinci “Tarqovı”dan keçən Elmar canlanacaq.
Mənim “Tarqovı”yla bağlı çox möhkəm, olduqca dərin xatirələrim var, bəlkə bu mənim Elmarla bağlı xatirəmə də təsir göstərib, onu yaddaşıma daha çox “Tarqovı”dan keçməsiylə hopdurub – bilmirəm. Ancaq onu dəqiq bilirəm ki, Elmarla bir-birimizin yanından keçib getməyimiz indi mənim həm Elmarla, həm də “Tarqovı”yla bağlı olan ən möhkəm, ən dərin xatirələrimdən biridi. Heç vaxt ağlıma gəlməzdi ki, belə bir gur küçədə bu cür təsadüfi, salam-kəlamsız, lal-kar rastlaşma xatirəyə çevrilə bilər, özü də bu qədər möhkəm, dərin xatirəyə. Özü də elə bir adamla bağlı ki, sənin onunla başqa görüşün, söhbətin də olub, sən onun qanlı meyitini də görmüsən.
Ancaq nə yaxşı ki, mənim Elmarla bağlı əsas xatirəm işıqlı və canlıdı. Nə yaxşı ki, mən onu daha çox “Tarqovı”da üz-üzə gəldiyimiz anda təsəvvür eləyirəm. Elmarın öldürüldüyü vaxtdan illər keçdikcə mən xatirəmin daha işıqlı epizod üstündə cəmləndiyinə sevinirəm. Bu mənə Elmarı xatırlamağa, Elmardan yazmağa kömək eləyir. Bu, Elmarı mənə bir az da doğmalaşdırır. Bu, gördüyüm qanlı meyitin bir vaxt doğrudan da canlı insan olduğunu dərk eləməkdə, bu həqiqəti unutmamaqda mənə yardım göstərir.
Nəyin xatirəyə çevriləcəyini heç kim bilmir. Heç kim bilmir nə xatirə olacaq.
Sən bilirsən dünyanı necə yaratmısan. Dünyanı belə yaratdığına görə sənə minnətdaram, İlahi! Elmarı hifz elə!
Azər Qaraçənli
14 fevral 2011-ci il