Hikmət Sabiroğlu
Orta məktəbdə “s” sinfi olmuşuq (“es” yox, “se” – ürəyimiz istəyən kimi səslənsin deyə söhbət boyunca elə bu cür də deyək: “se”). Bizimlə paralel iki sinif də vardı – “a” və “b”. Qaydaya görə, 9-cu sinifdən başlayaraq üç paralel sinifdən ikisi qalırdı. Məcburi tədbiriydi – bəzi uşaqlar 8-ci sinifdən sonra peşə məktəbinə, texnikuma daxil olurdu deyə şagird azalırdı. Bu adi prosedurun bizimçün ən qorxulu tərəfi ondan ibarətiydi ki, həmişə “se” siniflərini ikiyə bölüb “a” və “b” arasında paylaşdırırdılar. 8 il qaynayıb-qarışandan sonra bir-birimizdən ayrı düşməyi ağlımıza da sığışdırmır və 9-cu sinfə gedəcəyimiz günü – 1981-ci ilin sentyabrını əsə-əsə gözləyirdik.
***
Sentyabrın 1-də möcüzə baş verdiyini bildik. Məktəbin tarixində ilk dəfə olaraq “se”ni bölməmişdilər – bizim sinfimiz əvvəlkitək qalmışdı, yalnız adımızı dəyişmişdilər – “a” olmuşduq. Əvvəlki “a”nı isə “b”yə birləşdirmişdilər. Xoşbəxtlik!
Qaydalardan qıraq çıxılması səbəbsiz deyildi. Bizim sinifdə yaxşı oxuyanlar çoxuydu və təbii ki, 8-dən sonra çox az uşaq itirmişdik, peşə öyrənməyə və musiqi məktəbində oxumağa gedən bir neçə nəfəri çıxmaqla hamı yerində idi. O biri iki sinif isə yarılanmışdı.
Başqa bir səbəb də vardı – düz beş il sinif rəhbərimiz olmuş Vəsilə müəllimə “se”ni bütöv saxlamaq üçün dirəşmişdi. O, cavanlığına rəğmən məktəbin ən şərə-şur uşaqlarının yığışdığı sinfin öhdəsindən gəlirdi. Görünür, məktəb rəhbərliyini sinif bölünəcəyi halda “se” uşaqlarının nəzarətdən çıxacağına inandıra bilmişdi.
***
Yox, Vəsilə müəllimə əzazil qadın deyildi. Burda başqa sirr vardı. O bizi 4-cü sinifdə doğma bacısından – ibtidai sinif müəlliməmiz Ofeliya müəllimədən (yeri behişt olsun, bu qaçqınlıqda dünyadan köçdü) təhvil almışdı. Ən dələduz uşaq da bizə analıq eləmiş Ofeliya müəlliməni gözünün üstündə saxlayırdı, onun bacısını incitməkmi olardı?
***
Bəli, “se”ni bölməmişdilər, biz yenə bir sinifdə oxuyacaqdıq. Amma…
Amma məktəb rəhbərliyi bütün bu yaxşılığın əvəzində bizi sevimli ədəbiyyat müəlliməmiz Səriyyə müəllimədən (torpağı yumşaq olsun, Şuşada cavan rəhmətə getdi) ayırmışdı. 4-cü sinifdən “se”yə dil-ədəbiyyatı məhz o demişdi – dili də, ədəbiyyatı da gözəl bilən, ən zəif uşağa da “iki” yazmağa ürəyi gəlməyib ona da nəsə öyrədən gözəl müəllimə. İndi onu başqa müəlliməylə əvəzləmişdilər. Buna isə nə biz razıydıq, nə də tanımadığı, necə deyərlər, başqa əldən çıxmış uşaqlara – o biri sinfə dərs deməyə göndərilmiş Səriyyə müəllimə.
Bölgü aparılanda Səriyyə müəllimənin etirazlarını qəbul eləməmişdilər. Neçə gün də biz minnətçi düşdük, direktora, müavininə yalvardıq ki, Səriyyə müəlliməni bizim sinfə qaytarsınlar. Razılaşmadılar. Belədə təzyiqə əl atdıq – çoxumuz nümayişkaranə şəkildə ədəbiyyat dərslərinə girməkdən imtina elədik.
Bir gün, beş gün, on gün – axırda direktor məcbur olub… yox-yox, Səriyyə müəlliməni bizə qaytarmadı, ədəbiyyat dərslərini boykot eləməyin cəzası kimi siniflərin yeni bölgüsünü apardı! “Se”ni bölməmək qərarı ləğv edildi! Ədəbiyyat müəlliməsinə görə qiyamda fəal iştirak edən uşaqları (bəndəniz başda olmaqla) “b”yə – Səriyyə müəllimə dərs deyən sinfə köçürdülər. Qalan yarımızı keçmiş “a”ya qatdılar. Müəllimələrin yerini dəyişmək əvəzinə bizi bir-birimizdən ayırdılar.
***
Az keçməyəcək, məktəb rəhbərliyi bizə qarşı bu ədalətsizliyin ağrısını çəkəcəkdi. Dəcəl və dikbaş “se”ni “a” və “b”nin içində əritmək istəyən rəhbərlik adları “a” və “b” olan iki “se” ilə üz-üzə qalacaqdı, amma bu sonra olacaqdı, sonra…
***
Üzüntümüzü indinin özündə də sözlə ifadə eləməyə çətinlik çəkirəm. Zəng çölə vurulanda dərhal bir yerə yığışırdıq, içəri vurulanda isə başqa-başqa siniflərə gedirdik – bundan ağır nə ola bilərdi!
“Se” ayrı “se” idi! Məktəbin ən yaxşı oxuyan və ən dəcəl sinfi!
Şərəf lövhəsindəki şəkillər bizim. Komsomol projektorundakı karikaturalar da bizim.
Məktəbə yoxlama gəlib, açıq dərsdə oturacaq – bizim sinif. Məktəbdə şüşə qırılıb – bizim sinif.
Məktəbdə idman yarışı, birinci yer – bizim sinif. Məktəbdə dava – dava salan da, döyən də bizim sinif.
Dərsə davamiyyət – bizim sinif. Siniflə dərsdən qaçmaq – bizim sinif.
Hər yerdə, hər işdə “se”.
Bizim sinfin oğlanları hər sinifdən qız istəyə bilər, ancaq heç kim bizim sinifdən qız istəyə bilməz – belə bir sinif.
***
Neçə vaxt özümə gələ bilmədim. Çünki Səriyyə müəlliməyə görə səs-küyün əsas təşkilatçısı mən olmuşdum. Rəhmətliyin xətrini çox istəyirdim. Ancaq bilsəydim ki, bu işin axırı sinfimizin bölünməsiylə bitər, ömür boyu heç bir etiraza qol qoymazdım. Həm uşaqlara görə, həm də sinif rəhbərimiz Vəsilə müəlliməyə görə (o indi yalnız bizim yarımızın – “a” sinfinə düşmüş tərəfin himayəçisi olacaqdı) başımı aşağı salıb dərsimi oxuyardım.
***
O biri siniflərdə (“a”da və “b”də) oxumuş uşaqlarla bizim münasibətlərdə elə bir problem olmamışdı, əksinə, bəziləriylə dostluq edirdik. Ancaq təzə sinifdə ilk təmas qalmaqalla başladı. Mənimlə “b”yə keçən uşaqların ən ərköyünü Sulduz elə birinci gün bütün sinfin gözünün qabağında heç nədən (deyəsən, yer üstündə) təzə sinif yoldaşımız Bəxtiyara (bizim “Bakan” ləqəbli öz Bəxtiyarımız da vardı – o, “a”ya qarışanlar arasında idi) şillə vurdu. 8 il onunla oxumuş qızların qarşısında vurulan Bəxtiyar səsini də çıxara bilmədi. Hətta “b” sinfinin şefi kimi tanınan, əvvəldən xətrini çox istədiyimiz Cavid də (gözəl oğlanıydı, heyf, bu dünyadan çox cavan getdi), sadəcə, aranı sakitləşdirməklə kifayətləndi.
Günah Sulduzda olmuşdu, ancaq yanlış da bir naxışdır – həmin hadisə “b” sinfinin indən belə “se” qaydaları ilə yaşayacağına ilk və son işarə oldu, 10 illiyi bitirənəcən daha heç kimə “yerini göstərmək” lazım gəlmədi.
O biri sinifdə, mən bilən, elə bir “çepe”nin baş verməsinə ehtiyac qalmamışdı – səssiz-səmirsiz “se”nin üstünlüyünü qəbul eləmişdilər.
***
Təzə siniflər bizim dostların sayını artırdı – İlyas, İlham, Səbuhi (əvvəldən də bir Səbuhimiz vardı)…
Allah İlyasa rəhmət eləsin, bizim kisəmizdən getdi. Əvvəldən axıradək “a”da oxusa da, “se” uşaqlarına necə qaynayıb-qarışdısa, biz onu elə köhnə sinif yoldaşı kimi qəbul eləyirdik. Milli Qəhrəman Ramiz Qəmbərovun qardaşıydı. Onu elə familiyasıyla çağırırdıq – Qəmbərov!
***
Niyə bizi belə erkən tərk elədin, Qəmbərov?..
***
İlham qaçqınlıqda itib-batdı, Tərtərdən hərdən gəlir. Məktəbdə çox duzlu yoldaşlığı vardı.
Səbuhi də bizim istədiyimiz adamdır.
Başqa uşaqları – Teymuru (“Temka” həm də mənim qohumumdur), Fəxrini, Nizamini, bayaq adını çəkdiyim rəhmətlik Cavidi də ehtiramla xatırlayırıq. Bir yerdə az oxusaq da, onları yarımçıq sinif yoldaşı saymırıq.
***
Ancaq “se”nin, “se” uşaqlarının ayrı yeri var. İlyas rəhmətlik bizə “se” şovinistləri deyirdi…
Şovinistlik eləməmək olmur!
Nə yaxşı mən o vaxt başqa məktəbə getməmişəm, Allah! Təsəvvürünüzə gətirin, bizim evdə hamı ən azı beş-altı il anamın işlədiyi internat məktəbində oxuyub – bir məndən başqa. Əgər anamın yanında olum deyə internata getmiş olsaydım, o gözəl “se” sinfində oxumayacaqdım.
Bəxtiyarın – “Bakan”ın da taleyinə görə sevindiyi yadıma gəlir. Bərdəliydi, bizim şəhərə atası işini Şuşaya dəyişəndə gəlmişdi. Bir il rus məktəbində oxuyub “beynəlmiləl” mühitdən bezmiş, birinci sinfə təzədən gəlmişdi – bizimlə oxumağa!
Məktəbə bir il gec və ya bir il tez gedib bura düşən, şəhərin başqa məktəblərinin və ya bizimlə paralel siniflərin bir addımlığından qayıdıb “se” cərgəsində yer alanlar da vardı. Hamısı da bir-birindən qoçaq uşaqlar.
***
Bəzi uşaqlar bizimlə az oxudular – Zəkara, deyəsən, birinci sinifdən çıxıb başqa məktəbə getdi. İlqar 3-ü oxuyub ayrıldı. Ramazan sinifdə qaldı – 1-də. Rəhmətlik Ofeliya müəllimə çox çalışdı ki, onu itirməsin, amma alınmadı – çox zəif idi. Hətta bir dəfə müəllimənin “Adının baş hərfi nədir?” sualına “İ” cavabı vermişdi. Biz də adını “İ Ramazan” qoymuşduq.
Sonradan gələnlər də oldu.
Xaqani o biri sinifdə müəlliməylə yola getməyib bizə keçmişdi – deyəsən, üçdən. (Sonralar o bizdən də gedəsi oldu. Avtomobil müəllimiylə əlbəyaxa olub internata üz tutdu. Müəllim bir az cəld tərpənməsəydi, motorun yekə bir hissəsini onun başına vuracaqdı).
Qalib sinifdə qalıb bizə ürcah olmuşdu (Zalım oğlu şagirdliyə vurulmuşdu, 6-cı sinifdə yenə ilişib qaldı və bizdən ayrıldı).
Elçin də paralel siniflərin birindən gəlmişdi. Onacan bir Elçinimiz vardı. Təzə gələni də ləqəbiylə çağırdıq – “Mıstıx”. O biri Elçin “Qaraddi” idi.
Mehmanın 6-cı sinifdə “a”dan gəldiyi yadımdadır. Hətta hansı dərsin ortasında gəldiyi də yadımdadır – fizika dərsiydi. Düz gəlib yanımdakı boş yerdə oturdu.
***
Mehmana, səhv eləmirəmsə, sinif rəhbəri göz verib işıq vermirdi. Atası Əliqulu müəllim də məcbur olub onu başqa sinfə keçirmək qərarına gəlmişdi.
Elə gəlib yanımda oturan gündən bizimki tutdu. O da möhkəm futbol azarkeşiydi. Hərçənd mənim kimi “Neftçi”dən ötrü ölmürdü, amma dərdimi bölüşürdü. Köklü-köməcli “se” uşaqlarının bir çoxu isə ya futbola biganəydi, ya da güclü klublara – Tiflis və Kiyev “Dinamo”larına azarkeşlik edir, məni də belə bədbəxt komandanın dalına düşdüyümə görə lağa qoyurdular…
Ancaq Mehmanla isinişməyin ayrı səbəbləri də vardı – olduqca təmiz, təmənnasız, heç kəsə ilişməyən oğlanıydı. Yaxşı idmançıydı, basketbolu, voleybolu, futbolu gözəl oynayırdı, gimnastikada da yaxşıyıdı, ancaq qətiyyən davakar deyildi, sülh adamıydı. Sülh adamı da elə mənim adamımdır.
Davakar deyildi, amma hirslənəndə vuran əli də vardı. Yadıma gəlir, səkkizinci sinifdə oxuyanda Stepanakertə basketbol yarışına getmişdik (Məktəblilər arasında vilayət birinciliyi idi – bu məsələyə qayıdarıq). Gecə mehmanxanada özünü yaxşı aparmayan dostların biri Mehmandan yağlı şillə yedi. Birinci dəfə idi Mehmanı belə görürdüm.
Qabağından yeməzdi. Bir yol avtomobil dərsində məşğələ keçirdik, maşın sürürdük. Müəllimimiz bir az qəliz adamıydı, Mehmanla sözü çəpləşdi və onu “yezda”dan məhrum elədi. Mehman da, gözünə dönüm, on dəqiqədən sonra məşğələ keçirilən yerə – məktəbin həyətinə dədəsinin cağbacağ “Jiqulisi”ylə qayıtdı. Yəni mən taraqqa “QAZ-52”yə qalmamışam. Maşını o yan-bu yana civildətdi, sonra da uşaqlara “kruq”a verdi.
“Dur gəl dərsini danış görək ə, Jiqquli sürən oğlan – hərbi hazırlıq müəllimi onu 10-cu sinifdə hər dərs ayağa qaldırırdı. Əvəz müəllimi yolda toza basmışdı, o da acığını belə çıxırdı Mehmandan. “Jiquli”ni iki “q” ilə də acığından deyirdi – Jiqquli.
***
Əsgərlikdən qayıdan il “Memi”ylə – Mehmanla elə hey məktəb xatirələrini çözürdük. Mənim ad günümdə içib keflənməyi, yatıb qalmağı xüsusi ləzzət eləmişdi, atası gəlib aparmışdı onda.
Mehman daxili qoşunlarda qulluq eləmişdi. Uralın soyuğunda xüsusilə ağır cinayət törətmiş adamların yatdığı koloniyanın keşiyində durmuşdu. Deyirdi, ölümdən qayıtmışam.
1986-cı iliydi. Mən jurnalistika fakültəsinə sənəd verdim, “Memi” də getdi Ukraynaya – qardaşı orda olurdu.
Avqustun axırında imtahanları verib Şuşaya qayıtdım – qəbul olunmuşdum. “Memi” isə qayıtmadı. Onu gətirdilər. Ölüsünü gətirdilər. Qardaşıyla Donetskdə çimməyə gedibmiş bədbəxt. Çaya girən kimi batmışdı. Dağ uşağı hardan bilsin üzmək nədir…
***
Onun ölümü məni necə sarsıtdısa, heç qəbul kağızını almağa getmədim, rəhmətlik atam bir də yayın istisində Bakıya çıxdı bundan ötrü.
Həmin yay atamın dostu Tofiq Bayram yenə bizə gəlmişdi. Dostumun çayda batdığını eşidəndə beləcə də dedi: “Gözlərində nətəər də kədər var, Hikmət!”
***
Bizim kədərdən ikiqat olacağımız zaman da gələcəkdi, amma sonra, sonra…
***
“Memi”nin yasındakı bir əhvalatı heç cür unuda bilmirəm. Əliqulu müəllimin – üç oğlunun içində ən çox istədiyi balasını itirmiş atanın yanında oturmuşdum. Ağsaç bir kişi yasdan çıxanda Əliqulu müəllimin yanında neçə dəqiqəsə ayaq saxladı, ona uzun-uzadı təsəlli verdi. Öyüd-nəsihət o qədər çəkdi ki, içimdə kişiyə acığım tutdu: “Əşi, yazığı incitmə də, nə yapışmısan yaxasından?!”
Kişi ayrılandan sonra Əliqulu müəllim ehmalca mənə tərəf əyildi:
– Tanıyırsan bu adamı?
– Yox, müəllim…
– Stepanakertdəndir. Bu yazığın oğlunu maşın vurub öldürüb – özü də o biri oğlunun toyu günü.
Demə, yazıq kişi Əliqulu müəllimdən də dərdliymiş. Mən də ürəyimdə yamanlayıram onu…
***
“Memi” “se” sinfinin ilk itkisiydi. Məktəbi üçcə iliydi qurtarmışdıq.
O son zəng gününü xatırlayanda canımdan gizilti keçir. Birinci sinif uşağı əlində zınqırov dövrə vuranda başımı “Memi”nin çiyninə qoyub göz yaşımı gizlətmək istəmişdim. Biz bu ağır mərasimə yüngülcə dəm gəlmişdik – “Memi”, mən, bir də “Uzun” – doqquzuncu sinfin yarısından internata getmiş, amma son zəngin acısını bizimlə bölüşən həmin Xaqani.
***
Mehmanın yaxşı basketbol oynadığını dedim. Şuşaya bu idman növünü işinin fanatiki Saleh müəllim gətirmişdi. “4 nömrəli”nin – bizim məktəbin uşaqlarını basketbol azarına yoluxduran Saleh müəllim uzun illər əziyyət çəkəndən sonra, nəhayət, Uşaq-Gənclər İdman Məktəbində bölmə açmış və istər Dağlıq Qarabağ Muxtar Vilayəti, istər də respublika səviyyəsində yaxşı çıxış edən komandalar yaratmışdı. Öz yaş qrupunda ən güclü komandanın əsas özəyi isə bizim sinfin uşaqları idi.
1980-ci ilin dekabrında Stepanakertə vilayət birinciliyinə gedən Şuşa komandasının da yarısı “se” uşaqlarıydı. Nazimlə mən yarışa getsək də, ehtiyat skamyasında oturduq, Saleh müəllim bizi oyunlara çıxarmadı. Əvəzində Sulduz, Xaqani, bir də “Memi” oynadılar. Hamıdan da yaxşı “Memi” oynadı və vilayətin tarixində ilk dəfə olaraq məktəblilər arasında birinciliyi şuşalılar qazandı. Ermənilər deyil, azərbaycanlılar çempion oldu. Mən dörd top fərqi ilə irəlidə olduğumuz o oyunun son saniyələrində vilayət idman komitəsi sədrinin (təbii ki, erməniydi) hirsindən necə zülüm-zülüm ağladığını xatırlayıram. Bəli, Şuşa komandası erməniləri əzmişdi və bu işdə doğma şəhərə qəhrəman kimi dönən “se” uşaqlarının da rolu olmuşdu.
Heyf o günlərdən, heyf ermənilərə qan uddurmuş “Memi”dən…
***
Fazil vardı – “Gizir” Fazil. Oxuyan uşaq deyildi, birtəhər 8-i qurtarıb çıxıb getdi özünə gün ağlamağa.
Qaçqınlıqda bir yol yanıma gəldi “Gizir”, soraqlayıb “Azadlıq”ın redaksiyasını tapmışdı. Şuşa çıxandan sonra Mingəçevirdə olurmuş. Nəsə qərar tuta bilməyib Bakıya köçmüşdü. Məndən köməklik istədi – iş tapmağa. O zaman əl yayımı təzə yaranırdı, qəzetlər də indiki kimi hörmətdən düşməmişdi. Dedim, bu işə kömək eləyə bilərəm, gündə 100 qəzet sata bilsən, hardasa dörd “şirvan”ın var. Gördüm nəsə çətinə düşdü “Gizir” – ağlı bir şey kəsmədi təklifimdən. Bəlkə də “Azadlıq” qəzetinin redaktor müavinini bu cəmiyyət üçün böyük adam sayıb gəlmişdi, fikirləşmişdi ki, ona bir rahat iş taparam. Qəzet satmaq asan iş deyildi, özü də bir qolu anadangəlmə yaxşı işləməyən Fazil üçün. Amma bir müxalifət qəzetində külüng döyən, heç bir “JEK” müdiriylə də salam-əleyki olmayan mən yazıq neyləyə bilərdim?
Fazili incik yola salmadım, gedəndə də dedim, ayağını üzmə. Amma bir az da nigaran qaldım – qaqam vurub gəlmişdi.
***
Az sonra Fazilin içkiyə möhkəm ilişdiyini bildim. Neft Akademiyası ilə üzbəüz maşın dayanacağında işə girmişdi – “stoyanşik”. “Azadlıq”a yaxın olduğundan tez-tez görürdüm onu – işə gedəndə rastıma çıxırdı. Həmişə də bir balaca hallı olurdu. Bir-iki yol yüngülvari məzəmmət elədim. Qayıtdı: “Qaqa, elə hərdən əlli-əlli, yüz-yüz vururam ki, küləyin-soyuğun qabağında dura bilim”.
Bir dəfə uşaq böyrümdə ordan keçirdim. Fazil əyilib üzündən öpə-öpə soruşdu:
– Qaqaaa, ə, haralısan sən?
– Şuşalı.
Ani sükutdan sonra Fazil əliylə uşağın çənəsini oxşaya-oxşaya:
– Saa qurban olum, ə – dedi.
Dikələndə gözünü yaş tutmuşdu…
***
Fazilin ölümündən gec xəbər tutduq, mən artıq “Azadlıq”dan çıxmışdım, “AZİ” tərəfə yolum az-az düşürdü. Eşidib, gec də olsa, haya getdim – orda Fazildən başqa da bir şuşalı “stoyanşik” vardı, qonşumuz Ramiz. Onun bu sözlərindən sonra yerli-yataqlı soruşmağa ehtiyac qalmadı:
– Qaqa, əlli-əlli, yüz-yüz vura-vura özünü heyf elədi. Vallah, heç qaçqınlıq bir kişi sənəti döyül…
Doğrudan da. Axı Fazilin – “se” sinfinin “Gizir”i Fazilin bu küləyin qabağında nə işi vardı axı?..
3 mart 2006
“Qarabağ söhbətləri”nin əvvəli: • Fevral 1988 • Balalar • Adamlar • Niyyət