Həbsdə olan hüquq müdafiəçisi İntiqam Əliyev Avropa Vəkillər Birliyinin (CCBE) ali insan haqları mükafatına layiq görülüb.
Fevralın 4-də birliyin daimi komitəsinin Vyanada keçirilən 124-cü fövqəladə plenumunda mükafat İntiqam Əliyevin oğlu Nəcmin Kamilə təqdim olunub.
Təqdimat mərasimində Nəcmin Kamil atasının həbsxanadan göndərdiyi çıxışın mətnini oxuyub.
Çıxışın mətnində İntiqam Əliyev bildirib: “Dəyərli dostlar! Yüksək etimada, bu xoş hissləri mənə və yaxınlarıma yaşatdığınıza görə namizədliyimi irəli sürənlərə və dəstəkləyənlərə təşəkkürümü çatdırıram. 21-ci əsrdə hələ də elə ölkələr qalmaqdadır ki, orada insan haqları ziyanlı, bu fəaliyyətlə məşğul olan insanlar təhlükəli sayılırlar, onları təqib edirlər, öldürürlər, həbsə atırlar. Təəssüf ki, mənim ölkəmdə də bu durum ağır olaraq qalır.
Bu anlarda ölkəmdə əqidələrinə görə həbsə atılmış onlarla dostlarımı – jurnalistləri, gənc fəalları, siyasiləri, hüquq müdafiəçilərini qürur hissi ilə xatırlayıram.
Bu mükafatda adımı hansısa mənada simvolik sayıram: bunu həm həbsdə olan dostlarıma, həm də çox ağır duruma baxmayaraq fəaliyyətini davam etdirən vətəndaş cəmiyyətinin fəaliyyətinə verilən qiymət və dəstək kimi qiymətləndirirəm. Mən bu xoş anlarda həmçinin peşə fəaliyyətlərini həyata keçirdiklərinə görə dünyanın müxtəlif guşələrində həbsə atılmış həmkarlarımı xatırlayıram.
Bəzi ölkələrdə vəkillik riskli peşələrdən birinə çevrilib. Mənim ölkəmdə də həyatlarını, azadlıqlarını risk altına alaraq, son illərin ağır siyasi məhbus yükünü öz çiyinlərinə götürmüş vəkillər var, onlar əsl qəhrəmandırlar. Bu mükafatda onların da payı var.
Həbs olunandan sonra dostlarımdan birindən dəstək məktubu almışdım. Məktub bir fikirlə bitir: “Bizim sevgimiz onların nifrətindən güclüdür”. Az sonra onun özünü də həbs etdilər. Bu şəxs təkcə Azərbaycanda yox, onun hüdudlarından çox-çox uzaqlarda söz azadlığının, igidliyin simvoluna çevrilmiş jurnalist Xədicə İsmayılovadır. Sərt senzuraya baxmayaraq, Xədicədən, həbsdə olan digər dostlarımdan, həmçinin azadlıqda olan çoxsaylı dostlarımdan, tanıdığım və tanımadığım insanlardan sevgi dolu məktublar almaqdayam və onlara eyni məzmunlu cavablar yazmaqda davam edirəm: “Möhkəm olun, dostlar. Bizim sevgimiz onların nifrətindən güclüdür! Çünki bizim söykəndiyimiz dəyərlər sülh, demokratiya və insan haqlarıdır, onların dəyərləri isə hakimiyyət hərisliyi və zorakılıqdır. Bir daha əməyimə verilən bu yüksək dəyərə görə CCBE təşkilatına ən dərin minnətdarlığımı və ehtiramımı çatdırıram”.
İntiqam Əliyev 2014-cü il avqustun 8-dən həbsdədir. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, qanunsuz sahibkarlıq, mənimsəmədə təqsirli bilinərək 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi İntiqam Əliyevin şikayətini təmin etməyib, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlayıb.
İntiqam Əliyev Bakıdakı 6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.
“Amnesty İnternational” təşkilatı İntiqam Əliyevi vicdan məhbusu elan edib.
Avropa Vəkillər Birliyi öz sıralarında 32 Avropa ölkəsindən 1 milyon hüquqşünası birləşdirir.