“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət • Bizim sinif
Hikmət Sabiroğlu
Üstündən nə qədər ötüb, yaşımızın üstünə neçə yaş gəlib, bu illər ərzində başımız nə müsibətlər çəkib, amma məktəb xatirələri solub-solağımır, həmişə diridir.
1983-cü il sentyabrın 1-ni xatırlayıram. Həmin gün dayım rəhmətə getmişdi. Yazıq dayım bu fani dünyada cəmi 44 il tab gətirə bilmişdi – rayon qəzetinin redaktorluğu kimi üzücü iş və ailə faciəsi ömrünü əritmişdi. Neçə vaxtdır ağır yatırdı, həyatdan üzüləcəyini bilirdik, amma itkiyə hazır olmaq heç də onu rahat ötüşdürmək deyil – özü də o illərdə, hələ ölüm-itimin adiləşmədiyi illərdə. Çox ağır dərd oldu dayımın ölümü.
Ancaq həmin sentyabr mən bir başqa ağrı da çəkirdim. Sentyabr məktəb ayıdır. Məktəbisə bitirmişdik artıq, uşaqlığın sonu çatmışdı. Nə 10-cu sinfin axır-axırlarında, nə son zəng günü, nə buraxılış imtahanlarını verəndə, nə attestatımı alanda orta məktəbin arxada qaldığının fərqinə bunca varmamışdım. 1983-cü il sentyabrın 1-də ürəyim yerindən çıxırdı. Əli çantalı uşaqlar məni için-için göynədirdi.
***
İnanmazsız, ancaq həmin il instituta girə bilmədiyimə sevinirdim. O vaxt jurnalistika fakültəsinə əmək stajı olmayanların sənədini götürmürdülər (bir neçə il sonra bu mənasız qadağa ləğv olundu), mənsə başqa heç bir yerdə oxumaq istəmirdim. İyulun əvvəlində sənədlərimi apardım Bakıya – atamla getdik. Staj maneəsini aşmağın mümkünsüzlüyü dəqiqləşəndə dirəşdim ki, evə qayıdıram. Atam Bakının istisində məni iki gün dilə tutsa da (sənədləri ya filfaka, ya da tarixə verməyi təklif edirdi), xeyri olmadı.
Bakıya bir də sənəd qəbulunun sonuna iki gün qalmış qayıtdıq – evdə hər gün qanqaralıq olurdu deyə tarix fakültəsinə sənəd verməyə candərdi razılaşdım. Xoşbəxtlikdən “konkurs”a düşüb girə bilmədim.
***
Amma ortalıqda qalmaq qətiyyən xoşbəxtlik deyildi. Oturub əsgərliyə gedəcəyi günü gözləmək, necə deyərlər, bir nümunəvi məktəb uşağı üçün ağır idi. Düzdür, tam bekar deyildim – tarixi abidələrin bərpasıyla məşğul olan idarədə yüngül bir işə girmişdim, qalan vaxtlarda da kitablarla, qəzet-jurnalla başımı qatırdım, amma halım çox qarışıq idi.
Sinif yoldaşlarım da elə mən gündəydilər. Uşaqların çoxu ali məktəbə qəbul ola bilməyib qayıtmışdı. Balaca dağ şəhərində hamıya fərli iş hardadır? Darıxırdıq, bağrımız çatlayırdı. Məktəbdən ötrü qəribsəyirdik. Demə, bu dağın kəlləsində başımızı qatan məktəbmiş…
***
O payız doğma şəhərində darıxan keçmiş məktəb uşaqlarının ən azı birinin ilk məhəbbətin ağrısından darıxdığı mənə yaxşı bəllidir…
***
Əsgərliyə birinci “Bakan”ı – Bəxtiyarı yola saldıq. Bərdəli balasıydı, ancaq o özünə bərdəli deyəndə bizim acığımız tuturdu – düz on il birgə qar ayaqlamışdıq. Şuşalı olmasaydı, məktəbin son illərini atasız-anasız qalmağa razılaşmazdı. Ramiz dayı və Zərifə xala təzədən Bərdəyə köçsələr də, “Bakan” qalmışdı, hərdən ya o, ata-anasına baş çəkməyə gedərdi, ya da onlar Şuşaya gələrdi.
Məktəbi qurtarandan sonra daha Şuşada oturmağına lüzum qalmamışdı. Elə əsgərliyə də “Bakan” Bərdədən gedəcəkdi.
Şakir, Xaqani, Nazim, bir də mən Bakı maşınına oturub Bərdədə düşdük.
***
1983-ün payızıydı. “Bakan” bizdən bir yaş böyük olduğundan 18-i tamamlamışdı, məktəbdən sonra elə birinci çağırışda “povestka”sı gəlmişdi. Qalan uşaqlarımızı isə ya yazda, ya da gələn payız aparacaqdılar.
“Bakan” əzəldən təmtəraq sevən deyildi, ona görə hamıya bir-bir dəvət göndərməmiş, “kim gələ bilir, gəlsin” demişdi.
***
Yeri və vaxtı əvvəlcədən danışmışdıq – “Bakan” bizi qarşılamağa maşın göndərəcəkdi.
Bəxtiyarın dayısı görüş yerinə azacıq ləngidi. Yetişəndə gözümüz kəlləmizə çıxdı – dörd nəfərin dalınca budkalı “Moskviç”lə gəlmişdi. “Bakan” ömründə belə iş tutmazdı, elə dayısı Əli də (Şuşaya çox gəlib-getmişdi deyə onu yaxşı tanıyırdıq). Bu nə maşındır belə, biz bunun harasına yerləşəcəyik?
Əli maşından çox pərt düşdü:
– Siz Allah bağışlayın, maşından çox maşın var, pambığa görə bunda gəlmişəm, budkada sizi görməzlər.
Bu sözləri görüşüb-öpüşməmiş, nəfəsiyanıq dedi və dərhal budkanı açdı ki, tez doluşaq içəri.
İndi bizə çatdı ki, dalımızca niyə ayrı maşın göndərməyib “Bakan”. Biz də bayaqdan söz eləyirik, niyə bu şəhərdə bir ins-cins gözə dəymir. Pambıq vaxtı aran rayonlarında camaata ot yoldururdular – məktəblər, idarələr, çayxana, yeməkxana hamısı bağlanırdı, bütün əhalini sahəyə kürüyürdülər.
“Moskviç”in yük yerində ləngərləyə-ləngərləyə gedəndə İdris müəllimin sözləri yadıma düşdü. Payızın lap əvvəlində, hələ yay özünü təslim eləməmiş dərsdə otura bilmirsən axı. Uşaq qurcalaxlanan kimi qayıdırdı:
– Aran uşaqlarının yerinə olsanız, neyləyərsiz, ə? Bu dəqiqə göydən od tökülə-tökülə pambıq yığırlar.
***
Biz pambıq-zad görməmişik, yalanı yoxdur. Yəqin ona görə ki, Dağlıq Qarabağda yaşamışıq. Qarabağ ermənisini pambıq yığmağa apara bilməzdilər. Erməninin hesabına bizə də dəyməyiblər.
***
İdris müəllimi (qəbri nurla dolsun) tez-tez özündən çıxarardıq. Rəhmətlik çox savadlı və tələbkar tarix müəllimiydi, ancaq bir az hövsələsizliyi vardı.
Məktəbdə tarix-diyarşünaslıq muzeyi yaratmağa başlayanda hamıya tapşırmışdı ki, qədim əşyalar gətirin. Yadımdadır, mən gözəl bir şamdan aparmışdım, çox bəyənmişdi. “Bakan” güc-bəlayla hardansa beş-altı sikkə tapıb gətirmişdi – evləri Bərdədəydi axı, başqa heç nəyə gümanı gəlməmişdi.
Dərs vaxtı hamı bir-bir gətirdiyini aparıb stolun üstünə qoyanda İdris müəllim paslı sikkələrə qəzəblə baxıb soruşdu:
– Bu nədir, ə?
– Puldur – “Bakan” sanki diri bir yüzlük qoymuşdu ora.
İdris müəllim əlinin dalıyla pulları siyirib yerə tökdü. Hardasa dörd-beş sikkəydi:
– Yığışdır apar! Xəşdiyərsən!
“Se” uşağı ola, bu hərəkəti cavabsız qoya?
– Xəşdəməlidir, özün xəşdə – “Bakan” İdris müəllimi lap özündən çıxardı.
Belə şeylərə görə İdris müəllim adamı tez-tez dərs danışmağa durğuzardı.
***
– Kim dərsimizi bilir? – bu ənənəvi suala hamıdan qabaq əl qaldıran İlham oldu.
İlham hələm-hələm dərs oxuyan deyildi, İdris müəllim (9-10-cu siniflərdə sinif rəhbərimiziydi həm də) onu danlamaqdan çərləmişdi. İndi birdən-birə qeyrət damarı tutmuşdu, əlini havada oynadırdı.
– Boy, İlham, dərs oxumusan? – İdris müəllim “Kim dərsimizi bilir” sualını verəndə hələ jurnala nəsə qeyd eləyirdi, yalnız indi eynəyi gözündən çıxarıb stuldan qalxmış və cəza kimi gözünün qabağında – birinci partada oturtduğu İlhamın əl qaldırdığını görmüşdü.
– Bəli, müəllim!
– Sən öl, səni durğuzmayacam. Çatda e yerində, gör adam nətəər yanır. Gələn dəfə də oxuyarsan, onda baxarıq.
İdris müəllim o 45 dəqiqəni İlhama zülm elədi.
10-cu sinifdəydik. İndən belə dərs oxumaq İlhamın ağlına bir də haçan gələcəkdi?
***
Şahidisə İdris müəllim başqa cür cəzalandırmışdı. Əhvalatın neçənci sinifdə baş verdiyini unutmuşam, gərək ki, 7-ci olsun. Bütün siniflə tarix dərsindən qaçmışdıq, bircə Şahid nədənsə “se” əhlinin ziddinə gedib tək-tənha dərsə girmişdi. Elə bilirmiş ki, xətri xoş olacaq. İdris müəllimsə həmin gün ona babat bir “iki” yazmışdı.
***
SSRİ-nin 60 illiyində elmi-praktik konfrans təşkil eləmişdi İdris müəllim. Məruzəçilərdən də biri mən. Anamı ağlatdı – orasını düzəlt, burasını düzəlt, bütün dərslərimi atıb bu işlə məşğul idim.
Yəqin SSRİ-ni vəsf eləməkdən özü də zövq almırdı. Elxan yadına salır ki, bir yol sinifdənkənar məşğələdə 1920-ci ildə rusların Azərbaycanı işğal elədiyini deyib. İdris müəllim elə belə də deyibmiş: “Ruslar bizim düşmənimizdir”.
***
Ancaq rəhmətlik Əbülfət müəllim heç mətbəxdə də bu cür danışmazdı yəqin. O, ölkəsinin fanatikiydi. Müharibədə ağır kontuziya almışdı. Coğrafiyadan dərs deyirdi. Kim xəritədə SSRİ-ni göstərəndə bir santı kəssə, faşistlərin bütün acığını onun üstünə tökərdi: “Vermə torpaqlarımızı düşmənə!!!”
***
Sovet quruluşunun mənasızlığı yuxarı siniflərdə bizə artıq bəlliydi. Amma nə ağlımıza gələrdi ki, sovet hökuməti haçansa yıxıla bilər.
***
Brejnev öləndə 10-cu sinifdə oxuyurduq. Lap birtəhər olmuşduq. Biz rəhbər ölümü görməmişdik axı.
Ancaq o kişinin yasını urvatsız elədik. Məktəbin akt zalında matəm mərasimi açıq elan olunan kimi arxada pıqhapıq saldı bizim uşaqlar. Həşir qopmuşdu – hərəsi başını bir oturacağın dalında gizlədib qaqqıldaşırdı. Mən gecikmişdim deyə zalın girəcəyində ayaq üstəydim, divara söykənib durmuşdum. Nə qədər özümü saxlamaq istəsəm də, alınmadı. Əvvəl gözümü yayındırıb gah tribunada göz yaşı tökə-tökə nəsə danışan Elmira müəlliməyə, gah da tavana baxmaqla ötüşmək istədim. Alınmadı – zalın arxasından gələn uğultu canımı nətəər aldısa, əlimi üzümə tutub zaldan güllə kimi çıxdım. Orda durub nətəər gülüm axı, ayaq üstə bir Əvəz müəllim qalmışdı, bir də mən, hamının gözünün qabağında…
Amma elə zaldan o cür çıxmağa görə də danlandım.
***
SSRİ-nin 60 illiyi deyəndə bir əhvalat yadıma düşür. Yenə 10-da oxuyan vaxtımızdır, yeni il ərəfəsi.
Uşaqlardan birinin evində yığışmışdıq, düz dekabrın 30-da, SSRİ yaranan gün. Məclis yeni il adıyla təşkil olunmuşdu, əslində isə yeni il bəhanəydi. Ev yiyəsi – bizim on illik dostumuz (indi artıq 30 illik dostumuz) istədiyi qızı qonaq çağırmağın xətrinə yeni il adıyla çox qarışıq bir kampaniya təşkil eləmişdi.
Niyə qarışıq kampaniya, deyim. Qız bizdən bir sinif aşağı oxuyurdu. Tək gəlib bizim uşaqlarla otura bilməzdi axı – çox da bir-birimizi tanıyırıq. Gözünə onun bir neçə sinif yoldaşını da qatmışdı dostum – həm qızlardan, həm də oğlanlardan. Bizim uşaqlardan bir-iki nəfər də siyahıya, pis çıxmasın, öz adamlarını salmışdılar. Hətta 8-ci sinifdən bir qız da vardı (O yaşda iki yaş fərqi adama çox gəlir axı, ona görə hətta deyirəm).
Nə isə, xudmani bir məclis alınmışdı, ancaq tərkib çox əndrəbadiydi deyə səhəri günü söz-söhbət çıxacaqdı. Şuşa balaca yerdir, kimin ağzını yığacaqsan ki, balam, ayrı-ayrı siniflərdə oxuyan bu oğlan-qızın bir məclisdə nə ölümü var? Hamısı ağıllı-kamallı oğlanlar, tərbiyəli qızlardır, amma məsələni qəlizləşdirən o idi ki, qonaqlığa gəlməsindən ötrü belə mürəkkəb kombinasiya qurulmuş qız Şuşaya kənardan gəlmiş vəzifə adamının övladıydı. Yəni heç nədən sözü böyüdə bilərdilər.
İndi siz mən bədbəxtin halına baxın – bu cür məclisin tamadalığını mənim boynuma yükləmişdilər. Gərginlik və narahatlıq vardı, çox uşaq ilk dəfəydi bir məclisdə otururdu. İlk dəqiqələrdə şampan bakalı əlimdə ayağa duranda hələ özümü cəmləyə bilməmişdim…
Amma vəziyyətdən çıxa bildim. Şuşalı damarı köməyimə çatdı. Dedim, vallah, elə bu məclisin söhbəti gedəndən hərə bir söz deyir – nə bilim, yeni ildir, ya bu il məktəblə vidalaşırıq, biz onuncuların bir də belə “veçer”lər keçirmək imkanı olmayacaq, amma mənə belə gəlir ki, bu gün, yəni dekabrın 30-da bizlər məhz SSRİ-nin 60 illiyini qeyd eləməyə yığışmışıq.
Gülüşmə, nə gülüşmə! Bəh-bəh! Həm dərhal məclis əhlinin qırışığı açıldı, utancaqlıq aradan götürüldü, həm də bu qarışıq tərkibli kampaniyanın adı tapıldı – SSRİ-nin 60 illiyi. Kim bizi çək-çevirə sala bilərdi ki, nə yığıncaqdır keçirmisiz? SSRİ-nin 60 illiyini qeyd eləmişik, vəssalam!
***
O məclisdən az qala 20 il sonra işdə məni telefona çağırdılar. “SSRİ-nin 60 illiyi”nin baş qəhrəmanı – həmin qızıydı. Əlinə “Avropa” qəzeti düşüb, orda da mənim şəklim. Əl atıb telefona.
Səsindən tanıya bilməzdim, adını deyəndə də unamadım. Məktəbin adını verdi…
Hamını bir-bir soruşdu. Dostumuza görə bizim sinfin oğlanlarını yaxşı tanıyırdı. Ancaq o hamıyamı görə zəng vurmuşdu?..
***
Həyat qəddardır – o dəli məhəbbət də daşa dəymişdi. Çoxdan hərəsinin öz ailəsi vardı. Qız şuşalı deyildi, ailələri şəhərə müvəqqəti gəldiyi kimi bir gün də çıxıb getmiş, aralığa soyuqluq düşmüşdü.
***
Axşam dostuma zəng vurdum. Dedi, qaqa, səsini dərhal tanıdım: “O saat da bildim ki, nömrəmi səndən almış olar, sənin “bilmirəm” deməyə ürəyin gəlməzdi”.
Düz deyir, gəlməzdi…
***
“Veçer”lərin ayrı dad-tamı vardı. Kiminsə ad günündə, ya da bayramlarda yığışardıq. Şuşa mədəni yerdir, şəhərdir, valideynlər sinif yoldaşlarının qızlı-oğlanlı məclislərinə mane olmazdılar.
Mən nəsə öz ad günlərimə qızları çağırmağa ürək eləməmişəm. Ancaq qızların ad günlərinə hər vaxt getmişəm. Yalnız bir ad gününü – 9-10-nu bizimlə oxuyan Reyhanın ad gününü buraxmışam. Nə var-nə var, “Neftçi”nin oyununa oturub baxacam.
İncimişdi. İndi buna görə çox peşmanam.
***
Qızlardan yalnız birinin ad gününü tarixiylə yadda saxlamışam.
***
Yeddidə oxuyanda keçirdiyimiz “veçer” gözümün qabağına gəlir. Rus dili müəlliməsi, erməni qızı Asmella müəllimə də bizimləydi. Yadımdan çıxıb Asmellanın hara ermənisi olduğu – Şuşaya təyinatla gəlmişdi, tez də çıxıb getdi. Çox gözəliydi. Yuxarı siniflərin oğlanları ondan ötrü ölürdülər. Elə biz də.
O “veçer”i, deyəsən, Nəbigildə təşkil eləmişdik. Bəlkə də Asmella müəllimənin kirayə qaldığı eviydi. Dəqiq yadıma gəlmir. Amma müəlliməylə rəqs üstündə dava saldığımız indiki kimi yadımdadır. Mən də rəqs elədim – Co Dassenin məşhur mahnısına.
***
Muğam öz yerində, biz nəsil şuşalılar Co Dassenin, Demis Russosun, “Abba”nın, “Boni M”in havasında böyümüşük. “Feliçita” da bizim mahnımızdır.
Bizim mahnılara mən sinif yoldaşlarımın maşınında qulaq asıram…
6 mart 2006