“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif • Mahnılar • Almatıya məktub • Güllələr, toylar, şəkillər
Hikmət Sabroğlu
Bu söhbət 89-cu ilin yayında Şuşada olub. Şəhərdə veyllənirdik: Bazarbaşı-Meydan, Meydan-Bazarbaşı…
***
Şuşalılar Bazarbaşı-Meydan arası gündə yüz kərə qarşılaşsalar da, hər yol salamlaşardılar. Birinci dəfə əl tutardılar. İkinci dəfə “Nə var, nə yox?” deyib keçərdilər. Üçüncü dəfə sakitcə başla salam verərdilər. Dördüncü dəfə göz vurub ötərdilər. Beşinci, altıncı, yeddinci… Aralarında zarafat varsa, bu salamlaşmalar axırda babat bir söyüşə çönərdi. Söyüş də olardı, amma salamsız ötmək olmazdı.
***
Bazarbaşına çataçatda yolun o tayında – qastronomla Fərmanın kiosku arasında yığışmış Ermənistan qaçqınları tərəfə baxdıq yenə, bayaqdan orda durmuşdular. Yorğun və əzablı, nimdaş və sinsimiş on-on beş nəfər. Səbuhiyləydim. “Se” sinfi bölünəndən sonra bizim uşaqların o biri yarısıyla birgə oxumuş, amma elə hamımıza qaynayıb-qarışmış, sinif yoldaşı dediyimiz Səbuhi:
– Qaqa, heç ağlına gətirirsən, biz də qaçqın düşək, bunlar kimi boynumuzu büküb yolun qırağında duraq – Kürdəmirdə, Hacıqabulda?..
Öz dediyimdən özüm üşəndim. Elə Səbuhi də diksinən kimi oldu:
– Ə, nə danışırsan, ölüm ondan yaxşıdır, biz Şuşasız dura bilərik?
***
Biz Şuşasız dura bilmirdik, nə yayda, nə qışda. Çox vaxt tətildən birgə qayıdırdıq Səbuhiylə. Bakıya çatan günün səhərisi ya mən dəli kimi “İnşaat”ın yataqxanasına cumurdum, ya o mənim yanıma gəlirdi. Elə bil Şuşadan dünən gəlməmişik, elə bil iki il əsgərlik də çəkməmişik – ana uşağı kimi bir-birimizi ovundururduq.
Tətildən birgə qayıtsaq da, Şuşaya ayrı-ayrı dönürdük, bir-birini gözləmək yoxuydu. Kim imtahanı birinci bitirsə, tez qaçıb Şuşaya bilet alırdı. Şuşanın payından kəsmək olmazdı. Hətta ən əziz dostun xətrinə.
Yayda Şuşaya qaçırdıq – axşamlar pencəklə gəzməyə, gecələr yorğana bürünüb yatmağa.
Qışda Şuşaya qaçırdıq – sazağında-qarında burnumuzun ucunu üşütməyə, qulaqlarımızı qızartmağa.
Yazda Şuşaya qaçırdıq – torpağını iyləməyə, yağışında islanmağa.
Payızda Şuşaya qaçırdıq – xəzəlində batmağa.
Fəsil söhbəti yoxuydu. Biz qaçqın düşüb hardasa boyun bükəmi bilərdik, Şuşasız duramı bilərdik?..
***
Şuşanın qışı ayrı qış olurdu. Şəhərdə bir özümüz qalırdıq, bir də sərçələr. Sərçəni çox sevərdik, köçəri quş deyil axı. Bir yol tətil vaxtı İlhamın kaptyorqunda onu məzəyə tutanda elə bu cür də dedi:
– Noolar, İlyas. Sən də bu qaranquşlara qoşulub məni dola, görüm sərçə kimi boynunu bükəndə neyniyəssən…
Üç sinif yoldaşının birdən-birə onun üstünə düşüb məzələnməyi İlhamın xətrinə dəydi həmin gün. Ona ən çox yer eləyən İlyasın Şuşaya tətildən-tətildən, bayramdan-bayrama gələn Azərlə mənə qoşulması olmuşdu:
– Sərçə kimi mənnən qalassan e burda…
Şuşada “qar ayaqlamaq” söhbəti vardı – yəni əgər sən il uzunu doğma şəhərdəsənsə, bura yaydan-yaya gələn yerli adamdan daha hörmətlisən. Bəs nə, yayda Şuşaya gəlmək asandır, hünərin var qışda gəl, qar ayaqla…
***
Ermənistan qaçqınlarına münasibət birmənalı deyildi Şuşada. Onlara ürəkdən acıyan, hayan olanlar da vardı, yurdunu-yuvasını atıb qaçan adamlar kimi yuxarıdan aşağı baxanlar da.
Bir yol İstirahət evinin (biz “Domotdıx” deyirdik) həyətindən yuxarı diklənəndə burda məskunlaşmış iki qaçqın ailəsinin dava elədiyini gördük Azərlə. Bir arvad qonşusuna söyüş yağdırırdı ki, niyə sənin uşağın mənim qozumu daşlayır?!
“Domotdıx” xanlıq dövrü Bəhmən Mirzənin malikanəsi olmuşdu. Şuşaya dünən-srağagün gəlmiş qaçqın arvadın sığınacağının qarşısındakı qoz ağacına “mənim qozum” deməyi gülməli göründü bizə.
Bu çəpər davasını axşam evdə danışanda atam istehzamı çox sərt qarşıladı:
– Lağ eləmə, bala, lağ eləmə. Yurd itiriblər, onlar indi havalıdırlar, Allah heç kəsə o dərdi qismət eləməsin.
***
Atamın nə demək istədiyi mənə sonralar çatdı.
***
Elxanın anasının dəfnini xatırlayıram. Qəbrin üstünü örtməyə başlayanda Firat müəllimin gözlərindən yaş süzələndi. Sanki bir yeniyetmə ilk məhəbbət yaşı tökürdü. Bayaqdan çox möhkəm dayanmışdı, ömür-gün yoldaşının itkisini için-için çəkirdi, ancaq daha dözmədi, üzünü yana tutub pıçıldadı:
– Amanat qoyuruq, Şuşaya gedəndə özümlə aparacam…
Pıçıltıyla dedi, mən lap böyründə durmuşdum deyə eşitdim.
Yaşı yetmişi çoxdan adlamış adam dedi bunu.
Biz Bakıda tək evimizə yox, əzizlərimizin qəbrinə də müvəqqəti sığınacaq kimi baxırıq. Bir gün bu evləri buraxıb, əzizlərimizi götürüb geri qayıdasıyıq…
***
Qaçqınlığın ilk illərində bir evdə yas düşəndə ən böyük dərd qəbiristanlıq dərdiydi. İndi hərə öz səmtini tapıb. Bütün Bakı şuşalı qəbriylə doludur. Pirşağıda ayrıca Şuşa qəbiristanlığı da var.
Qəbir yerinin satıldığını biz qaçqınlıqda gördük.
***
Qaçqınlığın sirləri var. Kom yaşamaq yaxşıdır, xeyirdə-şərdə böyrünü tez kəsdirirlər, həm də uşaqlar bir-birini tanıyır, nəsil itmir. Yeni Yasamalı ona görə çox istəyirik, ən çox şuşalı burda olur.
– Qaqa, buranın “dvijeniya”sı elə Şuşa “dvijeniya”sıdır – İslam deyir bunu.
Qıraqda-bucaqda, əldən-ayaqdan uzaq yerdə olmaq pisdir, ölü yerlərindən gec xəbər tutursan, xəcalət çəkirsən. Heç yadımdan çıxmaz, beş il qabaq uzun ayrılıqdan sonra sinif yoldaşları bir yerə yığışmışdıq. İki Elçinimizdən biri – “Qaraddi” də ordaydı. Hal-əhval tutanda Rəhim dayını da soruşdum, atasını.
– Kişi nə gəzir, qaqa, neçə ildir ölüb…
Uşaqların çoxu bilmirmiş. Elçin Zuğulbada olur, oraynan elə bir əlaqəmiz yoxdur. Lənət olsun qaçqınlığa, gör kimin ölümündən xəbər tutmamışıq – Sadıqcanın nəvəsinin.
***
Dara düşəndə, tıncıxanda Şuşanın kişiləri də qarğış eləyər:
– Tifağın dağılsın, erməni!!!
Kişi qarğışı ağır olar – bunu uşaq vaxtı anamdan eşitmişəm.
***
Ağdam yaslarının çayçısı vardı – Əliş. İl yarım olar rəhmətə getdiyi. Nər kimi oğlanıydı, demə, ürəyi xəstəymiş. Onun yasında Aqil Abbas əhvalını soruşan bir nəfərə bilirsiz nə dedi?
– Ə, nətəər olajam? Evdə qabağıma çay qoyanda da deyirəm Allah qəbul eləsin. Bu qədər yas olar?..
Baş tərəfdə asılmış şəklə uzun-uzadı baxdı:
– Yazıq Əliş…
Bir bazar sinif yoldaşlarım Oqtay və Səbuhiylə düz dörd yas yerində olduq, üçü şuşalıydı. Axırıncı yasdan – bu da qarabağlı yasıydı – çıxanda “Səbu” maşını yerindən hirslə götürdü:
– Salavat çöyürməkdən əlim qabar oldu, ə!..
Bu, ayrı Səbuhidir, düz on il mənnən bir sinifdə oxumuş Səbuhi. Hər şeyi zarafata salan Səbuhi.
Zarafata salmasan, canındakı ağrını çıxarmaq çətindir. Amma ölüm-itim çoxaldıqca ta zarafat da kömək eləmir…
***
Pirşağıdakı Şuşa qəbiristanlığı dolub daha. Ötən ilin sonunda yerli bələdiyyə uzun bir səngər qazdırıb sərhəd qoymuşdu ki, burdan o yana keçmək olmaz. Bir qarabağlı hökumət adamı işə qarışandan sonra sərhədi götürdülər. Bizə hələ çox yer lazım olacaq orda…
O qəbiristanlığı yarıyacan dolaşmaq bəsdir ki, dərddən qol götürüb oynamaq dərəcəsinə çatasan…
***
Atam öləndə qırx gün qəbiristanlığa gedib-gəldim – ustalar qəbrin üstünü götürürdülər, günümün çox hissəsini orda olurdum. Şuşadan, Mirzə Həsən qəbiristanlığından danışıram. Hamıya yer vardı orda.
***
Şuşa yasları ağır məclislərdir. Bakılılar üçdən sonra mağarı yığırlar, çox vaxt üçlə yeddini birləşdirirlər. Ağdam əhli də qaçqınlıqda adət-ənənəyə əl gəzdirdi – indi onlar üçdə ehsan vermir, üçlə yeddi arasında mağarı yığışdırırlar. İmkanlı adamlar qabağa düşüb belə elədilər ki, kasıb-kusuba zor düşməsin. Düz elədilər, Allah köməkləri olsun.
Şuşalılarsa öz adətləriylə gedirlər. Lap yüz yaşında adamın da hüzründə yeddi gün otururlar. Mağarın bir günü az qala 100 dollardır. Başqa xərcləri demirəm. Heç kəs də adətdən qırağa çıxmağa ürək eləmir. Ağdama baxmayın, Şuşa qəliz yerdir – belə məsələdə qabağa düşmək çətindir Şuşada. Bakının Şuşasında da.
***
Çayçı Əliş Ağdam üçün kimiydisə, çayçı Rafael də bizim üçün odur. Allah Rafaelə dəyməsin, yüz nəfərlik mağarda bir nəfər də gözündən yayınmır, çayı dəmləyir də, paylayır da, stəkan-nəlbəkini yuyur da. Təkbaşına. Hələ bir zarafata da vaxt tapır:
– Lenin deyib ki, incəsənət xalqa, çayçılıq Rafayıla məxsusdur.
Çox qənimət adamdır Rafael.
Əflatun – “Əfi” də yaxşı çayçıdır. O da zarafatcıldır. Bir yol “28 May” tərəfdə durubmuş, böyründə də Sərdar. Ləqəbi “Qoci”di Sərdarın.
– Qaqa, gördük Dəli Əbili gəlir. Dedim, Qoci, özümü tanımazlığa vuracam, guya mən qubalıyam.
“Əbili” Şuşa çıxandan Əflatunu görməyibmüş, yaxınlaşan kimi qollarını açıb:
– Bay, saa qurban olum, qaqa!
Əflatunun tükü də tərpənməyib. Özünü qıraq adam kimi göstərib. Rəhmətlik “Qoci” də bunu “təsdiqləyib”:
– Ə, nə həşir salmısan “Əfi”, “Əfi”? Bu kişi qubalıdır, alma satmağa gəlib bura.
“Əbili” (o da rəhmətə gedib) bir addım dala çəkilib maddım-maddım Əflatuna baxıb. Kövrələ-kövrələ deyib:
– Vay dədə! Şuşada bir çayçı Əflatun vardı, nətəər oxşuyursan, ə, ona.
Bundan sonra ürək durar? Qucaqlaşıb ağlaşıblar.
Rafaelin bir mağar işçisini nətəər doladığını da deyim. Möhkəm soyuqlayıbmış mağar işçisi. Rafael onu yaxınlıqdakı aptekə göndərib ki, təzə dərman çıxıb. Talış olub həmin işçi. Aptekçi deyib ki, qırx ildir bu işlə məşğulam, hələ məndən bu adda dərman istəyən olmayıb.
Rafael dərmanın adını “Zebb-17” deyibmiş.
***
Belə çayçıları olan yaslar yüngül ötər.
***
Çayçı Əflatun saatlarla Şuşa məzələrindən danışır, yoruldum demir, yoruldum demirsən:
– Bazarın içində işləyən vaxtlarımdır. Səhər tezdən qalstuklu-zadlı bir kişi əlində bir stəkan qaymaq, bir büküm yuxa içəri girdi. Şəhər adamı deyildi. Buna bir şirin çay verdim, oturub başladı “zaftrak” eləməyə.
İçəridə beş-altı, Əflatunun təbirincə, qəjələ varmış, söyüşə-söyüşə zarafatlaşırmışlar, çox pis söyüşürmüşlər.
– Gördüm bu kişinin halı dəyişir, boğazından çörək keçmir. Elə bu dəm diş doxturu Nadir içəri girdi, əlində yekə bir zənbil. Hamı bir ağızdan “bay, həkim, xoş gəldin, keç otur” dedi. Həkim də hamını bir-bir süzəndən sonra bunların topasına babat bir söyüş söydü. Qaqa, kişini od götürdü. Qaşığı qaymaq boşqabına çırpıb çığırdı: “Boy, ə, sizin həkiminiz budursa, bəs siz nəçisiz?!”
Qıraq adamlar Şuşa zarafatına çətin alışardı. Bir yol mən aralanan kimi bizim sinif uşaqları qrup yoldaşım Əlisəfayla nətəər məzələnmişdilərsə, qulağına qədər qızarmışdı, Şuşaya qonaq gəldiyinə peşman olmuşdu.
Qonaqdan ötrü özlərini öldürərdilər, amma elə qonaqla da məzələnərdilər Şuşada.
***
Qıraq yerdə bağrı çatlayırdı şuşalının. Bibim oğlu Vamiqin İmişliyə yasa getməyini xatırlayıram. Bir günlüyə gedib qayıdacaqdı, bir həftə əvvəldən qan ağlayırdı ki, bu yayın istisində mən neyləcəyəm orda. Gələndən sonra da bir həftə İmişlinin istisindən danışdı.
***
İndi bilirsiz İmişlidə nə qədər şuşalı olur?..
***
Bazarbaşına çataçatda, qastronomla Fərmanın kiosku arasında dayanan o Ermənistan qaçqınları yadındadırmı, Səbuhi? Yorğun və əzablı, nimdaş və sinsimiş on-on beş nəfər. Mənim sualım necə:
– Qaqa, heç ağlına gətirirsən, biz də qaçqın düşək, bunlar kimi boynumuzu büküb yolun qırağında duraq – Kürdəmirdə, Hacıqabulda?..
Sənin nə cavab verdiyin mənim yaxşı yadımdadır:
– Ə, nə danışırsan, ölüm ondan yaxşıdır, biz Şuşasız dura bilərik?
22 mart 2006