Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti “Karyerada ilk addım” devizi altında növbəti aktiv məşğulluq tədbirini Xəzər Universitetində təşkil edib. Transparency.az-a verilən məlumata görə, işəgötürənlərin nümayəndələrinin də iştirak etdiyi tədbirdə tələbə və məzunlara əmək bazarındakı mövcud vəziyyət, peşə və ixtisaslara olan tələbat barədə məlumatlar verilib. Tədbir zamanı 7-si dövlət, 45-i özəl sektora aid 52 müəssisənin 345 boş (vakant) iş yeri də təqdim olunub.
Tələbə və məzunlara boş iş yerlərinə göndərişlər verilib, əlavə təhsil kurslarına cəlb olunmaq, boş vaxtları ərzində müvəqqəti xarakterli, mövsümi işlərdə çalışmaq istəyənlər qeydiyyata götürülüb. Həmçinin idarə, müəssisə və təşkilatların nümayəndələri tələbə və məzunlarla ünsiyyətdə olaraq gələcəkdə müasir tələblərə cavab verən ixtisaslı kadrların seçimini aparmaq üçün onlardan şəxsi məlumatlar əks olunan CV-lər qəbul ediblər.
Bu il 9 ali təhsil müəssisəsində “Karyerada ilk addım” devizi altında təşkil olunan aktiv məşğulluq tədbirlərində 340 nəfərə yaxın şəxsə boş (vakant) iş yerlərinə göndərişlər verilib, 3 min nəfərdən çox tələbə və məzundan özləri barədə şəxsi məlumatlar (CV-lər) alınıb.