Sosial müavinətlərin və prezident təqaüdlərinin artımı nə qədər adamı əhatə edəcək?
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət başçısı İlham Əliyevin sosial müavinətlərin və müharibə əlillərinə prezident təqaüdlərinin artırılmasını nəzərdə tutan 19 yanvar fərmanları ilə bağlı arayış yayıb. Müharibə əlillərinə prezident təqaüdünün aylıq məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılır, I qrup əlillər üçün 165 manat, II qrup əlillər üçün 143 manat, III qrup əlillər üçün 110 manat müəyyən edilib. Transparency.az xəbər verir ki, rəsmi açıqlamaya görə, fərman müharibə əlilləri və onlara bərabər tutulan şəxslərdən ibarət ümumilikdə 19 000 nəfərdən çox vətəndaşa şamil olunacaq. Onlardan 12 616 nəfəri Qarabağ müharibəsi əlilləridir. Bu artımın təmin edilməsi üçün ilin sonunadək dövlət büdcəsindən 2,7 milyon manat vəsait xərclənəcək.
Dövlət başçısının digər fərmanı sosial müavinətlərin məbləğinin 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılmasını nəzərdə tutur. Sənədin ümumilikdə 453 000 min nəfərədək şəxsi əhatə edəcəyi nəzərdə tutulur. Həmin insanlardan 49 430 nəfəri Qarabağ müharibəsi veteranları, 138 864 nəfəri əlilliyə görə, 13 852 nəfəri yaşa görə, 41 007 nəfəri ailə başçısını itirməyə görə sosial müavinət alanlar, qalanları isə qanunvericilikdə nəzərdə tutulan digər müvafiq təbəqələrdən olanlardır. Bu artımla əlaqədar dövlət büdcəsindən ilin sonunadək 25 milyon manat vəsaitin ayrılması təmin olunacaq.