Massaçusets Texnologiya İnstitutu (ABŞ) dünya dillərinin təsir dairəsinə dair təhqiqatın nəticələrini açıqlayıb. Transparency.az bildirir ki, təhqiqat qrupu 1000-ə yaxın dilin işlənməsi və qarşılıqlı əlaqəsini müqayisəli analiz edib, 247 dil son 30 ildə çap olunmuş 2 milyondan çox kitab, açıq ensiklopediya – “Vikipediya”da məqalə və müəlliflərin, “Tvitter”də sözlərin sayı və başqa parametrlər üzrə araşdırılıb.
Təhqiqatın nəticələrinə görə, Azərbaycan türkcəsində 27 milyon adam danışır. 30 ildə Azərbaycan dilindən 774 kitab tərcümə olunub. Azərbaycan dilinə çevrilmiş kitabların sayı 1658-dir. Azərbaycan bu baxımdan siyahıda 83-cü yerdə qərarlaşıb.
Təhqiqatın nəticələrində bildirilir ki, erməni dilində dünyada 6 milyon nəfər danışır. 30 ildə erməni dilindən 1100 kitab tərcümə olunub, erməni dilinə isə 2139 kitab çevrilib. Erməni dili bu parametr üzrə 58-cidir.
Gürcü dilində dünyada 4 milyon adam danışır. 30 ildə gürcü dilindən 1224 kitab tərcümə edilib. Gürcü dilinə çevrilən kitabların sayı 2176-dır.
Rus dilində 278 milyon nəfər danışır. Bu dildən 101395 kitab tərcümə olunub. 82 min 772 kitab isə ruscaya çevrilib.
Türkiyə tükcəsində 70 milyon adam danışır. Bu dildən 30 ildə 2658 kitab tərcümə edilib, 11874 kitab isə Türkiyə türkcəsinə çevrilib.
Fars dilində 107 milyon adam danışır. 30 ildə bu dildən 2837 kitab tərcümə olunub. Farscaya çevrilən kitabların sayı 11329-dur.
Dilin təsir dairəsinə görə ilk sırada ingilis dili durur. Dünyada 1 milyard 500 milyon adam ingiliscə danışır. Bu dildən 30 il ərzində 1 225 237 kitab tərcümə olunub. İngiliscəyə çevrilən kitabların sayı 146 294-dür.
Fransız dili təsir dairəsinə görə ikinci yerdə gəlir. Bu ildə 200 milyon adam danışır. 30 ildə bu dildən 216 624 kitab tərcümə olunub. Fransız dilinə tərcümə olunan kitabların sayı 238 463-dir.
185 milyon nəfərin danışdığı alman dili siyahıda üçüncüdür. 30 ildə bu dildən 201 718 kitab tərcümə olunub. Alman dilinə isə 292 124 kitab çevrilib.