“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif • Mahnılar • Almatıya məktub • Güllələr, toylar, şəkillər • Sərçələr qaldı • Sevgilər • Yol üstündə
Hikmət Sabiroğlu
O axşamkı yağış göz yaşımı yalan elədi. Ağlım kəsəndən yayda belə müsibət görməmişdim. Elə bil göy üzü yerə tələsirdi. Sel həyəti necə basmışdısa, sanki şüşəbənddən yox, dəryada təklənmiş gəminin gözlüyündən baxırdım.
Söhbətin Şuşadan getdiyini göydə tutdunuz yəqin. Amma ağlınıza gəlməz ki, Şuşadan, yağışdan-doludan yox, futboldan danışmaq istəyirəm.
***
Qarabağ söhbətləri boyunca futbola da toxunmuşuq. Oxuyanlar oxuyub. “Neftçi”nin oyununa baxacaqdım deyə sinif yoldaşım Reyhanın ad gününə getməməyimin peşmançılığını dilə gətirmişdim. Qonşumuz İntiqamın “Neftçi”yə görə erməninin başını yardığını yazmışdım. Demişdim, ara-sıra “Qarabağ”ın oyunlarına baxmaqçün Stepanakertə düşərdik, Tiflis və Kiyev “Dinamo”larına azarkeşlik eləyən sinif yoldaşlarım mənim “Neftçi”mi lağa qoyardılar. Erməni Vaçikin “Ararat”ın “Neftçi”yə son saniyələrdə vurduğu qola sevinib məhlə uşaqlarıyla məzələnməyi də (“Göygööl, Göygööl…”) yadınızda olar.
Futboldan bundan artıq nə danışacaqdıq Qarabağ söhbətində? Amma… Amma iş elə gətirdi ki, mən indicə təsvir etdiyim o yağışlı yay axşamını xatırlayası oldum. Bu da ayrıca futbol söhbətinə körpü saldı.
***
Futbol xəstəliyinə dördüncü sinfin əvvəllərində tutuldum. 1976-cı ilin payızında. “Neftçi” güclülər dəstəsinə adlayan vaxt.
Otuz illik futbol sevgisinin ən qaynar dövrü də elə orta məktəb illərinə düşür. Sevgilər futbol sevgisinə şərik çıxmamışdı onda, dərdin onu üstələməyinə isə lap çox qalırdı.
***
Payızda, oktyabrın-noyabrın dumanında-çiskinində yerdən durmağın gəlmir. Taxtapuşun üstündə taqqıldayan damcılardan üşüyürsən, o ki qala çölə çıxasan, sel-suya qərq ola-ola dərsə gedəsən. Yorğana bükülə-bükülə özünü hələ səhərin açılmadığına inandırmaq istəyirsən. Və birdən, elə yorğanın arasında yadına düşür ki, həftənin üçüncü günüdür, axşam futbol olacaq – Tiflisin oyunu, Kiyevin oyunu, “Spartak”ın oyunu! Dik atılırsan çarpayıdan, soyuq yaddan çıxır, heç dərs də gözünə durmur.
Çərşənbələr Avropada böyük futbol günü sayılırdı – klub turnirləri yalnız həmin gün keçirilirdi. Düzdür, biz indinin uşaqları kimi “Liverpul” – “Barselona” oyununu izləyə bilmirdik, bu oyunu yalnız yuxuda görmək olardı, amma sovet televiziyası Çempionlar kuboku, Kuboklar kuboku, UEFA kubokunda yarışan SSRİ komandalarının oyunlarından reportajlara qızırqalanmırdı. Bir gündə iki “Dinamo”nun (Tiflisin və Kiyevin!), “Spartak”ın oyununa baxmaq imkanı. Özü də kimlərlə oyununa – ispan, ingilis, italyan, alman, holland klublarıyla. Kef deyil, bəs nədir?!.
***
Məktəb vaxtının futbol xəstəliyi sizə zarafat gəlməsin. Gecə yuxudan kəsirdin – səhər dura bilmirdin, dərs oxumaqdan kəsirdin – məktəbdə üzün qaralırdı, qəzet-jurnala pul verməkçün boğazından kəsirdin – bufetə gedə bilməyib ac qalırdın.
Başqa şeyləri demirəm, qəzet-jurnal davası ayrı davaydı. “Kiosk Surxay” bilmirdi beş-altı nüsxə “Futbol-Xokkey” qəzetini neçə adamın arasında bölsün ki, heç kim inciməsin. O qəzet 15 qəpiyəydi, mən 30 qəpiyə alırdım. 3 qəpiklik “Sovetski sport”a və “İdman”a da 10 qəpikdən az verdiyim yadıma gəlmir. Hələ bunun “Fizkultura i sport” jurnalı var, “Sportivnıye iqrı” jurnalı var. Hətta bir ara Bolqarıstanın “Naroden sport” qəzetinə dadanmışdım, onu da bahasına alırdım. Rus dilinə çox yaxındır bolqar dili.
3-5 qəpiyə aldığım başqa qəzetləri – “Azərbaycan gəncləri”ni, “Bakı-Baku”nu, “Komsomolka”nı, “İzvestiya”nı, “Pravda”nı demirəm, onların da idman səhifələri vardı axı. İdman səhifəsi axtara-axtara “Nedelya”ya, “Moskovski novosti”yə, “Za rubejom”a da mehr salıb axırda həm də qəzet xəstəsi oldum.
Bakıdan qəzet ya çıxan günün axşamı, ya da bir gün gec gəlib çatırdı. Abunəni gözləməyə səbir hardaydı! “Sovetski sport”a abunəydim, amma poçtalyona bel bağlamayıb onu həm də köşkdən alırdım, gedib avtovağzalda Bakı maşınını gözləyirdim ki, qəzet haçan gəlib çıxacaq.
***
Tək bunlar deyildi futbol xəstəliyinin əlamətləri. “Neftçi” uduzanda (ən çox da öz yerində uduzanda) üzüqoylu düşürdüm. Oyunun qurtarmasına az qalanda, bilinəndə ki, “Neftçi” bu dəfə də bir şey eləmədi (tutalım, “Torpedo”yla 0:0 oynadı), dəli kimi saçımı yolurdum, həmin gün hirsimdən ac yatırdım. Qələbəyə isə meymun kimi atılıb-düşürdüm…
***
Qəzet-jurnalı oxuyandan sonra atmırdım, divar şkaflarından birini mənə ayırmışdılar. Əsgərliyə gedənəcən o şkafda əməlli-başlı tarix qalaqlanmışdı – səhifələri saralmış qəzetlər, kitabçalar, jurnallar, futbol qeydləriylə dolu bloknotlar. Evdə heç kimin o şkafa dəyməyə ixtiyarı yoxuydu, əlimyandıda pal-paltar bükməyə qəzet lazım olanda da dəyməzdilər.
Əsgərlikdə olanda ürəyim yumşaldı – anama yazdım ki, işlətməyə qəzet lazım olsa, mənim şkafımdan götürün. İki il qəzetlərimi işlətmişdilər, amma qurtarmamışdı.
***
Əsgərlikdə ağlıma gəlmişdi ki, birdən anam şkafdan qəzet götürəndə məktəbi qurtaran il yazdığım şeirləri də görmüş olar. Neçə bloknotsa şeir yazmışdım həmin il, hamısı da sevgi şeiri. Yaman sıxılırdım buna görə.
Qayıdandan sonra şeir bloknotlarını həyətimizdə yandırdım. Onlar bir ədəbiyyat nümunəsi deyildi. Yaza-yaza bilirdim bunu. Amma yazmaya da bilmirdim.
Şeirləri yandırdım, amma məni “şair eləmiş” ağrıdan qurtula bilmədim.
***
Nə isə, futboldan danışırıq.
Sinif yoldaşlarımdan bir futbol dəlisi də vardı – Azər. Futbol dəlisiydi, amma “Neftçi”nın xəstəsi deyildi, onunku Tiflis “Dinamo”suydu. Xalası Tiflisdə olurdu deyə ora tez-tez gedib-gəlirdi, bir növ gürcüstanlı olmuşdu. Hətta “Kiosk Surxay” onu “bico” çağırırdı.
Bizə qəzet saxlamayanda Surxay dayıyla davamız düşürdü, amma aralana bilmirdik. Bir dəfə Azər ona Tiflisdən çaxır gətirmişdi. Çaxırı görən kimi köşkü bağlayıb özünü verdi bazarın içindəki çayxanaya, bəzi adamların orda ayaqüstü araq-çaxır gillətməyə icazəsi vardı, o cümlədən Surxay kişinin. Bir saatdan sonra Surxay kişiyə baş çəkəndə onu qıpqırmızı qızarmış gördük, əməlli-başlı hallanmışdı:
– Çaxır döyül e, bico, bəhməzdir, bəhməz!
Yaxşı kişiydi Surxay dayı. Şuşa çıxandan heç görməmişəm onu.
***
Bir ara Tiflisə hamı azarkeşlik eləyirdi. 70-ci illərin sonu, 80-nin əvvəlləri çox gözəl bir komanda yaratmışdı gürcülər – Qabeliya, Sulakvelidze, Çivadze, Daraseliya, Qutsayev, Şengeliya, Kipiani…
Şengeliyadan zəhləm gedirdi – top oğrusuydu, ən qəliz məqamlarda sivrişib qol vurmağı bacarsa da, çox da yaxşı oyunçu saymırdım onu. Amma Daraseliyadan ötrü ölürdüm. Yazıq Daraseliya! 1982-də, cəmi 26 yaşında avtomobil qəzasına düşüb öldü. Bu bədbəxt hadisədən il yarım qabaq Kuboklar kubokunun finalında Demokratik Almaniyanın “Karl Seys” komandasının qapısına qələbə topunu o vurmuşdu. Gününədək xatırlayıram – 1981-ci il mayın 13-də.
***
Xokkeyçi Valeri Xarlamov da avtomobil qəzasında öldü – 1981-də. Onda da yaman təsirlənmişdim.
***
Tiflisin komandası çox güclüydü, amma Azərin heç insafı yoxuydu – “Neftçi”ylə oynayanda da gürcülərə azarkeşlik edirdi. Vay o gündən “Neftçi” uduzaydı, səhər qalırdım Azərin əlində.
***
Mən “Neftçi”nin namını vermirdim. Bir ara uşaqlarla totalizator da oynadıq, özü də dəqiq hesab göstərməklə. Elə-belə, bir növ məzəyə, uzağı çaypuluna oynayırdıq. Elə olurdu 8-9 matçın hesabını 90 faiz düz tapırdım. Amma uda bilmirdim, çox vaxt da “Neftçi”də yanırdım. Tutalım, “Spartak” (Moskva) – “Neftçi” oyununa 3:0 hesabı verməyə ürəyim gəlmirdi, deyirdim, 1:1 olacaq. Oyun ən yaxşı halda 3:0 bitirdi.
***
Mən gördüyüm “Neftçi”də ən yaxşı oyunçu Səməd Qurbanovu sayıram. Çox qeyrətli futbolçuydu Səməd, yorulmaq bilmirdi. Rəşid Özbəyovu da çox istəmişəm, Allah rəhmət eləsin ona. İqor Ponomaryovu, İsgəndər Cavadovu da çox istəyirdim. Amma onlar Səmədlə Rəşid qədər sabit oynamırdılar.
“Neftçi” mənə çox zülm verib, qoy birini deyim. 1982-ci ildə Yerevanda “Ararat”a 0:3 uduzanda Xoren Oqanesyan yaman gözəl bir qol vurdu. O qolu hər bazar günü mərkəzi televiziyada gedən futbol icmalında düz bir il göstərdilər. Əvvəl turun ən yaxşı qolu kimi, sonra ayın ən yaxşı qolu kimi, sonra da ilin ən yaxşı qolu kimi. Yandım-yaxıldım bir il.
Oqanesyan yaxşı futbolçuydu, gərək düzünü deyəsən. SSRİ yığmasına qaşına-gözünə aşiq olub aparmamışdılar ki…
***
Futbolsuz bir günüm yoxuydu. İndi görün bu cür futbol xəstəsi 1982-ci ilin yayını – İspaniyada keçiriləcək dünya çempionatını necə həsrətlə gözləyirdi. Bu mənim ilk çempionatımıydı (əsl azarkeşlər təqvimi dünya çempionatından dünya çempionatına hesablayır, ona görə deyirəm mənim ilk çempionatım). 1978-ci ildəki Argentina çempionatına ötəri baxmışdım, bir az Şuşada, bir az Ağdamda. Çempionatın yarısında xalamgilə getdim, arada xeyli oyunu bada verdim. Bu çempionata isə tam baxacaqdım, heç hara gedəsi deyildim.
Futbola görə, indiki terminlə desək, ailə büdcəsinə zərbə vurdum. Televizorumuz köhnəlmişdi, başına-gözünə döyməsən, göstərmirdi. Təzəsini almağa məni də apardı atam. Əjdaha bulağından, Ramizin dükanından aldıq. Gətirib şüşəbəndə qoyanda sevindiyimdən uçurdum. İyunun 12-siydi. Dünya çempionatının başlanmasına bir gün qalırdı.
***
İyunun 13-də Argentina-Belçika matçıyla başlayan həmin çempionat bütün dövrlərin ən maraqlı futbol festivallarından biri sayılır. Mənim aləmimdə isə o, bütün dövrlərin ən yaxşı futbol turniridir. Bəlkə də şişirdirəm, ilk sevgi şirin olur deyə bu cür düşünürəm. Axı dostum Adil Qaçayoğlu da 1970-ci ilin çempionatını əvəzsiz sayır. 70 deyib durub. Adil o çempionata 16 yaşı tamam olmamış baxıb. 1982-ci ildə mənim də 16 yaşım vardı…
***
Elə ilk oyun hamını mat qoydu. Dörd il qabaq öz meydanında heç kimə aman verməmiş dünya çempionu Argentina belçikalılara uduzdu. Yeri gəlmişkən, Argentina həmin çempionatda heç nə ilə yadda qalmadı. 1978-in qəhrəmanı Mario Kempes daha o Kempes deyildi. Dieqo Maradona isə hələ o Maradona olmamışdı.
***
Dünya çempionlarının ovulub tökülməyi azmış kimi meydan sahibləri – İspaniya komandası da biabırçı günə düşdü. Bütün turnir ərzində bu komanda cəmi bir qələbə qazandı, onu da Yuqoslaviya yığmasının qapısına təyin olunmuş haram penaltinin hesabına.
Hakim səhvləri həmin çempionatda çox oldu, hamısı da nəticəyə təsir edən səhvlər.
Almanlar finala qədər gəlsələr də, bir oyun göstərə bilmədilər. Əvəzində dəhşət əclaflığa imza atdılar. Qrup mərhələsinin ilk oyununda Əlcəzairə uduzan almanlar Avstriya yığmasıyla son görüşə çıxanda bəlli olmuşdu ki, oyun 1:0 hesabıyla bitsə, növbəti mərhələyə bu iki komanda qalacaq. Əlcəzairin oyunu bir gün qabaq keçirilmişdi. Onun da, Avstriyanın da dörd xalı vardı. Almanlarınsa iki. AFR-Avstriya oyunu 1:0 hesabıyla bitsə, hər üç komandanın xalı bərabərləşir, amma top fərqinə görə Əlcəzair qrupda qalırdı. Ona görə sabahısı gün iki alman komandası – AFR almanlarıyla Avstriya almanları bütün oyunu ayaq sürüyüb Əlcəzairi qrupda saxladılar, matç 10-cu dəqiqədə vurulmuş qolla 1:0 AFR-in xeyrinə qurtardı.
Bu biabırçı matçdan sonra FİFA dünya çempionatlarının qrup mərhələsində son turun oyunlarının eyni vaxtda keçirilməsi haqda qərar verdi. Amma olan olmuşdu…
***
İngilislər qrup mərhələsini itkisiz başa vursalar da, ikinci stadiyada tamam söndülər.
SSRİ yığmasına gəlincə, onun başına oyun çempionatdan əvvəl gəlmişdi. Komandanı futbol fəlsəfələri tamam fərqlənən üç məşqçiyə tapşırmışdılar – “Spartak”dan Konstantin Beskova, Kiyev “Dinamo”sundan Valeri Lobanovskiyə, Tiflis “Dinamo”sundan Nodar Axalkatsiyə. Məzmunsuz komanda alınmışdı.
Futbolda hər şey olur, belə zəif komanda az qala yarımfinala çıxacaqdı. O vaxt danışırdılar ki, SSRİ ikinci mərhələnin son turunda Polşaya qəsdən xal verib yarışı dayandırdı. Polyakları heç-heçə qane edirdi, matç da 0:0 bitdi. Danışırdılar ki, Kremldən o vaxt təlatümlər içində olan sosialist ölkəsinin “xətrinə dəyməmək” sifarişi gəlib.
***
O çempionatda Argentina və İspaniya, İngiltərə və SSRİ biabırçılığından, almanların futbolu ləkələyən davranışından da faciəvi hadisə baş verdi.
Bu, Fransa faciəsiydi. Fransa həmin çempionatın yaraşığıydı. Tiqana, Jiress, Platini… Gözümün önünə gəlir o yaraşıqlı komanda. Qrupdakı ilk oyunda ingilislərə 1:3 uduzanda deməzdin ki, bu komanda irəli gedəcək.
Zəif Küveyt üzərində qələbə və ortabab çexlərlə heç-heçə Fransanı ikinci mərhələyə çıxardı. Burda isə fransızlar fantastik oyun göstərib Avstriya və Şimali İrlandiyaya əl-qol açmaq imkanı vermədilər. Yarımfinalda onların qarşısına almanlar çıxdı.
Fransa-Almaniya qarşılaşması. Bu dramatik oyun haqda 1982-dən ötən 24 ildə çox danışılıb. Amma heç bir söz həmin axşam yaşanan faciəni ifadə etmək gücündə deyil.
Mən, təbii ki, fransızlara azarkeşlik edirdim. Həm Platiniyə görə, həm də almanların ərəblərin başına açdığı oyuna görə…
Hesabı almanlar açdı, deyəsən, Littbarski, balacaboy kölnlü oğlan. Sonra Platini penaltiylə bərabərlik topunu vurdu. Bunlar ilk yarıda oldu.
İkinci hissədə fransızlar neçə gözəl imkandan yararlana bilmədilər. Çox gərgin oyun gedirdi. Platininin zərbəsinin dirəyə tuş gəlməsini xatırlayıram. Almanların yekəpər qapıçısı Şumaxerin kobud sıçrayışla Batistonu o dünyalıq eləməyi yadıma gəlir.
Batistonu meydançadan birbaş xəstəxanaya apardılar, bütün dişləri qarnına dolmuşdu.
Düzgün hakimliyə qalsaydı, Şumaxer meydandan qovulmalıydı. Amma ona, deyəsən, heç sarı vərəqə də vermədilər.
Nə oldusa, əlavə vaxtda oldu. Əvvəl Trezor, sonra Jiress Fransanı irəli çıxardı – 3:1. Amma alman maşını sınmadı. Rummenigge meydana çıxan kimi oyun dəyişdi. Hesab da dəyişdi – 2:3, 3:3.
Penalti seriyasında fransızlardan kimsə büdrədi. Oyunu almanlar apardı.
Fransa bədbəxt oldu…
***
Ancaq Fransadan qabaq, özü də ondan betər bədbəxt olan da vardı. Yaddan çıxmaz o müsibət. Braziliya müsibəti…
***
1982-ci ilə qədərki Braziliya yığmalarını yalnız köhnə kadrlarda görmüşəm. 1982-dən sonrakı Braziliyaları yaxşı görmüşəm. 1982-ci iləcən Braziliya üç dəfə dünya çempionluğunu qazanmışdı. 1982-dən sonra Braziliya daha iki dəfə bu titula sahib çıxıb. Amma mən Braziliya deyəndə bir komanda tanıyıram: 1982-nin Braziliyasını!
Müsibət komandaydı 1982-nin Braziliyası. Ziko vardı həmin komandada. Sokrates vardı. Falkao vardı. Eder vardı. Nağıl kimi futbolçular.
***
Qrup mərhələsinin ilk oyununda SSRİ-nin gözlənilməz müqavimətiylə üzləşən (üçqat çempionlar son 15 dəqiqədə vurduqları qollarla birtəhər qalib gəldilər – 2:1) Braziliya sonra hamını bir-bir əzib keçdi – qrupda Şotlandiya (4:1) və Yeni Zelandiyanı (4:0), ikinci mərhələnin ilk matçında isə Argentinanı (3:1). Yarımfinala çıxmaq üçün İtaliyayla heç-heçə oynamaq bəs edirdi. Bu oyun iyulun 5-də keçiriləcəkdi.
***
Televizorun qarşısında yerimi oyundan xeyli əvvəl rahatlamışdım. Özüm də çox sakitiydim. Braziliyanın “bir ayaqla” qələbə çalacağına heç bir şübhəm yoxuydu. İtaliya öz qrupundan güc-bəlayla çıxmışdı (3 oyun, 3 heç-heçə – Kamerun yalnız topların fərqinə görə ondan geri qalmışdı). Onun dörddə bir final mərhələsinin ilk oyununda Argentinanı 2:1 udması da böyük qəhrəmanlıq deyildi. Dediyim kimi, Argentina həmin çempionatda çox adi bir komandaydı.
Oyuna az qalmış dayım gəlib çıxdı bizə. “Şuşa” qəzetinin redaktoruydu dayım, ciddi, zabitəli adamıydı. Elə də azarkeşliyi yoxuydu, amma o da özünü futbola yetirmişdi. Özü də kefi kök idi. Gözləri işıldayırdı:
– Kimə “balet” eliyəssən?
– Braziliyaya, dayı…
– Ə, Braziliya nədir? İtaliya onu mələdəjək.
– Əşi, qoy görək, azı dörd-beşin vuracaq Braziliya.
Dayı-bacıoğlununku həmin gün heç tutmadı. Nə oyundan əvvəl, nə oyun boyunca, nə də oyundan sonra.
***
Futbolda nə desən olur. İtaliya doğrudan da Braziliyanı mələtdi. Məni də ondan betər.
24 il keçir, amma o oyun büsbütün yadımda qalıb. Sadəcə, qol vurulan dəqiqələri internetdən götürmüşəm.
Əvvəlcə İtaliya fərqləndi. İnternetdə 5-ci dəqiqə qeyd olunub.
Sonra Braziliya. İnternetdə 12-ci dəqiqə yazılıb.
İtaliya yenə irəli çıxdı. 25-ci dəqiqə.
Braziliya yenə hesabı bərabərləşdirdi. 68-ci dəqiqə.
Yenə İtaliyanın növbəsi gəldi. İnternet 74-cü dəqiqəni göstərir.
Və Braziliya daha bir qol vura bilmir – qələbəyə bərabər heç-heçə qolunu.
İtaliyadan hər üç qolu Rossi vurdu. Braziliyadan Sokrates və Falkao.
Statistika bundan ibarətdir.
Necə sarsıldığımı yenə deyə bilmirəm. Bir yandan da dayım məni məsxərəyə qoydu.
***
Yazıq dayım, o çempionatdan bir il sonra cavan yaşında dünyasını dəyişdi. Bilsəydim, belə tez itirəcəm onu, ürəyimdə acığım tutmazdı dayıma.
***
Braziliya uduzdu. Gözümün yaşını boğa-boğa şüşəbənddən çölə, təzəcə başlayan yağışa baxmağa başladım. Həmin gün çox yaxşı hava vardı, matç boyu tutuldu və məhz hakimin final fitindən sonra şıdırğı yağış tökdü. Aləm dağıldı, aləm. Üzümü dayıma tutdum:
– Dayı, göylər də ağlayır e, göylər də…
***
O yay yağışı mənim yadıma durduğum yerdə düşməyib. Ötən ayın sonunda uzaq bir diyardan kədərli xəbər gəldi. Tele Santananın ölüm xəbəri. Tele Santana həmin virtuoz Braziliya yığmasının baş məşqçisiydi. Neçə vaxtdır şəkərdən yatırmış, ayağını kəsiblərmiş.
Santananın ixtisasca jurnalist olduğunu mənim yadıma Adil Qaçayoğlu saldı. Onun dünya çempionatındakı uğursuzluqdan (Braziliya üçünsə dünya çempionatında uğur adına bir nəticə ola bilər: dünya çempionluğu) sonra vəzifədən uzaqlaşdırılmayan ilk və yeganə braziliyalı məşqçi olduğunu da Adil qardaşım dedi. Doğrudan da. 1986-cı il çempionatında da Braziliya yığmasının sükanı arxasında Santana dayanmışdı (Braziliya yenə gözəl oynasa da, dörddəbir finaldan uzağa gedə bilmədi).
Santana futbol romantikiydi. Onun futbol fəlsəfəsində bir meyar vardı: irəli, irəli, irəli…
Yazıq Santana. 74 yaşında öldü. Siz İtaliyanın Braziliyanın qapısına vurduğu son topun, qələbə topunun, ölüm topunun dəqiqəsini yadda saxladızmı? 74-cü dəqiqəni.
***
5 iyul 1982-ci il. Axşamçağı. Şuşa. Futbol üzüntüsündən canı ağrıyan, şüşəbənddən yağışa baxan gözü yaşlı oğlan.
O oğlan bilmirdi ki, bu dünyada futboldan betər sevgilər olacaq, futboldan betər ağrılar olacaq.
***
Şuşa gedəcək…
5 may 2006