Noyabrın 25-i Qubanın Timiryazev kəndində ölkədə ilk “Fermer evi” istifadəyə verilib. Agro.gov.az-ın məlumatına görə, kənd təsərrüfatı naziri Heydər Əsədov açılış mərasimində deyib ki, “Fermer evi”nin yaradılmasında əsas məqsəd Quba, Xaçmaz, Siyəzən və Şabran rayonlarında becərilən məhsulların istehsalçıdan istehlakçıya çatanadək fermerlərə vahid mərkəzdən dəstək göstərmək və fəaliyyətlərinin koordinasiyasını təşkil etməkdən ibarətdir: “Fermer evi”ndə fermer və sahibkarlara regionda kənd təsərrüfatı məhsulları istehsalında, texnikanın, eləcə də torpağın, suyun, genetik ehtiyatların və ətraf mühitin qorunması istiqamətində ortaya çıxan problemlərin həlli üsulları öyrədiləcək”.
Heydər Əsədovun sözlərinə görə, fermer və sahibkarlar burada yüksək və keyfiyyətli məhsul əldə etmək üçün müxtəlif kənd təsərrüfatı bitkilərinin becərilmə texnologiyası, heyvandarlığın yeni tələblər səviyyəsində inkişafı, kənd təsərrüfatı məhsullarının marketinqi, kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı əlaqəli mübarizə tədbirləri sistemi üzrə məsləhətlər ala biləcəklər: “Daxil olan müraciətlərin vahid mərkəzdən əlaqələndirilməsi və idarə edilməsi fermerlərə bazara çıxışı asanlaşdıracaq. Onlar kənd təsərrüfatı bazarları və məhsullarının qiymətləri barədə məlumatla təmin ediləcək.
“Fermer evi”nin məsləhətçiləri fermerlərə məlumat bazasındakı mövcud biznes planlar, heyvanların yem rasionu, toxum dövriyyəsi, texniki üsullar, xəstəliklər və onlara qarşı mübarizə, dağlıq bölgələrdə ekoloji təmiz məhsulların istehsalı və digər əlaqəli sahələrə dair məsləhət xidməti göstərəcəklər. Burada yaradılan təlim mərkəzində isə fermerlərin bilik və bacarıqlarının artırılması məqsədilə təlimlər, seminarlar təşkil ediləcək, fermerlər tədris materialları ilə təmin olunacaqlar. Sahibkarlara məhsulun istehsalı ilə yanaşı, satışında da kömək göstəriləcək”.
Tədbirdə “Fermer evi”nin internet portalı barədə də məlumat verilib. Burada fermerlər üçün kənd təsərrüfatına aid kitab və broşürlər, bazar və qiymətlər, eləcə də güzəştli kreditlərin şərtləri barədə məlumatlar, əkinin necə aparılması, toxumların yoxlanması, torpaqla necə davranmaq barədə videolar yerləşdirilib. İnternet resursu fermerlər üçün daim yenilənən ensiklopediya funksiyasını yerinə yetirəcək. Fermerin sualları və ya problemi barədə məlumat aidiyyəti əməkdaşa yönəldilərək qısa müddət ərzində həll olunacaq.
Heydər Əsədov şimal regionundan olan fermer və sahibkarlarla görüşüb, onları dövlətin sahibkarlığın inkişafı üçün yaratdığı güzəştlərdən yararlanmağa səsləyib. Bildirilib ki, bu vaxtadək “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən 3 min 667 istifadəçiyə 11 min 748 ədəd kənd təsərrüfatı texnikasına görə 44 milyon 491 min 79 manat güzəşt olunub.
Tədbirdə Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran və Xızı rayonları üzrə 100-ə yaxın istifadəçiyə lizinqlə verilən 1 milyon 840 min 449 manat məbləğində 148 ədəd kənd təsərrüfatı texnikasına 658 min 839 manat güzəşt tətbiq edilib.