Oqtay Qorçu
Bütün imperiyalar tarixin arxivinə qovuşub və qovuşacaq. Çar Rusiyası imperiyası, Sovet İttifaqı adlı rus imperiyası… Üçüncü imperiyanın da sonuna az qalıb. Tarix yeni səhifəsini yenidən demokratiya ilə yazacaq.
İnsanlar müharibə istəmir, elə rus xalqı da. Ruslar da bezəcək. Onlar da qanlı toqquşmalar, işğal və müharibələrdən yorulacaq. Rus xalqı etiraz edəcək, artıq etirazlar eşidilir də, çünki ruslar həyatını dəyişməyi arzulayır və bunu yaxşı bacarırlar. Rusiya və ruslar istənilən an özgələrə və öz ölkələrinə təhlükə yarada bilərlər, onlar bir günün içində köhnə düşmənlərlə barışığa gedib, dünyanın gedişini dəyişə bilərlər. Ruslar şimal xalqıdır, qar, çovğun çox görüblər, buzların necə əridiyini də yaxşı bilirlər.
Sadə ruslar əzab çəkir. Əzab çəkən rus mujikinin qəzəbi isə dəhşətli olur. Ruslar köklü dəyişikliyə apara biləcək qəti addımlar atmağa qadir toplumdur. Ruslar kütlənin ardınca getməyi sevir, ancaq kütləni xalqdan ayırmağı da bacarır. Və qiyama, inqilaba qalxır. Rusiya nəhəng, özü boyda barıt çəlləyidir, gec-tez öz hökmdarının başında partlayır. Ruslar dünyanın düşməni deyil, ancaq Rusiyada hələ də şərin hakimiyyəti hökm sürür. Nəğmə oxumağı, çiyələk yığmağı, rus hamamında məclis qurmağı sevənlərin zümrəsi isə hələ də ucqarlarda, ağcaqayınların kölgəsində, Volqanın sahillərində dolaşa-dolaşa xorla oxuyurlar: ”Хотят ли русские войны?” Paradoks olsa da, onlar var. Ruhu, zehni bulanmayan, dili şirin, sülhsevər, səmimi, balalaykasını əlindən yerə qoymayan, ortalıqda məclis qızışdıran, araq içib keflənən, üz-gözü qızaran bir rus obrazı var. Heç kimə dəyib-dolaşmayan rus adamı. O hələ ki, dillənməyib.
Bu xalqın davalı-şavalı dünyanı heyrətləndirməyinə, dünya tarixinə müharibədən imtina edən ilk savaşçı toplum kimi düşməyinə az qalıb…
Rusların sözüdür, tez-tez təkrar edirlər: ”Bizə kolbasa da lazımdır, ancaq ölkənin təhlükəsizliyi daha çox lazımdır”. Rus xalqı sakit və şən yaşamağı bacarır, söyüşcül olsalar da, əslində davakar deyillər, sadəcə xoruzlanmaq adətləridir və bu böyük xalq, bəşəriyyətə Aleksandr Puşkini, qraf Tolstoyu bəxş edən bir millət, Rusiya dövləti indi dünyadakı siyasi, hərbi böhranın mərkəzinə çevrilib. Bu dövlətin birbaşa müdaxiləsi ucbatından neçə-neçə münaqişə ocağının odu hələ də sönməyib. ABŞ, Avropa, Yaxın Şərq, Türkiyə… Hər gün hərbi gücü ilə öyünən Rusiyanın düşmənləri siyahısına yeni bir dövlətin adı yazılır. Dünya Rusiyanı təkləyəcək, hər halda proseslər bunu deməyə əsas verir. Ancaq Rusiya hələ geri çəkilməyi fikirləşmir, əksinə, hücuma cəhd edir, sanki geri atılacaq bir addım bu ölkənin sonuna çevriləcəkmiş, hər halda üçüncü imperiyanın ideoloquna çevrilən Rusiya prezidenti belə düşünür.
Vladimir Putin müasir Rusiyanın “qırmızı çarı” ola bilməyəcək, Putin heç Lenin də deyil, artıq o, Rusiyanın gerbindəki ikibaşlı qartalın fonunda çıxılmaz vəziyyətə düşən, geriyə yolu olmayan cılız rəhbər təki görükür. İndi onun gücü ancaq pafoslu çıxışlara çatır. Beləliklə, uduzduğunu qəbul etməyən, reytinqinin düşdüyünü gizlətmək istəyən Putin tez-tez böyük müharibə anonsu verməklə, nüvə savaşıyla hədələməklə böyük güclərdən böyük güzəştlər almaq, yenidən siyasi divident qazanmaq istəyir. Onun özünü dünyaya zorla sırımaq istəyi puça çıxıb. Artıq Putinin siyasi statusu da dəyişib, indi onu Avropa mətbuatında tək siyasətçi, diktator yox, hərbi cani də adlandıranlar var. Onun siyasi karyerasının necə və harada bitəcəyini isə yəqin ki, öncə rus xalqı həll edəcək, yoxsa beynəlxalq aləm Putinin taleyini Rusiyanın taleyi ilə eyniləşdirməli olacaq.
Rusiya Federasiyasının prezidenti Vladimir Putin hələ də qorxmadığını nümayiş etdirməyə çalışır, onun indiyədək tarixdən ibrət götürmədiyi də yəqindir. Deyəsən, Kiselyov haqlı imiş: indi Kremldə kitab oxumurlar.
Yaxın vaxtlaradək Rusiya vətəndaşlarının üzünə tay-tay açılan qapılar artıq bağlanır. Ruslar çırpınır, rus xalqı öz hakimiyyətinin siyasi ambisiyalarının girovuna çevrilir, hamı onların – rus xalqının adı ilə hədələnir, sadə rus adamı isə kasıblıqla, böhranla üz-üzədir, çörəklə sınağa çəkilir. Ölkə boyu aparılan müharibə təşviqatı, nüvə savaşı təhdidi, “bütün dünya bizə düşməndir” prinsipi ilə imperiya ideyalarının gücləndirilməsi yüz illərin sınağından çıxmış bu şimal xalqını yenidən tarixin küncünə sıxıb. Daha ruslar Amerikaya, Avropaya, Yaxın Şərqə, Türkiyəyə getməyə ürək eləmir, indən sonra Rusiya bazarları yəqin Şərq mallarına, yaxın ölkələrdən gətirilən meyvə-tərəvəzə, türk məhsullarına həsrət qalacaq. Üçüncü imperiya tarixlə üz-üzə dayandığının fərqindədir və ən dəhşətlisi odur ki, Rusiya imperiyası ibrət dərsi götürmədiyi böyük tarixə meydan oxuyur.
Bir zamanlar rus elitası çar Nikolayın devrilməsini onun avropalıların diktəsi ilə hərəkət etməsi, az qala firənglərin casusu olması ilə əlaqələndirmişdi. Sonrası məlumdur, imperatorun taleyi faciəli oldu, fevral burjua-demokratik inqilabı da, keçirilən bəzi islahatlar da Rusiyanı xilas edə bilmədi və bir çox sənəddə alman dövlətinin gizli casusu kimi qeyd edilən, elə ilk dəstəyi də Almaniyadan alan Vladimir Ulyanov-Lenin qiyam yolu ilə hakimiyyəti ələ ala bildi. Bu casusun yaratdığı SSRİ imperiyasını yıxan da elə öz siyasi-mənəvi varisi olan kommunist lider, ABŞ və Avropa ilə gizli danışıqlara gedib sovet imperiyasının mövcudluğuna rəsmən son qoyan Mixail Qorbaçov oldu. SSRİ-nin sonuncu baş katibi və prezidenti də böyük casus kimi ad çıxartdı. Daha sonra Qərbin ehtiyat variantı olan müxalif Yeltsin… Və nəhayət, peşəkar casus məktəbinin yetirməsi Putinə təhvil verilən hakimiyyət. Vaxtilə Almaniyada casus kimi fəaliyyət göstərən DTK zabitinin prezident postuna gətirilməyi. Putin Rusiyanın adı ilə dünyaya meydan oxuyur…
Özünü başqa bir casus diktatora bənzədən, bəzi sənədlərdə çarın xəfiyyə şəbəkəsinin əməkdaşı olduğu qeyd edilmiş Stalinin mənəvi varisi – Vladimir Putin. Onun üçüncü imperiyanın sonuncu lideri olacağı ehtimalı günü-gündən gerçəyə çevrilir. Sovet şinelini soyunmağa tələsməyən Vladimir Putin qlobal proseslərdə, siyasət xanasında, xüsusilə də son aylar ancaq uduzur. Putinlə bərabər rus xalqının da uduzub-uduzmayacağı hələ məlum deyil. Ruslar indi bir millət kimi qərarlı görsənmirlər. Qərarsız rus isə hədələyən rusdan da təhlükəlidir. Onların sakit bir gələcək istədikləri şübhəsizdir, fəqət gələcəyə Putinlə getmək mümkün deyil.
Putin Rusiya demək deyil, bunu ruslar da anlayır. İndi Rusiya kimi dövlətə çoxlu dost lazımdır, dost tapmaq üçün isə demokratik Rusiyanı bərpa etmək gərəkdir. Rus xalqı demokratiyanın nə olduğunu pis bilmir.
Müəllifin başqa yazılarına bax: • Kamanın babası • 81-ci dairə • Köhnə kişinin hikkəsi • Qara daş ustası • Sil-süpür zamanı • Rusiyaya qarşı savaşan Nobel • Qanını verənlərin tarixi • İçərişəhərin rəngi • Toyda ehsan • Dili bəlaya çevirənlərin növbəti qurbanı • Tabuta kim girməlidir?! • Qada-balasını yerə tökən adamlar • Kişinin oğlu başdan-ayağa Hikmətdir… • “Başsız” Məhəmməd qandı ki, öləcək… (Hekayə) • İmperiyaya cavab zərbəsi • Alim öldü… • Üçüncü imperiya