İbrahimxəlil
Mən də deyirəm, ey dad-bidad, görəsən o adam niyə vaxtının çoxunu xüsusi parçadan tikilmiş süsənli süfrə başında keçirir? Sən demə, süfrədə oturmaq nə dünya illərinə, nə də axirət illərinə qarışmırmış. Baxın, bu barədə “Əl-İxtisas” nə yazır: “…süfrədə oturmağı uzadın; çünki həmin müddət sizin ömrünüzdən hesab edilmir”.
O adama beş demə, on de, on demə, on beş de, nəfsinimi cilovlayacaq? Quli-biyaban qarnını doldurmaqla məşğuldur; məlum məsələdir ki, qarnını doldurmağın qeydinə bu qədər qayimməqam qalan kəs qarnını halalla necə doldurursa, haramla da o cür doldura bilər. Pakı-təmizi natəmizdən ayırmağa vaxtımı var?
Süfrəyə dəvət edən də ona Allaha xatir yemək verir; özü də nə mükafat istəyir, nə də təşəkkürlər…
Amma o adam iki qardaşın – əvvəlcə İbrahimin, sonra da Xəlilin süfrəsinə dadanantək, kənddə az qala hamı İbrahimxəlil süfrəsindən danışmağa başladı. Əlbəttə, İbrahimxəlil olaraq, söhbət mənim süfrəmdən getmir. Söhbət unudulmaz türk müğənnisi Barış Mançonun mahnı da qoşduğu Xəlil-İbrahim süfrəsindən (Halil-İbrahim sofrası) gedir. Sadəcə olaraq mahnının bir neçə misrasını xatırlatmaqla kifayətlənirəm:
İllərdir sürüb gedən bir pay alma çabası…
…hələ çatal bıçak, qaşıq icad edilməmişkən,
İsmayıla enən qoç qurban edilməmişkən
bir qovğa başlamış ki, nəsib qismət uğruna…
…ağzı açıq gözü toxlar buyursunlar baş köşəyə:
buyurun, dostlar, buyurun Xəlil-İbrahim süfrəsinə…
Əlbəttə, unudulmaz Barışın mahnısından dolayı, o adama Xəlil-İbrahim süfrəsinin mənasını çatdırmaq istəyənlər də tapılıb. Amma o adam da qayıdıb deyib ki, yaxşı bilirəm ki, bu işlər, bu “kirvə payının qabağını qaytarmaq” İbrahim və Xəlil qardaşlarının yox, o şair dediyiniz İbrahimxəlilin işidir. O getsin kitabdan və dəftərdən (qələmi və qələmin ucundakı ümidi nədənsə unudub) savayı, heç nə tapılmayan süfrəsinin dərdini çəksin!
Burası aydındır ki, “Allahın sevimlisi” mənasında, əlbəttə, hər İbrahim “Xəlil-Xəlilullah” ola bilməz! Yəni həzrət İbrahimin (ə) qonaqpərvərliyi, hətta qonaq olmayanda süfrəyə oturmadığı və evdən qonaq axtarmağa çıxmağı bütün insanlıq üçün belə, bir üstünlük-istisna deyilmi? Üstəlik, həzrət İbrahim (ə) bircə nəfər qonağının üzünə çəkmədi ki, ey bəni-adam, qövmüm bütpərəst olan vaxtlar, yetkinlik yaşıma qədər təcrid olunub tənha yaşamağım yadındadırmı? Hələ atəşə verilməyimi demirəm. Ey bəni-adam, bunuca bil ki, oğlum İsmayılı sənə görə yox, Allahıma görə kəsmək qərarına gəlmişdim.
İndi mən eşidəndə ki, o adamın tez-tez qonaq olduğu iki qardaşın – əvvəlcə İbrahimin, sonra da Xəlilin süfrəsi quruya qalıb, yəni qədim-qayım Xəlil-İbrahim süfrəsitək, bir ucdan aşıb daşmır, anbarları bərəkətlə dolmur, səxavəti sellənmir… onda qələm tutan barmağımı dişlədim: and olsun qələmə və yazılanlara!
P.S. İnsanoğlu yoxsul olan kəsi süfrəsinin baş köşəsində əyləşdirir. Qəlbi, nəfsi yoxsul olanı isə Allahın fəzilətinə ismarlayır…
…Az-az arazbarı yazı adamı olaraq burasını da deyim ki, Sınıq körpünün bəri üzündə, Əyriqarın ətəklərinə yaxın mənim dəstərxanım (elə yazı dəstərxanım da) unudulmaz Adil Mirseyidin dəstərxanı misallıdır; bir tikəsi ilə azından yüz bir nəfəri doyduran… amma o necə deyərlər, kasıbın olanından…
Müəllifin başqa yazıları: • Bu dağların Abbası (retro) • Təkayaq (izomorfizm) • Borçalıda Overton pəncərəsi (maddeyi-tarix) • Bilbaoda Bayraq günü (olimpias) • “Kor xəlifə” Tiflisdə (antipod) • Oturduqca oyun oynamaq (reaksiya) • Bizim mizantrop Hökumət (təzkirə) • Mükafat marafonu (praemium) • Əyriqarda affirmasiyalarla yaşamaq (introversiya) • Emin Elsevərin baş keçidi (retro)