Hikmət Sabiroğlu
Mən elə hey Şuşadan danışıram bu Qarabağ söhbətlərində. Görən deyər, Qarabağ bir Şuşadan ibarətdir?
Ağdamı var, Füzulisi var, Cəbrayılı var. Bəri üzdə qalan torpaqları var – Tərtər, Bərdə, Ağcabədi. Beyləqan özü, elə Yevlax da Qarabağdır. Qarabağın oduna düşüb əlimizdən gedən Zəngilanla Qubadlı, Laçınla Kəlbəcər də Qarabağdır. Bununla da bitmir – bir böyrü Naxçıvana dirənir Qarabağın, bir qolu Gəncəyə uzanır. Gör nə boydadır Qarabağ, tarixi Qarabağ…
Hamısını demədik. Martuniylə Hadrut, Mardakertlə Stepanakert də Qarabağdır. Xocavənd, Ağdərə, Xankəndi demirəm. Çünki bu torpaqlar elə Martuniylə Hadrut, Mardakertlə Stepanakert kimi də əzizdir, Qarabağdır. Əsgəran qalası kimi. Qarağacı qəbiristanlığının üstündəki Xramord kəndi kimi. Koçoqot, Vaquaz, Drmbon, Çıldıran, Poqosoqomer kimi – adlara fikir verməyin, hamısı Qarabağdır.
Cəmillisi, Meşəlisi, Kosaları var Qarabağın. Nə qədər sayaq ki, Qarabağ görünsün?..
Xocalının adını çəkə bilmirəm. Onun adını ayrıca çəkmək lazımdır.
Dərdi kimi böyükdür Qarabağ. Amma mən bu boyda Qarabağda elə hey Şuşadan danışıram.
***
Desəm ki, Şuşadan şuşalı olduğuma görə çox danışıram, düz çıxmayacaq. Çünki bu Qarabağ söhbətlərini ağdamlı da aparsaydı, Ağdamdan çox Şuşadan danışacaqdı. Laçınlı da belə eləyəcəkdi. Kəlbəcərli də. Hamı. Şuşa bir ayrı söhbətdir.
***
Laçınlı dostum var – Vaqif, indi Praqada olur. 92-ci ilin may günlərində gözünün nəmini qurulaya-qurulaya birdən qayıtdı:
– Qaqa, palçıq qarışdıranda fikir vermisən? Bir də görürsən “lapatka”nın ucunda bir qırıq sementi vururlar palçığa…
– …
– Laçını “lapatka”nın ucundakı sement kimi qatdılar Şuşanın gözünə…
***
Şuşa alınandan Azərbaycanda ara çox qarışmış, on gündə hakimiyyət əldən-ələ keçmiş, Laçın da elə o qarışıqlıqda getmişdi. Vaqif ona görə deyirdi Laçını “lapatka”nın ucundakı sement kimi vurdular Şuşanın gözünə. Yəni heç bilinmədi Laçın necə getdi əldən.
***
Yazığın bu dərdli sözlərinin başına sonralar çox ip saldım. Əvvəldən də aramızda bir Şuşa-Laçın söhbəti vardı, torpaqlar özümüzdə olan vaxtlar. Laçını tərifləyən kimi ağzının üstündən vururdum:
– Ə, sənin rayonun “Şuşa” qəzetiynən yaşıddır e!
Nə desin Vaqif? Şuşanı Pənah xan tikmişdi, Laçını sovet hökuməti.
***
Elə bilirsiz bir Vaqifi belə “Şuşa prikolu”na tutmuşam? Ağdamlı Vahid Qazi kefimin saz vaxtında məndən bu sözü çox eşidib:
– Qaqa, iyirminci əsrdə Ağdam torpağından iki böyük şəxsiyyət çıxıb – biri sənsən, biri də Tamerlan.
Nə desin Vahid? Bilir ki, şuşalı ağdamlıya ilişəndə hər söz deyər.
***
Ağdamlı bibioğlum vardı – Oqtay. Balalarının toyunu görməmiş köçdü bu dünyadan, əllini təzəcə adlamışdı.
“Naturalnı” ağdamlıydı Oqtay, beləsi hər dəm olmur. Elə ona görə də rəhmətliyə gün verib işıq vermirdi şuşalı qohumlar, komlaşıb düşürdülər üstünə. Beş-altı şuşalı bir ağdamlını lağlağıya tuta, bunun hansına cavab verəsən?
Ağdam gedəndə bibimin hüzrü düşmüşdü. Səhər-səhər yasa gələndə bir küncə çəkilib çömbəlmiş gördüm Oqtayı. Çöplə yer eşirdi. Yaxınlaşanda başını qaldırdı:
– Dincəldinizmi, ay qalalılar?! Ağdam da getdi…
Bütün şuşalı qohumların acığını məndən çıxdı.
Vallah, o zarafatlar mənlik olmamışdı, həm yaş fərqimiz vardı, həm də aramızda pərdə.
***
Oqtayın qardaşı Eldar da babat ağdamlıdır. Bir yol onun maşınında gedirdik. Keçmiş Çapayev küçəsində “QAİ” bizi saxladı. Haqqına saxlamışdılar, amma Eldar maşından dəli kimi düşüb onları borclu çıxardı. Çox pis mübahisə başladı. Onlar iki, Eldar tək. Mən qarışmadım.
Mübahisə qabaqda – “QAİ” maşınının yanında gedirdi. Eldar çır-çır çığırırdı:
– Nəə saxlatmızıs, ə, məni?!
Deyişdilər, deyişdilər, axırda polislərdən biri bezib aralandı, bizim maşına tərəf gəldi. Çərləmişdi, başını bulaya-bulaya soruşdu:
– Nətəər adamdır, ə, bu! Sən də ağdamlısan?
– Yox… Qalalıyam.
Əlini lap yaxına, aeroport yolu tərəfə uzadıb təəccüblə:
– Qalalı? Sən hara, ağdamlı hara? – məni Bakının Qala kəndindən bildi.
– Şuşa qalasından e, Şuşadan.
Bir az duruxub təzədən qayıtdı:
– Şuşalı? “Tem boli”! Sizin bir-birinizi görən gözünüz yoxdur.
Gədəbəyliymiş. Ağdam-Şuşa söhbəti haralara gedib çıxıb…
***
Ağdamlı tələbə yoldaşım Səidə məni çox vaxt “qalalı” deyə çağırardı:
– Qalalı, nətəərsən?
– Səən sağlığın…
– Mən ölüm, niyə bozbaşa noxudu sayıb tökürsüz?
Noxud çoxdanın söhbətidir. Ağdamlılar deyir, qalalılar noxudu simiclikdən sayır.
Mənim anam da ağdamlıdır:
– Qıza denən, qalalılar qədərin bilir. Noxudu çox salanda bozbaşın dadını qaçırır.
***
Görün bibimin əri, qalalı Mikayıl dayı nə deyərdi:
– Ağdamlıya salam verəndən sonra barmaqları saymaq lazımdır…
***
Ağdamın yarısı şuşalıydı, Şuşanın yarısı ağdamlı. Orda bizim qohumlar, burda onların qohumları. Biz ordan bazarlıq eləyərdik, onlar canlarını Şuşada dincə qoyardılar. Xeyrimiz-şərimiz bir. Ləhcəmiz bir. Bizim bir-birimizdən başqa kimimiz vardı axı?! Amma gözümüzü açıb elə Ağdam-Şuşa söhbəti görmüşdük: onlar elədir, biz belə, biz beləyik, onlar elə…
Ağdamsız, Şuşasız da davam eləyir bu Ağdam-Şuşa söhbəti. Bu söhbətlərdə yenə Ağdam Ağdamdır, Şuşa da Şuşa.
***
Ağdam Ağdamdır, Şuşa Şuşadır. Hər ikisi Qarabağdır. Amma Ağdam Şuşa deyil.
– Şuşasız Ağdam mənim nəyimə lazımdır, ə? – Eldar deyir bunu.
Bunu hər ağdamlı deyir. Gedin laçınlıdan soruşun – o da elə deyəcək. Kəlbəcərli də. Zəngilanlı da. Hamı.
***
Dağın kəlləsində oturub böyür-başa yuxarıdan baxmağa öyrəşmişdik. Qıraq adam bir az özünü pis aparanda bilirsiz Şuşada ona nə deyirdilər?
– Qaqa, burda Qacar baş qoyub gedib ha!..
Baş qoyub yox ha, baş qoyub gedib.
Qıraq yerin adamına Şuşada “aşağıdan gəlib” deyərdilər. Dağın kəlləsində oturmusan, səndən yuxarıda bir göy üzüdür, bir də Allah – aşağıdan gələn gözə görünər? Ən azı vedrə bağlayardılar.
***
Ala qarğa bala çıxarmazdı Şuşada.
Atam bir laçınlı kişini avtobusun dalınca qaçan görmüşdü. Hər iki əlində ağır zənbil varmış, görüb “Paqorod” – şəhərarası avtobus tərpəndi, hıqqına-hıqqına birtəhər “Saxlaaa” deyib. Yazıq o boyda yüklə qaçırmış, “a” nətəər uzanmasın: “Saxlaaa”…
Atam bunu bizdə bibim oğlu Vamiqə danışanda, çox güman, “a”nı bir az da uzatmışdı: “Saxlaaaaaaa”…
İl-ildən Vamiq də dartıb uzatdı. Guya laçınlı o dar macalda segah oxuyurmuş: “Saxlaaaayyheyyyeyyey!”
Sonralar mən Vaqiflə, başqa Laçın uşaqlarıyla məzələnəndə kişinin başına qulaqlı papaq da “qoymuşdum”, qulaqları üstdən açıq papaq. Guya kişini papağın qulaqları atdana-atdana qaçan görüblər: “Saxlaaaayyheyyyeyyey!”
***
Xanlıq paytaxtı olmuşdu Şuşa. Biz görən Şuşada da xanlıq havası qalmışdı. Ona görə ağdamlılar bizə “quru bəy” deyirdilər. Cibdə bir manat yox, amma əyində “dvuxportnu” kostyum, boğazda qalstuk, dil də, maşallah, bir metr.
Kasıb şəhəriydi Şuşa, amma kürəyini yerə verən deyildi. Şuşada dilənçi olmayıb heç vaxt, biləsiz. Həm tarixi Şuşada, həm də biz görən Şuşada olsa-olsa ayda-ildə bir qıraqdan gəlib diləniblər, o da əlsiz-ayaqsız adamlar. Şuşa dilənçisiz şəhəriydi. Azərbaycanda ikinci belə yer yoxdur.
Şuşada varlı-kasıb söhbəti aşağı rayonlardakı kimi dərin deyildi. Burda süpürgəçi Mirzəqulunun da özünə görə hörməti vardı.
***
“Kasıb oğlandır”. Bir vaxt bu həm də “mərd oğlan” kimi çıxırdı. Şuşasız Azərbaycanda kasıb oğlana münasibət başqadır…
***
Britaniyalı jurnalist var – Tomas de Vaal. “Qara bağ” kitabını yazıb. Bir yol şuşalı jurnalist Kərim Kərimliyə deyib ki, azərbaycanlıların Şuşanı necə sevdiyini küçələrdən də görürəm, Bakıda hara gedirsən, Şuşa yazılıb.
Tomas qapı-pəncərə dükanlarına vurulmuş “Şüşə” sözünü Şuşa bilibmiş…
Amma dəxli yoxdur, azərbaycanlılar Şuşanı Tomasın fikirləşdiyindən də çox istəyirlər. Ağdama-Füzuliyə, Qubadlıya-Zəngilana, Kəlbəcərə-Laçına sevgidən nəsə seçilir Şuşa sevgisi. Şuşanın adı gələndə ən vecsiz adamın da gözü yol çəkir.
Azər Qaraçənlinin sözüdür:
– Heç müğənnilərə fikir vermisən? Kimi dindirirlər, deyir, gün o gün olsun, Şuşada konsert verim. Demir Ağdamda konsert verim. Laçını, Kəlbəcəri də demir. Deyir, Şuşada konsert verim.
Əvvəllər Şuşada işləmiş bir polis polkovniki vardı, laçınlı. Allah rəhmət eləsin, Bakıda rəis olduğu idarədə şuşalı tutub gətirməyi qadağan eləyibmiş.
“Razvod”da açıq deyirmiş:
– Bura şuşalı tutub gətirməyin. Laçınlı gətirin, ağdamlı gətirin, kimi istəyirsiz gətirin, bircə şuşalı gətirməyin!
Dostlardan birinin oğlu olmuşdu, restorana yığışmışdıq. Demə, bu gün restoranda şouymuş. Neçə müğənni oxuyandan sonra Tünzalə Ağayeva gəlib çıxdı ora. Sifariş yolladıq ki, “Şuşa” mahnısını oxusun. Sözümüzü yerə saldı. Xəbər göndərdi ki, mən o mahnını belə yerdə oxumuram.
***
Hamı elə Şuşa deyib durub.
***
Tünzalənin oxuduğu mahnının sözləri Səməd Vurğunundur. Əvvəllər xəbərimiz olmayıb:
Bir əcəb gülşəndi torpağın-daşın,
Dumanlı dağlardı həyat yoldaşın…
Kompüterimdə var “Şuşa” mahnısı. Bir də görürsən yığıram Elxanı, birgə qulaq asırıq.
– Ə, Allah rəhmət eləsin Səməd Vurğuna, elə bil bizim bu günümüzü görüb yazıb.
Elxanın sözüdür. Hər dəfə də bu duman məsələsindən yapışır. Dumanı əskik olmazdı Şuşanın.
***
Dumanın gəlişini mən yarım saat əvvəldən bilirdim uşaq vaxtı. Anam deyirdi, ayaqlarım sızıldayır, duman gələcək. Gəlirdi də.
***
O dumanlı günlərin biri yadımda ürəyimin sızıltısıyla qalıb.
***
Elxan o gün deyir, qaqa, nənəmin başına açdığımız oyunu niyə yazmırsan, üzün gəlmir?
Beşdə-altıda oxuyan vaxtlarımızın söhbətidir. Hardansa bir qulağı tamam yanmış manat keçmişdi əlimizə. Bir qulağı nədir, parası yanmış. Fikirləşirdik ki, bunu nə cür xırıd eləyək.
Dərsdən sonra özümüzü vurduq bazara. Elxan, mən, bir də Şakir. Bir balaca kəşfiyyatdan sonra məlum oldu ki, heç kimə paçka basa bilməyəcəyik, bəlkə elə Elxanın nənəsini aldadaq? Bazarda yuxa satırdı, çox abırlı bir arvadıydı. Elxan razılaşdı.
Pulu səliqəylə bükmüşdük, yanığı bilinmirdi. Qoyduq arvadın qabağına ki, bizə üç dənə yuxa ver. Yazıq arvad nəvəsinə yuxa satmaq istəmirdi, üstəlik, Şakirlə məni də tanıyırdı. Nə illah elədi, havayı götürün, dedik, yox. Məqsədimiz var axı, üç yuxa 30 qəpik eləyir, bizə pulun xırdası lazımdır. Nəysə, müftə yuxa yedik, 70 qəpik də qazandıq.
Axşam arvad evdə pulu sayanda içindən bu yanıq manat da çıxıb, təbii. Elxan boynuna alıb ki, biz verən puldur. Elə mən də gedib evdə demişdim. Biz yuxanı həmişə “Nənə”dən alırdıq, sirrin bəri başdan açılmağı yaxşıydı ki, sonradan üzünə baxa bilim.
***
Bunu yazmağa nə var, ay Elxan? Yadımda ürəyimin sızıltısıyla qalmış o dumanlı günlərin birindən yazmağa hünərim çatmır. Belə şeyləri yazmaq nədir, oxumaq da hünər istəyir. Sinif yoldaşım Xaqaninin bir laçınlı qızdan ötrü dəli olub çöllərə düşdüyünü, axırda da onu aldığını yazmışdım. Xoşuna gəldi qaqamın. Amma özünü öldürdü ki, birdən ayrı şeylər də yazarsan.
Yazmıram, qaqa, qoy evdəkilər elə bilsinlər ki, biz ömrümüz boyu yalnız onlardan ötrü ölmüşük.
Yazmasaq da olar. Sevgilər yaddan çıxan deyil onsuz da.
***
Qoy o sevgilərin hamısı sevgilisi dumanlı dağlar olan Şuşa sevgisinə qurban olsun, qaqa.
Şuşa-Ağdam söhbəti də Şuşa-Ağdam sevgisinə qurban olsun.
***
Siz heç Ağdamdakı Şuşa avtovağzalında olmusuz? Şuşa avtobusuna adamı nətəər haylayırdılar, qaqa?
– Qalıya gedən var, Qalıya? Qaldıq burda, ə…
31 mart 2006
“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif • Mahnılar • Almatıya məktub • Güllələr, toylar, şəkillər • Sərçələr qaldı