Xəzərdəki “Günəşli” yatağında baş vermiş qəza zamanı itkin düşən neftçilərin ailə üzviləri və yaxınları fevralın 11-də Prezident Administrasiyası önündə toplaşıblar.
“Günəşli” yatağında qəza ötən il dekabrın 4-də baş verib. Həmin gün özüldə sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və şiddətli yanğın olub. Həmin vaxt platformanın özülündə 60-dan çox adam olub, onlardan 34-ü xilas edilib, 30 nəfər itkin düşüb. İndiyədək 12 nəfərin meyiti tapılıb.
“Azadlıq” radiosunun məlumatına görə, fevralın 11-də Prezident Administrasiyası önündə toplaşan şəxslər axtarışların aparılması vəziyyətindən narahat olduqlarını söyləyiblər. Onların fikrincə, axtarış getmir, belə axtarışla hansısa nəticəyə nail olmaq mümkün deyil.
Ailələrdən birinin nümayəndəsi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayevin onları qəbul etmədiyini bildirib: “Sorğularımıza cavab ala bilmirik, ona görə də ümidimiz dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb”.
Şikayətçilər axtarışların sürətləndirilməsini, itkin düşən neftçilərin meyitlərinin tezliklə tapılmasını istədiklərini bildiriblər. İtkin düşən neftçilərin ailələrinin məqsədi Prezident Administrasiyasında məsullarla görüşmək və axtarış sahəsində irəliləyişə nail olmaqdır.
Prezident Administrasiyasından şikayətçilərə deyiblər ki, getsinlər Dövlət Neft Şirkətinə, orada şirkətin prezidenti Rövnəq Abdullayev onları qəbul edəcək. Neftçi ailələrinin təmsilçiləri Rövnəq Abdullayevlə görüşmək üçün şirkətin binasına gediblər. Ancaq onları qurumun vitse-prezidenti Xalıq Məmmədov qəbul edib. Üstəlik, mətbuat nümayəndələrinin görüşdə iştirakına icazə verilməyib. İtkin düşən neftçilərdən birinin yaxını Esmira Əhmədova “Azadlıq” radiosuna bildirib ki, şikayətçilər onları Rövnəq Abdullayevin yox, Xaliq Məmmədovun qəbul etdiyini görəndə görüşdən imtina ediblər: “Hər dəfə Xaliq Məmmədovla görüşürük, nəticə yoxdur. Prezident Administrasiyasından bizə deyilmişdi ki, bizi Rövnəq Abdullayev qəbul edəcək”.