“Texnikabank” ASC-nin bank lisenziyası ləğv edilib. Qərarı Mərkəzi Bankın İdarə Heyəti fevralın 1-də çıxarıb. Rəsmi məlumata əsasən, “Texnikabank” məcmu kapitalın minimum məbləği tələbinə əməl etməyib, onun məcmu kapitalının adekvatlıq əmsalı 3 faizdən az olub, ASC kreditorları qarşısında öhdəliklərini icra edə bilməyib, cari fəaliyyətini etibarlı və prudensial qaydada qurmayıb.
Fevralın 2-dən banka müvəqqəti inzibatçı təyin edilib. Mərkəzi Bank bildirir ki, Əmanətlərin Sığortalanması Fondu “Texnikabank” ASC-də əhalinin qorunan əmanətləri üzrə kompensasiyaların ödənişini həyata keçirəcək.
Transparency.az-ın məlumatına görə, “Texnikabank” ASC 1994-cü ildə fəaliyyətə başlayıb, ASC-nin ilk adı “Rəşadbank” olub.
2016-cı ildə Mərkəzi Bank daha 6 bankın lisenziyasını ləğv edib: “Bank of Azerbaijan”, “Gəncəbank”, “Yunayted Kredit Bank”, “NBCBank”, “Atrabank” və Qafqaz İnkişaf Bankı.