Qubad İbadoğlu
Dost-tanışdan tez-tez eyni məzmunlu məlumatlar alıram: son zamanlar əksəriyyət ölkədə pul çatışmazlığından gileylənir. Kimin halını xəbər alırsan, deyir pul yoxdur, vəziyyət pisdir. Evini icarəyə verən kirayənişin, mağaza işlədən alıcı, taksi sürən sərnişin pul tapa bilmir. Belə görünür ki, ölkədə çox adam pul axtarır və onu tapmaq əvvəlki kimi asan deyil.
İqtisadi göstəricilərin təhlili göstərir ki, ölkədə pul axtaran həm də pulu istehsal edən banklardır. Mövcud pul-kredit münasibətləri elə iqtisadi vəziyyət yaradıb ki, ölkədə gündəlik güzəranının qayğısını çəkənlərdən tutmuş oliqarxlara qədər olan müxtəlif gəlirli qruplar pul axtarmaq məcburiyyətində qalıb. Bəs görəsən, nədən pul birdən-birə azalmağa başlayıb?
Müqayisəli hesablamalara görə, ölkədə keçənilki məbləğdə ümumi daxili məhsul (ÜDM) formalaşmır. Mərkəzi Bankın oktyabrın 1-nə olan son statistikasına əsasən, Azərbaycanda 40,7 milyard manat, yəni ötən ilin eyni dövründən 3,5 milyard manat az ÜDM istehsal olunub. Əgər ÜDM nominal ifadədə də azalıbsa, deməli, əksər makroiqtisadi göstərici, o sıradan dövlətin və istehlakçıların xərcləmələri, sərmayə yatırımları, ixrac gəlirləri də kiçilib. Artan isə qiymətlər, aybaay çoxalan idxal malları və işsizlikdir.
Qiymətləndirmələr göstərir ki, bütün bu dəyişikliklər pul qıtlığına gətirib çıxarsa da, ən əsas səbəb bunlar deyil. Çünki həm dövlət, həm də biznes əvvəlki illərdən az qazanıb çox xərcləsə də, pul yenə bu səviyyədə qeybə çəkilməli deyildi. Bəs onda əsas səbəblər hansılardır?
Fikrimizcə, başlıca səbəb manata olan etibarın itməsidir. Ona görə də sahibkarlar və istehlakçılar manatla yalnız cari xərclərini ödəyəcək qədər əməliyyat üçün vəsait saxlayırlar. Nəticədə də hər iki qrupa məxsus kapital dollarlaşır və ən pisi də odur ki, onun bir hissəsi banklardan kənarda saxlanır. Müşahidələr göstərir ki, valyutada olan iri pullar ölkədən çıxarılır, xırda, qara gün üçün nəzərdə tutulan pullar isə seyflərə qoyulur. Tədiyyə balansının təhlilindən məlum olur ki, ölkədən kapital axını kəskin artıb, bu ilin ilk 6 ayında Azərbaycandan kənara 4,5 milyard dollardan çox vəsait çıxarılıb. Bunun da səbəbi odur ki, kiçik və orta ölçülü xarici investorlar Azərbaycandan qaçır, iriləri isə buna hazırlıq görür.
İkinci səbəb iqtisadiyyatın dollarlaşmasıdır. Cəmi depozit bazasının valyutalar üzrə struktur təhlili göstərir ki, banklarda olan bütün əmanətlərin 75,4 faizi dollarladır.
Başqa bir səbəb də kommersiya banklarının xarici öhdəlikləri ilə bağlıdır. Hazırda qeyri-rezidentlərin və dövlət idarəetmə orqanlarının depozitləri daxil olmadan bankların xarici borclarının məbləği 6,3 milyard manat təşkil edir. Belə olan halda xaricə borcu olan banklar da kreditorlar qarşısında öhdəliklərini ödəmək üçün dollar toplamağa məhkumdur.
Deməli, hər üç səbəbdən dollara tələbat artmaqdadır. Mərkəzi Bank da bu tələbatı ödəmək üçün illərlə yığdığı valyutanı səxavətlə xərcləyərək aldığı manatı kisələrdə anbarlara doldurur. Beləliklə, bir tərəfdən valyuta ehtiyatları bu ilin əvvəlinə olan 11,76 milyarddan 6,51 milyard dollaradək, başqa sözlə, 44,7 faizə qədər, digər tərəfdən də geniş mənada pul kütləsi, ən çoxu da M2 pul aqreqatı (manatla olan pul kütləsi) aybaay azalır. Oktyabrın 1-nə M2 pul aqreqatı 9,37 milyard manat olub ki, bu da cari ilin əvvəli ilə müqayisədə 8 milyard manat və ya 46,3 faiz azdır. Bu isə o deməkdir ki, dövriyyədə manatla olan pul kütləsinin hər ay orta hesabla 1 milyardı anbarlara və sandıqlara gedir.
Yaranmış pul qıtlığının bir səbəbi də bahalığa görə ailə büdcəsinin xərclərinin artması ilə yanaşı ev təsərrüfatlarına verilən kreditlərin azalmasıdır. Bu ilin əvvəli ilə müqayisədə ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat azalıb. Çox güman ki, bu kreditlərin də çoxu əvvəlki borcların bağlanması üçün bir bankdan digərinə transfer olub. Bunun isə real iqtisadiyyatla heç bir əlaqəsi yoxdur.
Nə etmək olar ki, pullar geriyə, dövriyyəyə qayıtsın? Bunun üçün dövlətin iqtisadi siyasəti ölkənin gələcəyinə inamın üzərində qurulmalıdır. İlk növbədə manat real və sabit məzənnəli valyuta kimi real dəyərə və məzənnəyə malik olmalıdır. Bu isə onun dəyərinin üzən məzənnə rejimində bazarda tənzimlənməsi şəraitində mümkündür. Çox güman ki, bu halda onun dəyəri hazırkı məzənnəsi ilə müqayisədə aşağı olacaq, amma belə olanda biznes də, istehlakçı da ona hansı səviyyədə etibar edəcəyini müəyyənləşdirə biləcək. Bu isə etibarın heç olmamasından daha yaxşıdır. Eyni zamanda bu halda etibarsız manatın sabitliyini müvəqqəti qorumaq üçün sürətlə və havayı xərclənən valyuta ehtiyatları da ölkə iqtisadiyyatına fayda verəcək fəaliyyətlərə yönələ bilər.
İkincisi, yerli sahibkarlar və xarici investorlar üçün bərabər və təminatlı, təhlükəsiz və rəqabətli mühit formalaşdırılmalıdır. Belə mühiti isə inhisarçılıqla mübarizə ilə yanaşı, azad ticarət və liberal iqtisadiyyat qaydalarının bərqərar olması və maliyyə amnistiyası vasitəsilə yaratmaq mümkündür.
Nəhayət, ölkədə gizli iqtisadiyyatın səviyyəsi düzgün ölçülməli və leqallaşdırılmalı, dəyərindən asılı olmayaraq bütün növ nağd ödənişlərin rəsmiləşdirilməsi stimullaşdırılmaldır.