Rövşən Ağayev
Acemoğlu və Robinsonun “Xalqlar niyə uduzur?” əsərində sovetlərlə bağlı maraqlı qeydlər var. Müəlliflərin istifadə elədiyi faktlar göstərir ki, Əfqanıstana müdaxiləyə (1979-cu il) qədər SSRİ-nin iqtisadi imkanları Qərbin gözünə çox böyük görünüb – gerçəkdə olduğundan böyük. Müəlliflər yazırlar ki, sosialist inqilabından dərhal sonra Leninlə danışıb bolşeviklərin gerçək niyyətini anlamaq və onlarla anlaşmaq üçün amerikalılar gənc diplomat Bullitin və dövrünün ən intellektual, tanınan qəzetçisi Steffensin təmsilçiliyi ilə Rusiyaya nümayəndə heyəti göndərir. Qayıdandan bir müddət sonra Steffens heyranlıqla yazır ki, SSRİ təkamül planı olan inqilabi dövlətdir. Sonralar Steffens yenə SSRİ-də olur və tanışları ona “demək, Rusiyadaydın” deyəndə “Yox, gələcəkdəydim və mən artıq gələcəyi görmüş sayılıram” cavabını verir.
1920-30-cu illərdə Qərbin Sovet İttifaqı haqqında təsəvvürü belə idi. Hətta Xruşşov 1956-cı ildə BMT tribunasından Qərbi məhv edəcəkləri ilə hədələyəndə bir çox Qərb liderinin dizləri titrəyirmiş. Nobel mükafatı laureatı, iqtisadçı Pol Samuelson yazdığı bir dərslikdə Sovet İttifaqının yaxınlaşan iqtisadi hakimiyyətindən söz açır. O, 1961-ci ildə hazırladığı proqnozlarında göstərirdi ki, 1997-ci ildə SSRİ iqtisadi baxımdan ABŞ-ı üstələyəcək.
Lakin Stalin və ondan sonrakı liderlər ölkəni yalnız kəmiyyətcə böyütmüşdülər, keyfiyyətli, davamlı böyüməni təmin etməyi bacara bilməmişdilər. Sovetlər 30-50-ci illərdə böyüdü, amma bunun əsas səbəbi Qərblə müqayisədə Sovet İttifaqında texnologiyanın çox köhnə olması idi. Hökumət texnoloji geriliyi kompensasiya etmək üçün sənayeyə nəhəng resurslar yönəldirdi. Nəticə səmərəli olmasa da, bu nəhəng resursların müqabilində kəmiyyətcə böyümə baş verdi. Amma bu cür səmərəsiz, bütün nəzarəti dövlətin əlində cəmləyən, insanların bacarığından yetərincə yararlanmayan, doğru təşviqlər tətbiq etməyən, resursları gen-bol xərcləyən iqtisadiyyatlın bir sonu olur. Sovetlər üçün bu son 1970-ci illərdə başlandı. Yalnız hərbi və kosmik sənayedə uğur qazanmaq qüdrətli olmağa yetərli deyil. Sovet İttifaqı yeniliklər və təşviqlər baxımından yoxsul olduğu üçün axırda dirəndi və daha irəliləyə bilmədi.
Bu, Acemoğlu və Robinsonun təsvir etdiyi SSRİ-dir. İndi Rusiya haqda da bu mifi yayanlar var – amma bu dəfə inkişaf eləmiş dünya hər şeyi bilir. Miflər məlumatsız cəmiyyətlərdə işə yarayır. Modern dünyada dövlətin qüdrəti onun hərbi gücündə deyil, iqtisadi qüdrətindədir, vətəndaşına xidmət bacarığındadır. Bunu isə iqtisadiyyatın yaratdığı ümumi daxili məhsulun adambaşına düşən həcmi, ölkənin ixrac potensialı, əməkhaqqı və gəlirlərin səviyyəsi, mərkəzi hökumətin malik olduğu büdcə ilə ölçürlər. Rusiyanı Qərbin ən kiçik dövlətlərindən biri ilə müqayisə edirəm, nəticəni özünüz çıxarın.
Belçikanın cəmi 30,2 min kvadrat kilometr ərazisi var, Rusiya ərazisinin 0,2%-i qədər. Əhalisi 11 milyon nəfərdir, Rusiya əhalisinin 7,6%-i qədər. Adambaşına ümumi daxili məhsulu 48 000 dollardır, Rusiyadan 4 dəfə çox. Əmtəə və xidmətlər üzrə ümumi ixracının həcmi 600 milyard dollardır, Rusiyadan 50 milyard dollar çox. Əmtəə və xidmət ixracı hesabına ölkənin valyuta gəlirlərinin adambaşına həcmi 53 500 dollardır, Rusiyadakı göstəricidən 14 dəfə çox.
İqtisadi təhlillərdə müqayisə zamanı ingiliscə “GDP density” adlanan bir göstəricidən istifadə edilir. Bu göstərici ölkənin coğrafi imkanları ilə iqtisadi potensialı arasında əlaqəni qiymətləndirmək üçündür və ölkənin hər kvadrat kilometrinə düşən ümumi daxili məhsulun həcmini göstərir. Rusiyada hər kvadrat kilometrə 113 min dollar ümumi daxili məhsul düşür. Belçikada bu göstərici 14,5 milyon dollardır, Rusiyadan təxminən 100 dəfə çox.
Belçika hökuməti hazırda təxminən 240 milyard dollar büdcəyə, Rusiya federal hökuməti isə 215 milyard dollar büdcəyə malikdir. Adambaşına büdcə Rusiyada 1500 dollar, Belçikada 21 000 dollardır. Orta əməkhaqqı Rusiyada 450 dollar, Belçikada 3500-4000 dollar ətrafındadır.
Təhsil, elm və səhiyyə sahəsindəki göstəricilərin sivil ölkələrdə necə, Rusiyada necə olduğu hamıya az-çox bəllidir.
Hər bir inkişaf etmiş ölkədə orta ömür uzunluğu Rusiyadakından azı 12-13 il çoxdur. Rusiya boyda ölkənin (Yer kürəsinin ərazicə ən böyük ölkəsinin!) dünyanın 100 universiteti sırasına çıxaracaq bir ali təhsil müəssisəsi belə yoxdur…