Yanvarın 13-də Müsavat Partiyasının başqanı Arif Hacılıya Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xəbərdarlıq edilib. Transparency.az saytına danışan Müsavat başqanı bildirib ki, idarə rəisi partiyanı bölgələrdə keçirilən aksiyaları təşkil etməkdə günahlandırıb: “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi general-mayor Seyfulla Əzimovla görüşdüm. Mənə bildirdi ki, onlarda Siyəzən, Lənkəran və digər rayonlarda başlayan aksiyaların təşkilində Müsavat Partiyasının iştirakı haqda məlumat var. Məni dəvət etməkdə də məqsəd Müsavat Partiyasına və mənə xəbərdarlıq etməkdir.
Bildirdim ki, Müsavat Partiyası bu aksiyaların təşkilatçısı deyil. Biz aksiya keçirmək haqda qərar verdikdə bu barədə əvvəlcədən aidiyyəti orqanlara məlumat veririk, bundan sonra da belə olacaq. Eyni zamanda Lənkəranda həbs olunan Müsavat və AXCP yerli təşkilatlarının sədrlərinin azadlığa buraxılması zərurətini diqqətə çatdırdım”.
Lənkəranda yanvarın 12-də keçirilmiş etiraz aksiyası ilə əlaqədar AXCP və Müsavat Partiyası rayon şöbələrinin sədrləri Nazim Həsənli və İman Əliyev həbs ediliblər. Virtualaz.org saytının məlumatına görə, Lənkəran Rayon Məhkəməsinin 13 yanvar qərarı ilə hər iki şəxsə qanunsuz aksiya təşkil etmək ittihamı ilə 1 ay müddətinə inzibati həbs cəzası verilib.
Müxalifətçilərin yaxınları isə çıxarılan qərardan narazıdırlar. Onlar deyirlər ki, Nazim Həsənli və İman Əliyev dünənki aksiyada iştirak etməyiblər. Qohumları iddia edirlər ki, Nazim Həsənli aksiya barədə məlumat yaydığına və şəkilləri “Facebook” səhifəsində paylaşdığına, İman Əliyev isə “Azadlıq” radiosuna müsahibə verdiyinə görə cəzalandırılıb.
Transparency.az bildirir ki, yanvarın 12-də Arif Hacılı “Facebook” şəbəkəsində yazıb ki, hakimiyyət illər uzunu olduğu kimi yenə də problemləri həll etmək yox, etirazları zorakılıqla susdurmaq yolunu seçir: “Bu dəfə alınmayacağı qənaətindəyəm”.
Yanvarın 13-də isə o, səhifəsində bunları qeyd edib: “Hakimiyyət yenə də problemləri zorakılıq yolu həll etmək istəyir. Ölkədə başlanan narazılıq dalğasını iqtidar-müxalifət qarşıdurması kimi təqdim etməyə çalışır. Hər etiraz aksiyasından sonra Müsavat üzvləri, digər partiyaların nümayəndələri həbs edilir. Amma indi vəziyyət başqadır. Hakimiyyətin rəzil iqtisadi siyasəti, korrupsiya və rüşvətxorluq ucbatından indi kredit borclarını ödəyə bilməyən 2 milyon 532 min ölkə vətəndaşını, bankdan kredit almaq üçün girov qoyulacaq bir şeyi olmadığı üçün kredit borcu olmayanları, 38 manata olan un kisəsini ala bilməyən yüz minləri neyləyəcəksiniz? Bir azdan hər bankomatın qarşısında bir mitinq olacaq. “Bunu da müxalifət adamları qızışdırıb təşkil etdi” deyəcəksiniz? Papağınızı qarşınıza qoyub yaxşı fikirləşin”.