“Bu gün mən bir neçə nəfəri ixtisara salmalı idim. Əmri gətirdilər. Uzun müddət baxdım. Bilmədim ki, nə edim”. Musavat.com xəbər verir ki, bunu yazıçı Çingiz Abdullayev “Facebook” səhifəsindəki statusunda yazıb.
Çingiz Abdullayev Yazıçılar Birliyinin katibi, “Neftçi” futbol klubu Müşahidə Şurasının sədri, “Pen-klub”un prezidenti, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun Direktorlar Şurasının üzvüdür.
O, “Facebook” səhifəsində yazıb: “Sənə bu qədər təşkilata rəhbərliyi etibar edirlərsə, qərar qəbul etməyi bacarmalısan. Bəzən xoş olmayan qərarları da. Yazıçılar Birliyində də, “Pen-klub”da da, “Neftçi”də də, Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunda da.
İxtisara salınmalı şəxslər arasında böyük ailə başçısı da var idi. İxtisara salındığını bildikdə ağladı. Bunu yazdığım üçün məni bağışlasın. Amma onun əmrini imzalaya bilmədim. Sadəcə, bacarmadım. Görünür, yarıtmaz rəhbərəm”.
Yazıçı qeyd edib ki, bəzi məmurlar kimi sərt və prinsipial olmaq, insanlara tüpürmək asandır: “Onlar üçün yüz min və ya milyon dollar çoxdan pul sayılmır. Onlar insanlara açıq-aşkar laqeydlik göstərirlər. Hətta əmrlərinin arxasında problem və çətinlikləri olan canlı insanların durduğunu da düşünmürlər.
Əmri imzalamadım, imzalamayacağam da. Hətta düzgün etmədiyimi başa düşsəm belə. Öz əməkdaşlarını ixtisara salanları ittiham etmirəm. Çox vaxt onların başqa çıxış yolu olmur. Amma mən bacarmıram.
4 uşaq atasını müdafiə edə bilmirəmsə, kimə lazımdı mənim kitablarım? Başqa insanı başa düşə bilmirsinizsə, kimə lazımdı ləyaqət və xeyirxahlıq çağırışları?
“Neftçi”yə gəlişimdən sonra klubun bütün əməkdaşlarının pulsuz yeməklə təmin olunmasına göstəriş verdim. Əvvəllər yalnız futbolçular və məşqçilər nahar edirdilər.
Bəli, hazırda əvvəlki kimi pulumuzun olmadığını başa düşürəm. Amma puldan da vacib, çox vacib nə isə var. Ona görə yox ki, mən mələk simasındayam. Sadəcə, birinin yeyib, digərinin baxması utandırıcıdır.
Nəyə görə illərdir mən oxucularımı sonda Xeyirin qələbəsinə inandırmağa çalışıram? Əgər özüm öz prinsiplərimə inanmıramsa…”
Çingiz Abdullayev sözünü belə yekunlaşdırıb: “Doğrudanmı Didro bu sözlərində haqlı olub: “Xoşbəxtlik üçün yaxşı qarnın, əzazil ürəyin olmalı və ümumiyyətlə, vicdanın olmamalıdır”. Yoxsa haqsızdır?”