Ekspert Samir Əliyev Azərbaycanın bəzi dövlət şirkətlərinin və banklarının beynəlxalq mövqeyində geriləmələrin başladığını yazır.
Transparency.az-ın məlumatına görə, sosial şəbəkədə şərh paylaşan ekspert qeyd edir ki, “Standard and Poor`s” (S&P) beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) reytinqini dövlət şirkətinin öz istəyi ilə geri çağırıb: “Reytinq agentliyi ötən ilin dekabrında QSC-nin kredit reytinqini “BB-“ səviyyəyə endirib. Səbəb şirkətin borc öhdəliyinin icrasını gecikdirməsi olub”.
Samir Əliyev neftin ucuzlaşması ilə milli valyutanın iki dəfə devalvasiyaya uğramasını dövlət şirkətlərinin və bankların likvidliyinə mənfi təsir kimi qiymətləndirib. Ekspert “Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqinin geri çağırılmasında təəccüblü heç nə olmadığını qeyd edir: “QSC bu addımı atmasaydı, bir neçə aydan sonra onun reytinqi daha da aşağı salınacaqdı. Ötən il dekabrın 11-də S&P “Azərbaycan Dəmir Yolları” QSC-nin reytinqi “BB+”dən “BB-” səviyyəsinə endirmiş və xəbərdarlıq etmişdi ki, ödəmələrlə bağlı risk artacağı təqdirdə reytinq daha bir neçə səviyyə aşağı salınacaq. Görünür, xüsusilə ikinci devalvasiyadan sonra “Azərbaycan Dəmir Yolları”nın ödəmə problemi daha da kəskinləşib və qabaqlayıcı tədbir olaraq öz xoşu ilə reytinqdən imtina edib.
ADY-nin reytinqinin aşağı salınmasına səbəb Maliyyə Nazirliyinin lazımi anda dəstək verməməsi olmuşdu. Hökumətdən yeni kredit müqavilələri bağlamağa icazə almasında bəzi bürokratik prosedurlar, şirkətin fəaliyyətinə effektiv və səmərəli dövlət nəzarəti mexanizmlərinin olmaması, likvidliyin tələb olunandan da aşağı olması kimi amillər də reytinqin aşağı salınmasına təsir etmişdi.
S&P ilə müqayisədə ADY “Fitch” agentliyinin reytinqində nisbətən yüksək investisiya mövqeyinə malikdir. Ancaq ötən il noyabrın 3-də “Fitch” də ADY-nin proqnozunu neqativə endirmişdi. Gözləmək olar ki, bu agentlik də ADY-ni bir müddətdən sonra aşağı pilləyə göndərəcək. Əlbəttə, onun xidmətindən də imtina edilməsə”.
Ekspert əlavə edir ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin S&P agentliyinin reytinqində iştirakdan imtinası onun beynəlxalq imicinə mənfi təsir göstərəcək, xaricdən kredit almaq imkanlarını məhdudlaşdıracaq: “Fitch” reytinqindən imtina edilsə isə xarici kredit cəlb etmək mümkünsüz olacaq. Beynəlxalq reytinqdə iştirakdan imtina şirkəti həm beynəlxalq maliyyə institutlarına, həm də ictimaiyyətə münasibətdə daha da qapalı quruma çevirəcək və onun qazandığı və ya cəlb etdiyi maliyyə vəsaitlərinin istifadəsində şəffaflığı sual altına düşəcək.
Yəqin ki bu, son olmayacaq. Böyük ehtimalla yaxın zamanlarda digər dövlət qurumu – “Azərenerji” ASC-nin də reytinqinin pisləşəcəyini müşahidə edəcəyik. Hətta onun da reytinqdən imtinası baş verərsə, təəccüblü gəlməz. Azərbaycan Respublikasının suveren reytinqinin sabit qalması hələ ki, dövlət şirkətlərinin, bankların reytinqini sığortalayır. Ancaq bu, uzun müddət belə davam edə bilməz. Dövlət şirkətləri və banklar üçün qarşıdakı aylarda beynəlxalq reytinq mövqelərini qorumaq çətin görünür. Hər bir halda bəzi bankların və dövlət şirkətlərinin reytinqinin pisləşməsi qaçılmaz olacaq”.