Hikmət Sabiroğlu
Gündəlik tutan adamları xoşbəxt sayıram. Heyf, bu əziyyətə qatlaşmamışam. Ötənləri – illərin, ayların, günlərin yaşantılarını dəqiq yadda saxlamaq olmur, ən çox da yeni tariximizin bir-birindən dolaşıq səhifələrini.
Bu yazı bəlkə də çoxlarına dağınıq, maraqsız və gərəksiz xatirə toplusu kimi görünəcək. Olsun, bunu gecikmiş gündəlik kimi qəbul edin.
***
Payızın sonlarından mitinqlərə getməyi dayandırmışdım. Gedişata – xalq hərəkatının məcradan çıxarılmaq üzrə (çıxmaq yox, məhz çıxarılmaq üzrə) olmasına, necə deyərlər, fərdi boykotla etiraz edirdim. Buna bir tələbənin, gənc cəbhəçinin səssiz boykotu demək olmazdı, acı sonluq təhlükəsi içimi deşdikcə dilə gəlir, əli AXC liderlərinə çatan hərəkat uşaqlarıyla (onların bir çoxu nə vaxtdır ölkə miqyasında tanınmış şəxslərdir: Əli Kərimov (Kərimli), Fazil Mustafayev (Qəzənfəroğlu), Qənimət Zahidov (Zahid), Bahəddin Həziyev, Rahim Hacıyev, Qorxmaz İbrahimov (İbrahimli)…) narahatlığımı bölüşür, bəzən də gərgin mübahisələrə girirdim. O dövr tələbə hərəkatının başında dayanan “Yurd” Birliyinin fəallarından olan Sarvan Rizvanov (sonralar uzun müddət “Azadlıq” qəzetinə komendantlıq elədi) bu “cığallığıma” görə mənə “müxalifətin müxalifəti” deyirdi…
***
Müxalifətin müxalifəti “titulunu” sonralar da daşımaq lazım gəldi. Ancaq bu, bir başqa söhbətin mövzusudur.
***
Hər şeydən görünürdü ki, Azərbaycan xaosa sürüklənir və bunun yüz səbəbinin biri respublika rəhbərliyinin əfəlliyi idisə, biri də AXC-nin, özəlliklə onun radikal qanadının “qədərindən artıq” müxalifətçiliyi idi.
Mitinqləri boykot eləməyimin konkret tarixçəsi var. Ya noyabrın sonunda, ya da dekabrın ilk günlərində (lap unutmuşam qeyd eləməyi – söhbət 1989-cu ildən gedir) xalq hərəkatının təzyiqləri nəticəsində SSRİ rəhbərliyi Dağlıq Qarabağın Azərbaycan idarəçiliyindən çıxarılması barədə qərarı ləğv etmiş, başında Arkadi Volski dayanan Xüsusi İdarəetmə Komitəsini buraxmışdı. Bu qurumun yerində Bakıdan idarə olunacaq Respublika Təşkilat Komitəsi yaradılırdı. Baxmayaraq ki, bu təşkilata da Moskvanın adamı – Viktor Polyaniçko rəhbərlik edəcəkdi, hər halda qərarı bir addım irəli saymaq olardı.
Məhz bunu nəzərə alan AXC İdarə Heyəti respublika rəhbərliyi ilə danışıqlarda tətilləri və aramsız mitinqləri dayandırmağa razılaşmışdı. Ancaq bu məsələyə baxılarkən azlıqda qalmış radikallar (onlara Etibar Məmmədov başçılıq edirdi) tətillərin dayandırılması qərarını pozub hərəkata rəhbərliyi faktiki ələ keçirmişdilər. Hakimiyyəti iqtidarsız olan respublikada bu yandan da müxalifət parçalanmış, beləliklə də, cin şüşədən çıxmışdı – yerlərdə raykom katibləri devrilir, kütləvi itaətsizlik, zorakılıq baş alıb gedirdi. Bunları görə-görə palaza bürünüb elnən sürünmək (sonu yaxşı heç nə vəd eləməyən mitinqlərdə bar-bar bağıran natiqlərə qulaq vermək) olmurdu.
***
Yanvarda vəziyyət bir az da kəskinləşdi. AXC-nin qurultay səlahiyyətli konfransı yumşaq mövqeli liderlər Zərdüşt Əlizadə və Leyla Yunusovanın (Yunus) qapını çırpıb getməsiylə nəticələndi. Gündəmdə daha raykom katiblərini qovmaq yox, Azərbaycan kommunistlərinin lideri Əbdürrəhman Vəzirovun istefası tələbi dayanırdı. Bu qovğa Qarabağdan ötrü başlamışdı. İndi isə hakimiyyətin başında idi.
***
Bizdə sonralar da hər şey Qarabağdan başlayıb hakimiyyətin başında oldu. Və xalqın başında çatladı. Bu da başqa bir söhbətin mövzusudur.
***
Əbdürrəhman Vəzirov. Mixail Qorbaçov bu aciz bəndəni Heydər Əliyev kimi əjdahanın 19 ilə qurduğu toru dağıtmağa göndərmişdi. 19 ay sonra Azərbaycan dağılırdı.
Vəzirov heç. Onun kitabı bağlanmışdı. Qalırdı birinci katibin laxlamış kürsüsünə kimin oturması. Ən çox üç adamın adı hallanırdı – Ayaz Mütəllibov, Vaqif Hüseynov, Həsən Həsənov. Sonuncu variant daha çox səslənirdi. Bəlkə də ona görə ki, onu həm radikal qanadın girovuna çevrilmiş AXC, həm mehvərindən çıxarılmış kütlə, həm də son iki ilin ən narazı azərbaycanlısı, Moskvada pensiyaçı həyatı sürən, amma siyasətdən pensiyaya çıxmadığı hər kəsə bəlli olan Heydər Əliyev həzm edə bilərdi…
***
Mitinqə bir də yanvarın 13-də getdim. Həmin gün meydanda Milli Müdafiə Şurasının yaradıldığı elan olundu. Doğrusu, Əbülfəz Əliyev (Elçibəy), Etibar Məmmədov, Rəhim Qazıyev, Nemət Pənahov (Pənahlı) və Xaliq Hacıyevdən (Bahadır) ibarət bu şuranın hansı niyyətlə (hansı sağlam niyyətlə) yaradıldığını mən nə onda anladım, nə də sonralar.
***
Yanvarın 13-ü yadımda erməni talanlarının başladığı gün kimi də qalıb. Dəmiryol vağzalı yaxınlığında kütlənin bir qarını necə amansızlıqla tapdadığını gözlərimlə gördüm. Şüşədən buraxılmış cin fəlakəti beləcə yaxınlaşdırırdı.
***
Yanvarın 18-də və 19-da artıq Mərkəzi Komitənin (indiki Prezident Sarayının) qarşısına köç eləmiş mitinqlərdə də oldum. Gərgin bir atmosfer vardı. Qorbaçovun Azərbaycana yolladığı emissarlar – Girenko və Primakov, gərək ki, ayın 17-də televiziya ilə çıxış edib Bakıda fövqəladə vəziyyət elan olunmayacağını bildirsələr də, başımız üstdə qırğın təhlükəsinin dolaşdığını elə mitinqin gedişi göstərirdi.
19-u mitinqinin aparıcısı Bakı Dövlət Universitetinin müəllimi, olduqca şübhəli reputasiyası olan Vəkil Hacıyev idi. Tez-tez şəhərin bu və ya başqa istiqamətində canlı qüvvəyə ehtiyac olduğunu elan edərək adamları qoşunların paytaxta girməsinin qarşısını almaqçün qurulmuş barrikadalara getməyə səsləyirdi.
Həmin gün, ya da 18-i mitinqində Seyid Tahir Qarabaği adında birisi çox təhrikçi çıxışıyla meydanı coşdurmuşdu (bu adam sonralar da Azərbaycan siyasətində ara-sıra göründü – hər dəfə də təhrikçi rolunda). Culfalı Ramiz deyilən saqqallı bir cəbhəçinin (Ramiz Tağıyev) Seyid Tahirdən betər çıxışı da yadıma gəlir.
Həm 18-i, həm də 19-u mitinqinin əsas tələbi Vəzirovun istefaya göndərilməsi idi.
***
19-u axşam mitinqdən universitetin yataqxanasına qayıtdım. Dilxoruydum, ancaq hər şeyin yaxşı qurtaracağına ümidimi itirməmişdim. Hətta yaxın günlərdə Şuşaya gedəcəyimi düşünüb (qış tətilinə çıxmağa cəmi bir imtahanım qalmışdı) bir az sevinən kimi də oldum.
***
Saatı xatırlamağa çətinlik çəkirəm. Ancaq atəş səsləri indi də qulağımdadır. Pəncərəni açdım. Səs lap yaxınlıqdan, Salyan kazarması tərəfdən gəlirdi. Tez geyinib aşağı düşdüm. Yataqxananın girəcəyində vəlvələ düşmüşdü, kimi deyirdi, adamlara atırlar, kimi də deyirdi, yox, havaya açılan atəşə oxşayır.
***
Tələbə şəhərciyinin həyətinə o avtobusu kimin (və ya kimlərin) gətirdiyini sonralar da bilmədim. Ancaq o avtobus məhz yataqxanadakı tələbələri qaynar nöqtələrin birinə aparmaq üçün gətirilmişdi. Getmək lazım olduğunu hamı dərk eləyirdi, ancaq hara – bunu sürətlə dəstənin qabağına düşən Qorxmaz İbrahimov dedi: “Leytenant Şmidt zavoduna gedirik, qərargaha!”
Coğrafiya fakültəsinin tələbəsi Qoxmaz “Yurd” Birliyinin və AXC universitet şöbəsinin ən fəal üzvlərindən biri, çox vətənpərvər oğlanıydı. Şair Məmməd Arazın qardaşı oğlu kimi də ayrıca hörməti vardı. Hara getmək lazım gəldiyini bizdən hər halda yaxşı bilməli olan adamın sözünü çevirmək düz gəlmirdi, həm də axı Leytenant Şmidt adına zavodda Milli Müdafiə Şurası məskunlaşmışdı.
Ancaq avtobusa oturandan sonra mən Qorxmazla çox isti münasibətlərimizə güvənib (ona “yer üzünün ən gözəl naxçıvanlısı” deyirdim, elə indi də deyirəm) atəş səsləri gələn Salyan kazarmasına getməyin düz olduğunu dedim: “Qadınları, uşaqları çıxarmaq lazımdır”. Dərhal beyninə batmasa da, yer-yerdən reaksiyalardan çoxluğun kazarmalara doğru getmək istədiyini görüb razılaşdı (doğrudur, Qorxmaz kazarma tərəfdə çox ləngimədi, yenidən avtobusa oturub kiçik bir qrupla qərargaha getdi).
***
Havaya atırdılar. Ancaq elə ilk baxışdanca görünürdü ki, bu, müvəqqəti haldır.
***
Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinin (indiki adını bilmirəm) yanında düşmüşdük, “Olimp” mağazasına enən yol tərəfdə. Qaranlıq pəncərələrdə silahlı əsgərlərin qorxunc kölgəsi, havaya aramsız atəşlər, həyəcanlı kütlə. Qadın kişidən az deyildi. Balaca uşaqlar da vardı.
İlk işimiz qadınları, uşaqları bacardığımız qədər uzaqlaşdırmaq oldu. Dil töküb yalvarmaq lazım gəlirdi, çoxu heç adamı eşitmək də istəmirdi. Ancaq qaynar qazanın həndəvərində dayanmağın təhlükəli olduğunu başa düşənlər çıxıb gedirdi.
Şair Famil Mehdinin şərqşünaslıq fakültəsində oxuyan oğlu Nəriman da bir qrupla burdaydı. Əlində meqafon əsgərlərə aramsız müraciət edirdi: “Soldatı, odumaytes, vspomnite Tbilisi!”
O zaman keçmiş SSRİ-nin hər yerində olduğu kimi Azərbaycanda da çoxları elə güman edirdi ki, bütün dünyada lənətlə qarşılanmış Tbilisi qırğınından (9 aprel 1989-cu il) sonra sovet ordusu öz vətəndaşlarına atəş açmaz. Ancaq Nərimanın “vspomnite Tbilisi” sözləri avtomat şaqqıltısında eşidilməz olurdu.
***
Qəflətən partlayış səsi gəldi. Ardınca avtomatlar “xorla oxumağa” başladı. Dəhşətli çığır-bağırdan yer-göy titrədi. Qeyri-ixtiyari saata baxdım. Yanılmıramsa, 1-ə işləyirdi. Gecə 1-ə. Artıq hərbi texnikanın səsi gəlirdi.
Camaatla birgə üzüyuxarı – 5 nömrəli çörək zavoduna tərəf qaçdım. Əvvəl bir həyət evinin darvazasından içəri girməyim, orda çox ləngiməyib zavoda sarı diklənməyim, binaların birinin blokunda gizləndiyim dumanlı yadıma gəlir. Yanımdakıların çoxu tanımadığım adamlar idi. Təzədən yola tərəf, binanın tininə çıxanda tankları gördük. Sürətlə yolun o biri tərəfinə keçib binaların arasıyla yataqxanaya tərəfə qaçdım.
***
Şəhərciyin həyəti tələbəylə doluydu. Hərə gördüyünü və ya eşitdiyini danışırdı, hamını həyəcan, dəhşət bürümüşdü. Şəhərin başı üzərindən işıq saça-saça vıyıldayan güllələr ara vermirdi. Qaranlıq şəhər və avtomat şaqqıltısı. Sanki ucqar bir kənddə itlər ağız-ağıza verib hürüşürdü – biri yaxından, biri uzaqdan…
Kimsə dedi, burda kom dayanmaq olmaz, ruslar universitetin əlindən yanıqlıdırlar, mütləq yataqxanaya gəlib çıxacaqlar. Bu söz uşaqlara təsir elədi, çoxu dağılışdı.
1988-ci ilin noyabr mitinqlərindən sonra Bakıda komendant saatı tətbiq olunanda ordu bölmələri az qala hər gecə bizim yataqxanalarda pasport rejimini yoxlayırdı. Onların uşaqları necə incitməyi hamının yadındaydı.
Benzin dolu bir-iki butulkanı hasarın dibinə düzüb mövqe tutan oğlanı fikrindən daşındırmaq bir az çətin oldu, amma o da axırda geri çəkildi.
***
Yuxarı qalxıb uşaqlardan birinin otağında çay içib qızındım. Təzədən həyətə düşəndə Qəniməti gördüm – “Azadlıq” qəzetinin indiki baş redaktoru Qənimət Zahidi.
Hərəkatın ən bərkgedən gənclərindən idi. Bir müddət əvvəl böyük dəstəylə Qubadlının müdafiəsinə yollanmışdı. Bakıya lap təzəcə qayıtdığını dedi, üz-gözü tüklü (onda hələ indikitək saqqal saxlamırdı), gözləri yuxusuz dayanmışdı. Bir xeyli dərdləşdik, sonra gözünün acısını almağa getdi.
***
Gecənin bir aləmində saysız-hesabsız zirehli texnikanın, əsgər dolu hərbi maşınların indiki Mətbuat prospekti ilə şəhərin inzibati binalarına sarı getməyi indikitək gözümün qabağındadır. Səhərisi həmin gecə hətta evinin içində də gülləyə tuş gələnlərin olduğunu biləndən sonra mənə çatdı ki, həyatımı risk altında qoymuşammış. Təsəvvürünüzə gətirin ki, tanklar, BTR və BMP-lər, kuzası avtomatlılarla dolu URAL maşınları bir-bir keçir, mən də əvvəl-əvvəl ürək eləməsəm də, atmadıqlarını görüb düz yolun kənarında, şəhərciyin darvazası ağzında dayanıb baxıram.
***
Basılmış şəhərin ağlar və qəzəbli görkəmi. Hər tini, hər küçəni tutmuş zirehli texnikanın, əsgər və zabitlərin işğalçı ordu təəssüratı. Yanvarın 20-si səhərindən yadımda qalan bunlardır. Tələbə yoldaşım Gündüzlə (“Azadlıq”ın keçmiş redaktoru Gündüz Tahirli) Mərkəzi Komitənin qarşısındakı mitinqə getməyimiz, qayıdan baş Nazirlər Kabinetinin qarşısında sinəmi açıb tankın üstündə dayanmış avtomatlıya “Strelyay!” deməyim də yadıma gəlir.
***
Sonuncu imtahanımı vaxtından qabaq verdim – yanvarın 21-də. O vaxt Bakıda qardaşım və bacım da oxuyurdu, onlar semestr imtahanlarını bir neçə gün öncə bitirib məni gözləyirdilər. Bu dəhşətli faciənin içində onları daha neçə gün də yubatmaq istəmədim.
Həmin gün tələbə dostlarımla Semaşko xəstəxanasının morquna getdik. Mən heç toyuq kəsiləndə baxa bilmirdim. İndi birdən-birə bu qədər meyitin qalaqlandığı morqun düz ortasında durmuşdum. Sinəsi deşik-deşik olmuş, üz-gözündə qan laxtalanmış neçə insan. Ağbəniz, olduqca gözəl bir qıza heç birimiz dözə bilmədik. Mən o morqdan gözümdən yaş axa-axa çıxanda daha sovet vətəndaşı deyildim.
***
21-i axşamı qatarla Qarabağa yollandıq – qardaşım, bacım, bir də mən. Fikirləşirdik, görən evə nə vaxt çatacağıq. Bakı-Stepanakert qatarı Ağdamdan o yana keçmirdi. Ağdam-Şuşa avtomobil yolunu da ermənilər çoxdan bağlamışdı. Götür-qoy eləyə-eləyə qərara gəldik ki, vertolyot da olmasa, yol açılana kimi xalamızgildə qalarıq – Ağdamın Muğanlı kəndində.
***
Yanvarın 22-si – şəhidlər dəfn olunan gün – Ağdamda çox gözləsək də, Şuşaya gedə bilmədik, Muğanlıya gedəsi olduq. Hesabla evdə bizdən nigaran qalmamalıydılar, çünki qardaşım Nazim (indi “Yeni Müsavat”ın redaktorudur – Nazim Sabiroğlu) hələ yanvarın 20-si səhər tezdən birtəhər Şuşaya zəng vurub atamla danışmış, “Bakı bir az qarışıb, sağ-salamatıq, nigaran qalma” demişdi.
Nazim bacımla kirayədə qalırdı, atamla danışanda hələ biz bir-birimizdən xəbər də tutmamışdıq, amma çox düz eləyib onu bəri başdan arxayın salmışdı.
***
Ayın 24-nə kimi Muğanlıda qaldıq. Kəndin radio qovşağında qısa fasilələrlə oxunan xırdaca mətn, deyəsən, belə başlayırdı: “Yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun hissələri Bakını zəbt edərək dinc əhaliyə amansızcasına divan tutmuşlar…”
Kənddə qurulan yas çadırında hamının məni sorğu-suala tutması, sovet hökumətinin və yerli kommunist rəhbərliyinin xəyanəti ilə yanaşı Xalq Cəbhəsinin bəzi səhvlərindən də danışmağım yadıma gəlir.
***
Çox təəssüf ki, Azərbaycan xalq hərəkatının başında dayananlar sonrakı illərdə daha bağışlanmaz səhvlərə yol verdilər. Azərbaycan indiki acınacaqlı durumuyla həm də onların əl işi, sənət əsəridir. Ancaq bu da bir başqa söhbətin mövzusudur.
***
Nəhayət, yanvarın 24-ü Ağdam-Şuşa yolu açıldı. Deyəsən, elə həmin gün Stepanakertdə Respublika Təşkilat Komitəsi fəaliyyətə başlamışdı. Dörd bir tərəfdən rusların qoruduğu maşın karvanıyla Şuşaya gedirdik. Neçə vaxtdan bəri bağlı qalan Dağlıq Qarabağ yolu 20 Yanvar şəhidlərinin qanı bahasına açılmışdı…
***
Dağ boyda atamı yumağa dönmüş gördüm Şuşada. Həyatın hər üzünü görmüş və heç vaxt qəddini əyməmiş kişi sınmışdı. Kədər və qəzəb boğurdu onu. Bir azərbaycanlı kimi çəkdiyi qədər də bir ata kimi nigaran qalmışdı.
Ağdamda olanda Şuşaya zəng vura bilməmişdik. Kənddə rabitə işləməmişdi, şəhər poçtunun qarşısındasa qələbəliyi, oğul-uşağından, qohum-əqrəbasından xəbər tutmaqçün növbə gözləyib özündən gedən adamları yarıb keçmək mümkün olmamışdı.
Ağdamın özündə yaşayan qohumlara baş çəkib Şuşanı sifariş eləyə bilərdim, eləməmişdim. Ayın 23-ü axşamı Ağdamda yaşayan bibim oğlu Eldar Muğanlıya gəlib (atam Şuşadan zəng vurubmuş ki, uşaqlardan xəbər yoxdur, get bax, birdən gəlib xalasıgilə getmiş olarlar) məni buna görə möhkəm danlamışdı. Onda hansı səhvə yol verdiyimi başa düşməsəm də, Şuşada anladım.
Demə, Şuşada söz çıxıbmış ki, Bakıda ölənlərin arasında bir şuşalı universitet tələbəsi də var. Bəlkə də hansısa bədxahın işiymiş – deyibmiş ki, ölən universitetdə oxuyan iki qardaşdan biridir. O zaman Bakı Dövlət Universitetində çox şuşalı təhsil alırdı, ancaq iki qardaş tələbə yalnız biziydik. Bizdən də ki, yanvarın 20-dən bəri xəbər çıxmamışdı. Düz ayın 23-də Eldar Muğanlıya gəlib bizi öz gözləriylə görənə kimi.
***
Xalqına üz vermiş faciə, həm də bir neçə gün övladlarından xəbər tuta bilməyib başından asılı qalması atama baha oturdu. Yanvarın son günlərində çox ağır xəstələnib yorğan-döşəyə düşdü və bundan sonra ha əlləşsə də, özünü cəmləyə bilmədi. Yanvar faciəsində tapdığı xəstəlik il yarım sonra onu əlimizdən aldı.
***
Şəhidlərin qırxınacan üzümü qırxmağa üzüm gəlmədi. O yanvarda adam sağ qaldığına utanırdı.
***
Gör o vətən hara gəlib çıxdı.
20 yanvar 2006