Oqtay Qorçu
Universitetdə mənə dərs deyib Tofiq Hacıyev. Bu gün müəllimimin ölüm xəbəri yayıldı…
Orta məktəbdə oxuyurdum. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) müəllimi, atam Ağa Laçınlı universitetdə Aşıq Mikayıl Azaflının tələbələrlə görüşünü təşkil etmişdi. Həmən sazlı-sözlü məclisə mən də getmişdim və ilk dəfə Tofiq müəllimi orada, universitetin dəhlizində, filologiya fakültəsinin dekanlığının önündə gördüm. Ona salam verməyə macal tapmamış özünü bu balaca oğlana təqdim etməklə təəccübləndirmişdi məni çox sonra elə həmən universitetdə mənə dərs deyəcək müəllimim Tofiq Hacıyev.
Müəllimim, akademik Ağamusa Axundovun itkisinin ardınca daha bir ölüm xəbəri. Azərbaycan dilçiliyinin qocaman nəhənginin, Nəsimi adına Dilçilik İnstitutunun direktorunun, Bakı Dövlət Universitetinin türkologiya kafedrasının müdirinin, tanınmış türkoloq-alimin qəfil faciəvi ölüm xəbərini eşidəndə öncə gözlərim önünə alimin dünyadan vaxtsız köçmüş, dənizdə boğulmuş yazar oğlu İsmayıl (atasının adını qoymuşdu oğluna) Hacıyevin əl boyda kitabı gəldi. Atam deyərdi ki, Fəxri Uğurlunun İsmayıl rəhmətliyə həsr etdiyi hekayəni Tofiq müəllim dinməz-söyləməz gözlərinin üstünə qoyub, kövrək səslə onun yazıçı balasını unutmayan cavana, Ağa Laçınlının cavan yazıçı oğluna uğurlu yol arzulayıb, Fəxri üçün dua etmişdi.
Barmaqla sayılası tək-tük alimlərdən biri idi Tofiq müəllim. Elə bir adam ki, belə şəxslər barəsində söyləyərlər: Eldən getdi.
Tofiq Hacıyev həm də bizdən ötrü işğal edilmiş ərazilərdən boylanan xatirə təqvimidir. Bu alimin bir ömür salnaməsində, tarix təqvimində nələr olub, kimlər gəlib keçib… Allah bilir… Akademik Tofiq İsmayıl oğlu Hacıyev Cəbrayıl rayonunun Soltanlı kəndində doğulub, 1936-cı ilin 1 mayında. Və böyük bir ömrü beləcə başa vuran Tofiq müəllim dədə-baba yurdunu görmədən Bakı şəhərində vəfat edib – 2015-ci ilin 27 noyabrında.
Mənə görə, Tofiq Hacıyev orijinal bir obraz olaraq yadda qalacaq. Hərdən mənə elə gəlirdi ki, Tofiq müəllim heç gülümsəmir də. Astagəl, ağayana yerişi, sakit, səlis nitqi, eynəyinin kölgəsindən sivrilən nüfuzedici, sərt baxışları və savadsız, xoşagəlməz, yaxud da yüngül adam görəndə diksinə-diksinə müdrikliklə susub üz-gözünü turşutmağı… Mənim yadımda belə qalıb Tofiq Hacıyev obrazı. Azərbaycan elminin əsl dəyərlərini qoruyan akademik, Azərbaycan dilçilik məktəbinin ustad davamçısı və ömrünü elmin inkişafına həsr edən neçə-neçə istedadlı gəncin yol göstərəni, ziyalı, müəllim, örnək alim…
Ölüm haqdır. Əcəl xəbərsiz soxulur can evinə. Ruh bədəndən ayrılır, insan quş təki uçub vida edir bu dünyaya. Və ölüm həm də bu xəbərə hər an hazır olanları seçir. Bir alimin alın yazısı, qədəri də buracanmış demək. Ancaq belə ölüm, özü də Tofiq müəllim kimi bir ziyalının ölümü gerçəyin lap yandırıb-yaxan üzüdür, əsl faciədir. Tofiq müəllim illərlə üst-üstə yığılıb qalanan vətən, övlad dərdinə dözə-dözə yaşayırdı, işləyirdi, axı kimin ağlına gələrdi ki, günlərin birində elə dəm-dəm dərd, ölüm gətirən dəm qazından boğulub öləcək bizim Tofiq müəllim.
Akademik Tofiq Hacıyev 79 yaşında köçdü alimlərə qapılarını tay-tay açan haqq dünyasına.
Bir alim Allahın rəhmətinə qovuşdu. Bir müəllim dünyadan beləcə köçdü. Dəyərli ziyalımıza, müəllimimizə Allahdan rəhmət diləyək. Dünyası behişt yurdu olsun, ağsaqqal alimimiz Tofiq müəllimin!
Allah rəhmət eləsin!