2016-cı il üçün İqtisadi Azadlıq İndeksi açıqlanıb. İndeksi “Wall Street Journal” qəzeti və “Heritage” Fondu birgə hazırlayıb.
Transparency.az xəbər verir ki, İqtisadi Azadlıq İndeksi 178 ölkəni əhatə edir. Azərbaycan bu siyahıda 91-ci yerdədir və qismən azad ölkə sayılır.
İqtisadi cəhətdən ən azad ölkələr siyahısında 5 ölkənin adı yer alır. 1-ci yerdə Honkonq, 2-ci yerdə Sinqapur, 3-cü yerdə Yeni Zelandiya, 4-cü yerdə İsveçrə, 5-ci yerdə Avstraliya gəlir.
Əsasən azad ölkələr qrupunda keçmiş SSRİ məkanından Estoniya (ümumi sıralamada 9-cu), Litva (13), Gürcüstan (23) və Latviya (36), digər dövlətlərdən Böyük Britaniya (10), ABŞ (11), Almaniya (17), Yaponiya (22) var.
Qismən azad ölkələrə reytinqin tərtibçiləri keçmiş SSRİ məkanından Ermənistanı (54), Qazaxıstanı (68), Azərbaycana qonşu ölkələrdən Türkiyəni (79) daxil ediblər.
İqtisadiyyatı əsasən azad olmayan ölkələr sırasında Qırğızıstanın (96), Moldovanın (117), Tacikistanın (149), Rusiyanın (153) adlarına rast gəlmək mümkündür.
İqtisadiyyatı azad olmayan ölkələr sırasında Belarus (157), Ukrayna (162), Özbəkistan (166), İran (171), Türkmənistan (174) var.
Siyahının sonuncu pilləsi olan 178-ci yerdə Şimali Koreya dayanır.