İqtisadçı ekspert Vüqar Bayramov bəzi bankların xarici valyuta siyasətində yeniliyi şərh edib. Transparency.az-ın məlumatına görə, ekspert bankların dollar üzrə depozit faizlərini artırmasını zəruri addım kimi qiymətləndirib: “Aparıcı riteyl (fiziki şəxslərə müxtəlif növ xidmətlər göstərən) banklar dollar üzrə depozit faizlərini 3 faizdən 7 faizədək yüksəldiblər. Bir müddət öncə sığortalanan 30 min dollar əmanətə ildə orta hesabla cəmi 900 dollar dividend hesablayan banklar həmin məbləğə görə artıq 2100 dollar təklif edirlər.
Manatla əmanətlərə 12 faizdən çox dividend təklif edən banklar xarici valyutalara nisbətən aşağı faiz hesablasalar da, daha çox depozit cəlb etmək üçün xarici valyutalara da nisbətən isti münasibət bəsləməyə çalışırlar. Çünki milli valyuta ilə dividend faizlərinin yüksək olmasına baxmayaraq vətəndaşlar potensial valyuta risklərini sığortalamaq üçün xarici valyuta ilə depozitlərə üstünlük verir. Xarici valyuta depozitlərinə əvvəllər aşağı faizin təklif edilməsi isə vətəndaşlarda əmanət qoyuluşlarına stimul yaratmırdı. Təbii ki, banklara olan inamın azalması da bu məsələdə rol oynayırdı.
Əmanət qəbul edən kooperativ banklarda isə xarici valyuta üzrə faizlər yenə də əvvəlki səviyyədə saxlanılıb. Xarici valyuta üzrə faiz dərəcələrinin artırılması birbaşa bankların nağd vəsaitlərə ehtiyacının yüksəlməsi ilə bağlıdır. Bu ilin iyun ayında depozitlərin həcmi 7 milyard 653 milyon idisə, iyul ayında 7 milyard 605 milyon manat, avqustda 7 milyard 320 milyon manat, sentyabrda 7 milyard 311 milyon manat, oktyabrda isə 7 milyard 172 milyon manat olub. Azalmanın əsas səbəbi milli valyuta ilə olan əmanətlərin bir qisminin banklardan geri çəkilməsi olsa da, xarici valyuta üzrə depozit faizlərinin kəskin azaldılması da təsirsiz ötüşməyib. Bu baxımdan banklar artırılmış depozit faizləri ilə daha çox vəsaitlər cəlb etməyə çalışacaq.
Bir sıra bankların nağd likvidliyinin azalması da xarici əmanətlər üzrə faiz dərəcələrinə yenidən baxılmasına gətirib. Depozit faizlərinin aşağı olması xarici investisiya qoyuluşlarına da neqativ təsir göstərirdi. Banklar yenilik hesabına xarici sərmayələrin cəlbinə də çalışırlar”.