Qəzet çıxaranı da, yayanı da, alanı da… böhran vurub
Manatın dəyərdən düşməsi çap məhsullarında da bahalaşma yaradıb. Qəzetlərin böyük əksəriyyətinin buraxıldığı “Azərbaycan” nəşriyyatı xidmət haqqını 25%, bəzi nəşrlər satış qiymətini 10-20 qəpik artırıb.
Yanvarın 22-də Transparency.az-a danışan “Qaya” yayım firmasının rəhbəri Xanhüseyn Əliyev deyib ki, manatın devalvasiyası qəzet satışında ağırlaşma yaradıb: “Durum çox acınacaqlıdır. Biz hələ bəzi nəşrlər satış qiymətini artırandan sonra vəziyyətin necə olduğunu bilmirik, çünki nəticələri hesablamamışıq. Amma dövriyyəmiz ötən illə müqayisədə 20-30 faiz aşağı düşüb. Sosial-iqtisadi proseslər çap mediasından da yan keçməyib, hər sahədə olduğu kimi burada da vəziyyət ağırdır”.
Paytaxtdakı yeni köşkləri qəzet-jurnalla təmin edən “Əks-səda” firmasının rəhbəri Vüqar Həsənov da Transparency.az-a yayımda vəziyyətin ürəkaçan olmadığını bildirib: “Konkret rəqəmlər səsləndirmək hələ tezdir, amma həm alıcılıq qabiliyyəti aşağı düşdüyü, həm də bəzi nəşrlər qiymət artımına getdiyi üçün satış həcmində geriləmə var”.
“Yeni Müsavat” qəzetinin baş direktoru Ələsgər Süleymanov Transparency.az-a deyib ki, bu ay qəzetin satış qiymətini əvvəlcə 40 qəpikdən 50-yə, sonra 60 qəpiyə qaldırıblar. Baş direktor qeyd edib ki, qiyməti qaldırandan sonra tirajı azaldıblar. Bunun “Yeni Müsavat”ın yayımına necə təsir etdiyinə gəlincə, Ələsgər Süleymanov deyib ki, hələlik yanvar ayı üzrə satışın vəziyyəti onlara bəlli deyil.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli Transparency.az-a əsasən yayım problemindən gileylənib: “Öz mətbəəmiz var deyə bahalaşmadan çox ziyan görmədik. Amma böhran bizə də təsirsiz qalmayıb. Kağızı xaricdən dollarla alırıq. Manat ucuzlaşandan kağız baha başa gəlir. Yayıma gəlincə, “Qaya”nın köşkləri azalandan, əl yayımı və metroda yayım yasaqlanandan satış həcmi aşağı düşüb. Daha çox “Əks-səda” yayım firması ilə işləyirik. Əvvəlki satış nöqtələri qaytarılsa, müəyyən qədər canlanma yarana bilər”.