Maliyyə Nazirliyi dövlət büdcəsinin icrasına dair hesabat yayıb
Maliyyə Nazirliyi 2015-ci il üzrə dövlət büdcəsinin icrasına dair məlumat yayıb. Məlumata görə, dövlət büdcəsinin mədaxili 17 milyard 153,2 milyon manat, xərcləri 17 milyard 786,8 milyon manat olub.
Dövlət büdcəsinin mədaxili 19 milyard 438 milyon manat proqnoza qarşı 17 milyard 153,2 milyon manat və yaxud 88,2 faiz icra olunub. Vergilər Nazirliyi mədaxil proqnozu 100,1 faiz icra etməklə dövlət büdcəsinə 7118,2 milyon manat vəsait verib, bu da ötən illə müqayisədə 4,5 milyon manat və yaxud 0,1 faiz çoxdur. Həmin vəsaitin 70,5 faizi və yaxud 5018,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür. Bu, 2014-cü ilə nisbətən 711,6 milyon manat və yaxud 16,5 faiz çoxdur.
2015-ci il üzrə Dövlət Gömrük Komitəsi proqnoza 100,1 faiz əməl edərək dövlət büdcəsinə 1591,9 milyon manat vəsait köçürüb, bu da 2014-cü illə müqayisədə 5,4 faiz və yaxud 81,1 milyon manat çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 222,6 milyon manat təşkil edib (2014-cü illə müqayisədə 7,4 faiz çox).
2015-ci ildə sair daxilolmalardan nəzərdə tutulan 48 milyon manata qarşı büdcəyə 90,5 milyon manat və yaxud proqnoza nisbətən 2 dəfə çox vəsait daxil olub.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 8 milyard 130 milyon manat vəsait transfert edilib.
2015-ci ildə dövlət büdcəsinin xərcləri 84,3 faiz və yaxud 17 milyard 786,8 milyon manat icra edilib. Dövlət büdcəsi xərclərinin 10 milyard 361,5 milyon manatı və yaxud 58,2 faizi cari xərclərə, 6 milyard 720,9 milyon manatı və yaxud 37,8 faizi əsaslı xərclərə, 704,4 milyon manatı və yaxud 4 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
Dövlət büdcəsi xərclərinin 31,9 faizi və yaxud 5 milyard 665,9 milyon manatı sosial təyinatlı xərclərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib, bu da 2014-cü illə müqayisədə 188 milyon manat və yaxud 3,4 faiz çoxdur.
2015-ci ildə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu xərclərinə 4 milyard 994,4 milyon manat vəsait yönəldilib. Bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 28,1 faiz olub.
Dövlət büdcəsinin kəsiri 633,6 milyon manat təşkil edib və kəsir maliyyələşmə mənbələri hesabına bağlanıb.
2015-ci ilin icmal büdcəsinin gəlirləri 18 milyard 207,3 milyon manat, xərcləri isə 21 milyard 067,1 milyon manat icra olunub.