Rövşən Ağayev
Mərkəzi Bank bu ilin 9 ayı üzrə tədiyyə balansının göstəricilərini yayıb. Valyuta bazarında proseslərin proqnozlaşdırılması baxımından indiki həssas dövrdə tədiyyə balansının izlənməsi çox vacibdir. Hərçənd rəsmi məlumatların real pul axınlarını tam əhatə etmədiyini hər kəs bilir. Məsələn, iki vacib göstərici var ki, onların təhrif edilməsi (yaxud tam uçota alınmaması) tədiyyə balansının bir alət olaraq təhlildə gücünü azaldır. Söhbət idxalın və ölkədən çıxan kapitalın real həcmindən gedir.
İstənilən halda rəsmi məlumatlar tendensiyaları gizlədə bilmir. Məsələn, ölkədən çıxan valyutanın həcmi gələn valyutanın həcmini üstələyirsə, rəqəmlər kiçildilsə belə, tendensiya görünəcək. Bizim Mərkəzi Bankın statistikasından da bunu görmək olur.
Xarici ticarət balansını çıxmaq şərti ilə yerdə qalan bütün hesablarda ölkədən çıxan valyutanın həcminin gələn valyutanın həcmini üstələdiyi aydın görünür. Məsələn, xaricə müxtəlif xidmətlər üçün 6,7 milyard dollar ödəmişik, amma əvəzində bizim göstərdiyimiz xidmətlərə görə xaricilər bizə 3,2 milyard dollar ödəyib. Yəni bu hesaba görə 3,5 milyard dollar kəsirimiz yaranıb.
Maliyyə hesabında da eyni vəziyyətdir: Azərbaycandan kənara birbaşa investisiya formasında 2,6 milyard dollar, əmanətlər və ticarət kreditləri formasında 7,2 milyard dollar vəsait çıxıb – yəni ümumilikdə 9,8 milyard dollar. Amma bunun müqabilində xaricdən cəlb edilən investisiyalar təxminən 4 milyard dollar çox olub. Göründüyü kimi, maliyyə hesabı üzrə ölkədən çıxan valyuta daxil olan valyutadan təxminən 2 dəfə çoxdur. Əlavə olaraq bu müddət ərzində xarici neft şirkətləri ölkədən 1,7 milyard dollar həcmində mənfəət repatriasiya ediblər, xarici işçi qüvvəsi ölkədən 275 milyon dollar əməkhaqqı çıxarıb.
Ölkədən çıxan valyutanın həcminin gələn valyutanın həcmini hansı səviyyədə üstələdiyinə diqqət yetirəndə manatın niyə təzyiq altında olduğunu aydın görmək olur.
Nəticə odur ki, heç vaxt yalnız ticarət balansının durumuna baxıb milli valyuta bazarı üzrə proqnoz verməyin. Bütövlükdə tədiyyə balansını izləmək vacibdir. Tədiyyə balansı ölkədən çıxan və ölkəyə gələn bütün valyuta axınlarını, ticarət balansı isə yalnız əmtəələrin ixrac və idxalı üzrə valyuta sövdələşmələrini əks etdirir.