“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif • Mahnılar • Almatıya məktub • Güllələr, toylar, şəkillər • Sərçələr qaldı • Sevgilər
Hikmət Sabiroğlu
89-un söhbətidir. Ağdamdakı Şuşa avtovağzalında dayanıb avtobusun tərpənməyini gözləyirdim. Sürücü Xaliq axır-axırda səsinə güc vermişdi:
– Qalıya gedən var, Qalıya?
Elə bil sərnişin haylamırdı zalım, sinəsini qabardıb Ağdama (nə Ağdama, dünyaya!) meydan oxuyurdu. Dinc vaxtlar, Ağdamdan Şuşaya qalxmağın rahat olduğu illərdə belə eləməməşdi bəlkə. Yəqin dava başlayandan, yol cəhənnəmə dönəndən dilinə düşmüşdü. Seyrəlmişdi gediş-gəliş bu yolda.
Allah bilir, bəlkə elə dinc vaxtlar da bu cür haylayırmış. Yəni “şuşalıyam ey, şuşalı”!
***
Yol birdəfəlik bağlananacan Şuşa-Ağdam marşrutunda işləyənlərin hansı zillət çəkdiyini Qarabağda yaxşı bilirlər. Bir var Şuşa-Ağdam yolunu mənim kimi ayda-ildə bir keçəsən, bir də var hər gün, gündə neçə dəfə keçəsən. Şuşa-Ağdam avtobusunu sürən kişilər – Rəhbər, Əmir, Qədir, Əhsən, Lətif, Ənvər, Novruz, Bəxtiyar, Zakir, Xaliq (kimin adını yada sala bilmirəmsə, qoy məni qınasın, üstümüzdə haqqı var) hər səhər ölümə gedir, hər axşam ölümdən qayıdırdılar.
Yolda hər şey ola bilərdi, olurdu da. Əsgəranın tən ortasında, Stepanakertin ayağında, Şuşa dolamalarında maşını daşa basırdılar, gülləyə tuturdular, yolu partladırdılar. Hər şey olurdu, amma Şuşa sürücüləri qorxmurdular. Özlərinə, Allaha güvənib gedirdilər. Çünki rus ordusuna bel bağlamaq olmazdı. O ordu bu davada da erməniyə qahmar çıxmışdı, erməni əlində daş-kəsək yolu kəsəndə çəkilib qıraqda dayanırdı, erməniylə əlbir olub adamlarımızı girov götürür, sonra özümüzə satırdı.
***
Xocalı – yaralı Xocalı olmasaydı, Şuşa-Ağdam yolu bir gün də işləməzdi. Düşmənlə əhatələnmiş Xocalı qoymurdu Şuşa-Ağdam yolunu bağlanmağa. Ermənilər Şuşa maşınlarını daşa basıb, gülləyə tutub dağıdan kimi Xocalı da Stepanakert, Əsgəran maşınlarına turp eşir, ermənilərin köpünü alırdı.
Xocalı erməninin boğazına yaman pis keçmişdi davada. Ona görə Xocalını yaman pis dağıtdı erməni.
***
Xocalı müsibəti bir ayrı söhbətdir. Təklədilər Xocalını. Bu boyda Azərbaycanda təklədilər. Şuşanın, Ağdamın da əli çatmadı Şuşadan, Ağdamdan ötrü zülm çəkmiş Xocalıya.
***
Ötən söhbətdə ağdamlılara bir az sataşmışdım. Bu, sevgi dolu zarafatlardır. Bir-birinə şəbədə qoşmaq Azərbaycanın hər yerində var. Zərdabla Ucar qonşudur – aralarında Zərdab-Ucar söhbəti var. Şəkiylə Qax da belədir. Sevgidəndir bu, bölücülük deyil. Şuşa-Ağdam söhbəti də sevgidəndir. Qanımız birdir, canımız birdir, ən başlıcası, dərdimiz birdir.
***
Ağdamı zarafata tutmaq olar, dolamaq olmaz. Qarabağın orta göbəyidir Ağdam, savaşda hamıdan çox itki verən Ağdam.
***
Ağdamda yüz Ağdam var, Ağdam çox böyükdür. Rey əsl mən deyən ağdamlıdır – ləhcəsi gendən çağıran ağdamlı, dili beş metr ağdamlı, dilinə görə dilçəyi olan ağdamlı. Müharibədə canının yarısını qoymuş Rey Kərimoğlu.
Adını çoxdan eşitmişdim, üzünü 2001-ci ildə gördüm. Qarabağ əlillərinin üsyana qalxdığı vaxtlar “Avropa” qəzetinə informasiya gətirmişdi. Ağır günləriydi, Qarabağ əlilləri ölkənin paytaxtında mühasirəyə alınmışdı. Biz də redaksiyada ağrıdan yumağa dönmüşdük.
Çıxıb gedəndə mənimlə neçə ilin dostu kimi sağollaşdı:
– Qaqaaa! Niyə dilxorsan? Xətrinə dəyənə altmış dənə “pıçax” vuraram, özü də “nalişni”…
Bir neçə gün sonra hökumət Qarabağ əlillərinə “qalib gəldi”, Rey də parlamentdə özünü doğradı. Hamımızın xətrinə dəymişdilər…
***
Cavanlıq sevgisi avtomat olmuşdu Reyin, gec evləndi. İki il qabaq əsl kişi toyu elədi – həm məclisdə qadın yoxuydu, həm də çox yaxşı kişilər vardı.
Mən o toyda axıracan ağladım, ürəyimdə ağladım. Bir ayağı dizdən yuxarı kəsilmiş ağdamlı oğlanın – Reyin savaş dostunun qoltuq ağacını qırağa tullayıb oynamağınasa adam kimi ağladım.
Toyluq yaşını Qarabağda qoyub gəlmiş Reydir Ağdam, Reyin toyunda tək ayaqla oynayan qardaşımızdır Ağdam.
***
Rey Şıxbabalı kəndindəndir, Seyid Lazım ağanın kəndindən. Mənə doğma kənddir Şıxbabalı. Təpənin böyründən adlayıb gedərdim Muğanlıya. Muğanlı anamgilin kəndidir. Dəli Muğanlı, yəni igid Muğanlı.
Yayda hamı Şuşaya yaylağa gələndə mən arana düşürdüm. Qoyuna-mala getmişəm o kənddə, lap elə kənd uşağı kimi. Təndirin qırağında isti çörək, bağda turş alça (qırmızı alça!) yeməyim, tağdan körpə xiyar üzməyim vardı.
Xalamın inək sağmağı dünyanın ən gözəl tamaşalarından biri kimi qalıb yadımda. Ağdamsız günlərini Oğuzun Bayan kəndində üzən xalamın.
Dəli Muğanlının igid əhlidir Ağdam, qaçqınlıqda itirdiyim xalamdır Ağdam.
***
Dəli Muğanlının bir yetirməsi, kiçik qardaşımız var – “525-ci qəzet”dəki Aydın Bağırov. Dava vaxtı balaca olub, Qarabağ, Ağdam ondan ötrü xəfif uşaqlıq xatirələrindən ibarətdir. Amma oturuşundan-duruşundan deməzsən ki, Ağdamı doyunca görməyib.
Ağdamda düz-əməlli yaşamamış, Balakəndə böyümüş böyük qardaşımız var – Adil Qaçayoğlu. Kim ağdamlı görmək istəyirsə, gendən Adilə baxsın, oturub ikicə kəlmə kəssin. Ağdam ağrısı içini doğramasa, deməli, o adamın ürəyi yoxdur.
Balaca qardaşım Aydın, böyük qardaşım Adildir Ağdam. Dərd qardaşlarım.
***
“Zirzəmidə gecələyən şəhər”. Mən bu yazını Şuşa xəstəxanasında, palatalar da, dəhlizlər də yaralıyla dolu olan vaxtlarda oxumuşam. Ağdamlı balası Vahid Qazi yazmışdı.
Ən təsirli yazısını Ağdamdan yox, Şuşadan yazan Vahid Qazidir Ağdam. Şuşanı Ağdamdan çox istəyən qardaşımız.
***
Mən bütün ağdamlıları Şuşanı Ağdamdan çox istəyən gördüm.
***
Qarabağlılarda siz deyən yerliçilik olmayıb. Yerliçilik bir az siyasətlə gəldi, bir az da dərdlə. Dərd ortaqlığı dağla aranın fərqini görünməz elədi, adamlar simsar oldu.
“Azadlıq”da işləyəndə hərdən dağlı-aranlı Qarabağ uşaqları bizim otağa yığışırdı. Gündüz Tahirli bizə ad da qoymuşdu: “Qaqalar fraksiyası”. “Avropa”nı çıxaranda da bizə ad qoymuşdular: “Qarabağlıların qəzeti”.
***
Qarabağlıların bir yerə toplaşmağından heç kimə ziyan gəlməz, uzağı bir qonaqlıq olacaq axırda.
***
Bütün dərd qardaşlarının bir ağsaqqalı vardı – Famil Mehdi. Ölməmişdən qabaq öldü, əriyib-əriyib dərddən bir tikə qalmış getdi Famil Mehdi.
Azər Qaraçənli qardaşımız çox yaxşı yazmışdı: “Famil Mehdini sözün həqiqi mənasında Qarabağ dərdi çərlətdi. O, Vətən uğrunda öldü. Adama deyərlər, bəs sən nə gözləyirdin? Gözləyirdin ki, kimsə Vətən uğrunda yaşasın?”
Vətən uğrunda sağ qala bilməmiş Famil Mehdidir Ağdam.
***
– Dədəyin goru haqqı, heç nə gözümdə deyil – nə Şuşa, nə torpaq. Bircə arzum var: tez ölüm gedim balamın yanına – bunu ötən ilin yayında qohumumuz Zakir kişi demişdi mənə.
Madar oğlunun qırxı təzəcə çıxmışdı. Otuz beş yaşlı balasının ürəyi dayanmışdı. Möhkəm adam bilirdim Zakir kişini, indiyəcən neçə ağır dərdə tablaşmışdı.
Yol üstündəydi, balasının ilini gözləmədi, köçdü getdi bu dünyadan.
Ayağı torpaqda olsaydı, bəlkə dünya gözündə olardı. Elə onu da Şuşanın dərdi öldürdü.
***
Qarabağ söhbətinə yoldan başlamışdıq – Şuşa-Stepanakert yolundan, 1988-in fevralından. Hara fırladırsan, gəlir yolun üstünə çıxır Qarabağ söhbəti. Hamı yol üstündədir. Yol da bağlı.
Qarabağın beş kəndinin adını bilməyənlər oturub-durub “Lazım gəlsə, Qarabağı qaytararıq” deyirlər.
Lazım nə vaxt gələcək, yollar nə vaxt açılacaq, yola düşməyə kimlər qalacaq?..
11 aprel 2006