Yanvarın 22-də Milli Televiziya və Radio Şurası ANS televiziyasının “Hesabat” proqramının yayımının 1 ay müddətinə dayandırılması haqda qərar qəbul edib.
“Hesabat” analitik-informasiya proqramıdır. Aparıcısı ANS-in rəhbərlərindən olan jurnalist Mirşahin Ağayevdir.
Milli Televiziya və Radio Şurasının qərarına görə, “Hesabat”ın yayımının dayandırılması müddəti yanvarın 24-dən hesablanacaq.
Şuranın qərarında deyilir ki, “Hesabat”ın ötən il dekabrın 27-də və bu il yanvarın 17-də efirə gedən buraxılışlarında televiziya yayımının əsas prinsipləri pozulub, işgüzar nüfuzun ləkələnməsinə yol verilib, faktlar və hadisələr ədalətli şərh olunmayıb, birtərəfliliyə yol verilib.
Xatırladaq ki, ötən ilin sentyabr ayında ANS-in “Sən tək deyilsən” və “Xoşqədəmlə axtarıram səni” proqramının, oktyabr ayında isə “Salam, Azərbaycan” proqramının yayımı Milli Teleradio Şurasının qərarı ilə müvəqqəti dayandırılıb. Eyni zamanda şura ANS-in “Reklam haqqında” qanunu pozduğunu iddia edərək kanalı ümumilikdə 26 fakt üzrə 161 min manat məbləğində cərimələyib. Bundan başqa Milli Teleradio Şurası ANS-ə “Abşeron” serialının çəkilməsi üçün ayırdığı 160 min manatın geri qaytarılması üçün məhkəmədə iddia qaldırıb.
Şuranın yanvarın 22-də çıxardığı qərarla bağlı yaydığı açıqlamasında göstərilir ki, bütün bunlardan sonra ANS rəsmiləri Milli Televiziya və Radio Şurasının ünvanına əsassız ittihamlar səsləndirməklə ictimai rəyi çaşdırmaq yolu tutublar. Buna misal olaraq şura Mirşahin Ağayevin “Hesabat”ın ötən il dekabrın 27-də və bu il yanvarın 17-də efirə getmiş buraxılışlarında səsləndirdiyi fikirləri sitat gətirir.
Şuranın açıqlamasına görə, Mirşahin Ağayev “Hesabat”ın 27 dekabr buraxılışında deyib: “Bu ili ANS böyük basqı və çətinliklərlə başa vurur. Onu bütöv bir il zərrəbindən keçiriblər. Artıq ANS-ə 100 minlərlə manatlıq cərimə hesablanıb. “Kiminə aş, kiminə daşla” siyasəti bizi yenidən dövlət başçısına müraciət etməyə vadar edir. Prezident İlham Əliyev sahibkarlarla rəftarda sabitqədəmliyə, əli və ürəyi təmizliyə çağırır. Biz də sahibkarıq, bizi də qorumaq lazımdır və Azərbaycan prezidenti İlham Əliyev eyni zamanda bizi də qoruyur. Biz heç nə demirik. Sadəcə olaraq dövlət başçısının sahibkarlara müdaxilə, sahibkarlara təzyiq etmək istəyən məmurlara xəbərdarlığını yenə də xatırladırıq.”
“Hesabat”ın 17 yanvar buraxılışında isə, Milli Teleradio Şurasının açıqlamasına görə, Mirşahin Ağayev belə deyib: “Məmur özbaşınalığını dayandırmaq lazımdır. Dövlət başçısının məmurların xalqın ağasından xalqın xidmətçisinə keçirmək istiqamətində apardığı siyasəti sadə camaat tam müdafiə edir. Uzağa niyə gedirik? Əgər dövlət büdcəsinə 1 qəpik belə gəlir gətirməyən “mıtırışı” (MTRŞ) dövlətə hər il kifayət qədər vergi ödəyən ANS-in başına belə oyun açırsa, özü də heç olmasa bizim bu barədə danışmaq imkanımız var, görün başqa sahələrdə vəziyyət nə qədər çətindir”.
Milli Televiziya və Radio Şurası bəyan edir ki, ANS-in özəl telekanal, onun təsisçilərinin isə sahibkar olduğunu yaxşı bilir: “Amma görünür, ANS rəsmiləri, o cümlədən şirkətin təsisçilərindən biri və icraçı direktoru vəzifəsini tutan Mirşahin Ağayev sahibkarların da qanunlara əməl etməli olduğundan xəbərsizdir”.
Şura iddia edir ki, ANS rəsmiləri, o cümlədən Mirşahin Ağayev cərimələrin məhz qanunvericiliyin tələbləri pozulduğuna görə tətbiq olunduğunu etiraf etmək istəmir: “Təəssüf ki, ANS televiziyası dəfələrlə yol verdiyi bu cür qərəzli, peşə etikasına və əxlaq normalarına yaraşmayan televiziyaçılıq fəaliyyətini hazırda da davam etdirir”.
Şuranın açıqlamasında vurğulanır: “Fikrimizcə, ANS tərəfindən Milli Televiziya və Radio Şurasına qarşı aparılan qara piar kampaniyası həm də dövlət qurumu ilə ANS arasında davam etməkdə olan məhkəmə araşdırmalarına təsir vasitəsi kimi qiymətləndirilməlidir. Hesab edirik ki, bu cür qərəzli və yalan informasiyaların yayımlanması ilə ANS televiziyası cəmiyyətdə çaşqınlıq yaratmağa, dövlət qurumunun fəaliyyəti barədə yanlış ictimai rəy formalaşdırmağa xidmət edir. Halbuki yayımçı nəzarətində olan efirdən öz maraq və məqsədləri üçün istifadə etməməli, yalan və böhtan xarakterli məlumatların yayımlanmasından çəkinməli, qanunların aliliyinə hörmətlə yanaşmalıdır. Yayımçı ona müvafiq dövlət orqanı tərəfindən tətbiq olunmuş sanksiyalardan narazı olduğu halda bu yalnız hüquqi çərçivədə araşdırılmalıdır”.
Şura sonda bildirir: “ANS məqsədli şəkildə yalan və böhtan xarakterli məlumatları yayımlasa, qanunların aliliyinə hörmətlə yanaşmasa, “Televiziya və radio yayımı haqqında” qanunun 23.2.8-ci maddəsinə uyğun olaraq tədbirlər görüləcək və bunun nəticələri ilə bağlı bütün məsuliyyət telekanalın üzərində olacaq”.
Novator.az qeyd edir ki, “Televiziya və radio yayımı haqqında” qanunun 23-cü maddəsi xüsusi razılığın (lisenziyanın) qüvvəsinin müvəqqəti dayandırılması və xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədədir. Həmin maddənin 2-ci bəndi isə birbaşa xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi haqdadır. Bu maddənin 2.8-ci bəndinə, yəni “Televiziya və radio yayımı haqqında” qanunun Milli Teleradio Şurasının açıqlamasında göstərilən 23.2.8-ci maddəsinə görə, yayımçı bir il müddətində azı üç dəfə teleradio yayımı sahəsində məsuliyyətə cəlb edildikdə xüsusi razılığın (lisenziyanın) qüvvəsinə teleradio yayımı sahəsində müvafiq dövlət orqanının qərarı ilə xitam verilir.