Bakı Ağır Cinayətlər Məhkəməsi jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərin mühakiməsini davam etdirir. Zərərçəkmiş tərəfin vəkili Əsabəli Mustafayev fevralın 9-da keçirilən prosesdə deyib ki, tibbi ekspertizanın rəyində ziddiyyət var. O, səhiyyə naziri Oqtay Şirəliyevin məhkəməyə dəvət olunmasını istəyib. Hakimlər vəsatəti təmin etməyib.
APA-nın məlumatına görə, təqsirləndirilən Camal Məmmədovun vəkili Şəmsəddin Quliyev həkimlərin və əlavə şahidlərin məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Bu vəsatət də keçməyib. İlkin ekspertizanı keçirən Hadi Hüseynov və komisyon ekspertizanı keçirən Ziyafəddin Məmmədovun prosesə çağırılıb dindirilməsi barədə vəsatət isə təmin olunub.
Proses fevralın 16-da davam etdiriləcək.
ANN.TV-nin reportyoru olmuş Rasim Əliyevi ötən il avqustun 8-də bir qrup şəxs döyüb. Jurnalist bir gün sonra xəstəxanada keçinib. Hadisə ilə bağlı “Qəbələ” klubunun futbolçusu Cavid Hüseynov, onun bibisi oğlu və daha 4 nəfər həbs olunub.
Bakı Şəhər Prokurorluğunda aparılan istintaq müəyyən edib ki, Cavid Hüseynov avqustun 6-da “Qəbələ” klubunun heyətində Kiprin “Apollon” klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov da Rasim Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə Elşən İsmayılov Rasim Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-i saat 16 radələrində Bayıl qəsəbəsində “Bayıl market” mağazasının qarşısında onunla görüşüb. Onlar Rasim Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib hadisə yerindən qaçıblar. Təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq Rasim Əliyevin həyatını xilas etmək mümkün olmayıb və o, avqustun 9-u saat 5 radələrində orada vəfat edib.
Kənan Mədətov, Camal Məmmədov, Samir Mustafayev, Elşən İsmayılov, Arif Əliyev zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilirlər. Rasim Əliyevə məxsus mobil telefonun oğurlanaraq sındırılması epizoduna görə Arif Əliyevə və Elşən İsmayılova oğurluq ittihamı da irəli sürülüb.
Cavid Hüseynov Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin törədilməsi və hazırlanmasını bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilir. Onun işi ayrıca icraata ayrılıb.