Noyabrın 30-u Sabirabad Rayon Məhkəməsində müxalif Xalq Partiyasının sədri Pənah Hüseynin bir qrup qohumunun işi üzrə proses keçirilib. “Azadlıq” radiosuna danışan Pənah Hüseynin bildirdiyinə görə, hakim Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı 2014-cü ilin avqustunda xuliqanlıq hərəkətlərinin baş verdiyini, bunun şahid ifadələri ilə sübuta yetirildiyini bəyan edib, İxtiyar Sərxoşov və Sərxoş Sərxoşovun 5 il, Adil Hüseynovun 3 il, Vasif Hüseynov, Mansur Hüseynov, Qaşqay Hüseynov və Xalid Sərxoşovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Qarşı tərəfdən təqsirləndirilən Rəsul Dəmirova isə prokuror 2 il 6 ay həbs cəzası verilməsini təklif edib.
Növbəti məhkəmə prosesi dekabrın 7-nə təyin olunub.
Pənah Hüseyn qeyd edib ki, il yarım əvvəl onun doğulduğu Qaraqaşlı kəndində məişət zəminində məhəlli dava düşüb, qohumları həmin hadisəyə görə xuliqanlıqda ittiham olunur. Partiya sədri qohumlarının onun siyasi fəaliyyətinə görə həbs olunduğunu deyib.
Pənah Hüseyn milli azadlıq hərəkatının liderlərindən, Xalq Cəbhəsinin qurucularındandır. Əbülfəz Elçibəyin prezidentliyi zamanı (1992-93) dövlət katibi və baş nazir postlarını tutub. 1993-cü ildən sonra bir neçə dəfə həbsdə yatıb. 2005-2010-cu illərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən Milli Məclisin deputatı olub.
O, Milli Məclisə noyabrın 1-də keçirilmiş seçkidə 63 saylı Sabirabad dairəsində mübarizə aparıb. Həmin dairədən YAP üzvü Elçin Quliyev deputat seçilib.