“Əhali nə manata, nə Mərkəzi Banka, nə hökumətə, nə ölkənin gələcəyinə güvənir”. İqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə paylaşdığı şərhdə belə yazır. Transparency.az-ın məlumatına görə, ekspert qeyd edir ki, dünya ölkələrinin gələcək inkişaf trendlərinə, cari problemlərinə işıq salan, investorların və hökumətlərin perspektivləri görmələri üçün vacib iqtisadi indekslər var: “Bunlardan biri də istehlakçı güvən indeksidir” (İGİ). Bu indeksin ölçülməsi həm hökumətlərə, həm də biznesə planlar qurmağa yardımçı olur. Böhranlı vəziyyətlərdə İGİ göstəriciləri çox önəmlidir, istehlakçının güvəni artanda xərcləmələri artır, xərcləmələr artdıqca iqtisadiyyatın çarxları dönməyə başlayır və daxili bazar genişlənir, istehlak hesabına böyümə sürəti artır.
2008-ci ildə ABŞ iqtisadiyyatında böhran yaranarkən Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini 0-0,25%-ə saldı, birjalara, banklara, fondlara hər ay 85 milyard dollar axıtmağa başladı, bu da ABŞ iqtisadiyyatını böhrandan daha tez çıxmasına səbəb oldu. Bu gün Avropa Mərkəzi Bankı iqtisadiyyata ayda 60 milyard avro, Çin Mərkəzi Bankı ayda 40-60 milyard yuan arası pul axıdır ki, güvən yüksəlsin. Əslində bu yol müvəqqətidir, “yanğını söndürməyə” hesablanıb, daim bu yolla getmək olmaz, çünki artım tək pul çap maşınına görə olur, iqtisadi faktorlar ikinci plana keçir. ABŞ bunu bilir, ona görə də FES faizi artırdı ki, iqtisadiyyat öz təbii yolu ilə inkişafa geri dönsün, çünki bu zaman inkişaf daha dayanıqlı, uzunmüddətli və effektiv olur.
Bizim Mərkəzi Bankda da indi böyük həcmdə, milyardlarla manat kütləsi yığılıb. Bankın rəhbəri Elman Rüstəmov camaata deyir ki, pullar yastıq altındadır, amma Mərkəzi Bank da pulları seyflərinə yığıb, iqtisadiyyata buraxa bilmir. Manatın iqtisadiyyata buraxılmasının əsas iki yolu var. Birincisi, Mərkəzi Bank faiz dərəcəsini aşağı salır, banklara ucuz faizlə manat verir, banklar da o manatı kreditlər şəklində biznesə və əhaliyə ötürürlər. İkincisi, maaşlar və təqaüdlər artırılır. Bəla budur ki, hər iki yol inflyasiyanı və manatın dəyərdən düşməsini sürətləndirəcək. Çünki əhali nə manata, nə Mərkəzi Banka, nə hökumətə, nə ölkənin gələcəyinə güvənir, əlində olanı belə xərcləmək istəmir. Hətta indi kreditlər sadələşsə belə, kredit alan həmin manatı dollara çevirib sonra nə edəcəyi haqqında düşünəcək. Banklar da kreditləşmənin artmasından qorxur, çünki onsuz da problemli kreditlər xirtdəyəcən artıb. Paralel olaraq iş yerləri, əhalinin gəliri də azalır, bu da kreditlərin geri dönüşünü çətinləşdirir.
Bir sözlə, istehlakçının güvəninin artması üçün əhalinin sistemə, hökumətə, sabahkı gününə güvəni artmalıdır. Bunun yolu isə hesabatlı və xalqın seçdiyi hökumət modelindən keçir. Yəni yenə də məsələ gəlib siyasi islahatlara dirənir, artıq yarımçıq və sistemsiz atılan iqtisadi addımlar heç bir effekt vermir, verməyəcək də, çünki güvən ölüb. Güvənsizliyin səbəbi isə siyasi sistemə, ədalətsiz idarəetmə modelinə dirənir”.