“Azərbaycanda manatın devalvasiyası və “üzən məzənnəyə” keçid zərurət idi”. Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov AZƏRTAC, APA və “Trend” agentliklərinə müsahibəsində belə deyib. O qeyd edib ki, bütün dünyada uzun müddətdir sürən dərin iqtisadi böhran şəraitində Azərbaycan milli manatın kursunu sabit saxlamağa, makroiqtisadi sabitliyi təmin etməyə müvəffəq olub: “Bu, cənab prezidentin sosial sferaya, insanların rifah halının daim yüksəldilməsi məsələsinə verdiyi böyük önəmin təzahürüydü. Ancaq nəinki Azərbaycan, dünyanın heç bir ölkəsi, heç bir ciddi maliyyə-iqtisadi qurum enerji resurslarının qiymətinin bu dərəcədə aşağı enəcəyini proqnozlaşdırmırdı. Azərbaycan neft ixrac edən ölkədir və təbii ki, dövlətin maliyyə sisteminin əhəmiyyətli hissəsi enerji resurslarının ixracatından əldə olunan gəlirlər hesabına formalaşır. Neftin qiymətinin 4 dəfə aşağı düşdüyü bir vəziyyətdə ölkəyə maliyyə axını kəskin azaldı və artıq manatın kursunu ehtiyatlar hesabına sabit saxlamaq lazım gəlirdi. Bu vəziyyət nə qədər davam edə bilərdi? Azərbaycan hökuməti maliyyə ehtiyatlarının tam bitməsinə yol verə bilərdimi?
Digər tərəfdən Azərbaycanın əsas ticarət tərəfdaşı olan region ölkələrində az qala bir il bundan əvvəl milli valyutanın devalvasiyası və “üzən məzənnəyə” keçid baş vermişdi. Bu da Azərbaycanın xarici ticarət əlaqələrində disbalansın yaranmasına, ölkə iqtisadiyyatına investisiya axınına çox mənfi təsir göstərirdi. Üstəlik, Azərbaycan manatı dollar və avroya nisbətdə həddən artıq möhkəmlənmişdi ki, bu da müsbət hal deyildi. Hətta avronun dollara nisbətdə məzənnəsini itirdiyi bir durumda milli manatın kursunu stabil saxlamaq mümkün deyildi. Buna görə də devalvasiya və manatın “üzən məzənnəyə” keçidi barədə qərar qəbul olundu. İndiki kurs isə ədalətlidir və bundan sonra manatın ucuzlaşması bir o qədər də inandırıcı görünmür.
Onu da qeyd etmək istərdim ki, devalvasiyanı yalnız ziyanlı bir hal kimi qiymətləndirmək düzgün deyil. Beynəlxalq praktika, ayrı-ayrı ölkələrin təcrübəsi göstərir ki, devalvasiya ilkin vaxtlarda əhalidə narahatlıq, ajiotaj yaradan hadisə olsa da, sonrakı mərhələdə ölkə iqtisadiyyatının və bank-maliyyə sisteminin dinamik inkişafına təkan verə bilər. Hər halda keçən ilin fevral ayında ilk devalvasiyadan dərhal sonra yaranan narahatlıq qısa zamanda keçdi və ölkənin maliyyə bazarı xüsusi çətinliklərlə üzləşmədi. Digər tərəfdən isə devalvasiya Azərbaycan hökumətinin manevr imkanlarını genişləndirdi və sosial sahədə əlavə tədbirlər görmək üçün imkanlar yaratdı.
Nüfuzlu “Moody’s” beynəlxalq reytinq agentliyinin ekspertləri də qeyd ediblər ki, Azərbaycan hökumətinin qonşu ölkələrdən sonra “üzən məzənnə” rejiminə keçidi düzgün qərar idi. Bu addım dövlət büdcəsinə əlavə dəstək oldu, daxili istehsala əsaslanan malların rəqabət qabiliyyətliyini artırmağa xidmət edir”.