İsmayıl Rafiqoğlu
Mətbuatda çalışan redaktorların həmişə aktual mövzuları olur. Yəni hava məlumatı hamını maraqlandırır, ya da metrodan yazsan, material oxunacaq mütləq. Bir də mövsümə bağlı tapşırıqlar olur: deyək, əhalinin çox işlətdiyi məhsullardan yazırlar, çörəyin qiymətindən, keyfiyyətindən, ya da kartofdan. Bir də ara-sıra həmişə təkrarlanan mövzular olur, məsələn, payızda yığılan məhsullar Rusiya bazarına gedib çatırmı, ya onları gömrükdən buraxmırlar.
“Qarın qardaşdan irəlidir” ifadəsi elə bil aktuallaşır ara-sıra. İldə bir-iki dəfə kənd təsərrüfatının inkişafından, qida təhlükəsizliyindən, geni dəyişdirilmiş məhsulların fəsadından, əkin sahələrinə dəyən ziyandan da yazırlar.
Bizim zəfərandan yoxdur dünyada
Ara-sıra, adətən payızda, yığım dövründə zəfəran mövzusu da aktuallaşır. Zəfəranla maraqlanan jurnalist kimi son 10 ildə mətbuatın yazdıqlarından neçə qovluq toplamışam. “Zəfəran, ay zəfəran”, “Qızıl qiymətindəki məhsul… ”, “Zəfərançılıq unudulur”, “Zəfəran. Həyat bitkisini xalqa necə qaytarmalı? ”, “Çiçəklərin soltanı, min bir dərdin dərmanı”, “Zəfəran — çöllərin zərif qızı” başlıqları, “Dünyanın bir sıra ölkələrində, o cümlədən İspaniya, İtaliya, İran, Əfqanıstan, Çində becərilsə də, Abşeron zəfəranının tayı-bərabəri yoxdur! ” ifadələrini tez-tez müşahidə edirik. Hansı dırnaqarası ekspertlə söhbət edirsən, elə hey Abşeron, xüsusilə Bilgəh zəfəranını tərifləyir, deyir bizim zəfərandan yoxdur dünyada.
Mən də deyirəm: bizim zəfərandan yoxdur dünyada. Başqa ölkələrdən gətirdiyim, Bakının dükanlarından əldə etdiyim xarici zəfəranlar özüm yetişdirdiyim zəfəranla müqayisədə çox zəif görünüb mənə. Amma bunun belə olduğunu iddia edə bilmərəm, çünki laboratoriyada analiz etməyə, yoxlatdırmağa imkan olmayıb. Deyirlər, gərək Almaniyaya yollayasan, Azərbaycanda buna şərait yoxdur. Nə imkan yoxdur, nə də zəfəran əslində. Özümüz deyirik, özümüz eşidirik, özümüz yazırıq, özümüz də oxuyuruq. Dünya bazarında nə Abşeronu tanıyan var, nə də Bilgəh zəfəranından eşidən. Heç zəfəranın özü də yoxdur satışda. Tək-tük adam şəxsi həyətində əkir, uzaqbaşı Təzə bazarda, ya da 8-ci kilometr bazarında əldə satırlar. Yolu kəndə düşən qohumlara da pay verirlər. Bu da bizim tərifli, tayı-bərabəri olmayan zəfəran.
Çoxu heç tanımır da bu qiymətli ədviyyəni. Elə Masallıda bitən, 1 stəkanı 50 qəpiyə satılan yalançı zəfəranla səhv salırlar. O bitki də plovun rəngini saraldır deyə, fərqinə varmazlar. Biləndə çox dərinə getmir, elə yaxın marketdən vaxtı ötmüş zəfərandan alır, qatır plovuna. Hər işə pul tapmışıq, amma zəfəranın tanıdılmasına, onun Azərbaycan brendinə çevrilməsinə, əkin sahələrinin artırılmasına cəhd etməmişik. Hər yerdə deyirəm, yazılarımda yazıram, xahiş edirəm bir pullu adam çıxsın qabağa, bir az vəsait ayırsın, mən də zəfəran saytı quraşdırım, ən azı 3 dildə bu bitkini tanıtdırım dünya birliyinə. Heç kimə maraqlı deyil. Zəfəran var ki, tanıtdıraq da.
Baxıram o müharibə, terror içində çapalayan Əfqanıstana. Bu ölkədə 12 milyon insan yaşayır, illərlə münaqişə ocaqları qaynayır, rəsmi açıqlamalarda yerə 12 milyon minanın basdırıldığı bildirilir. Bu azmış kimi ərazisində narkotikdən savayı bir şey bitmir. Dünyada heroinin 90 faizi Əfqanıstanda yetişdirilir. Bu çətinliklə üzləşən Əfqanıstan artıq özünü başqa tərəfdən də tanıda bilib. Dünya birliyinin “Narkotik əvəzinə zəfəran” proqrammı çərçivəsində Əfqanıstan 2015-ci ildə 3-cü dəfə Brüsseldəki İTQİ-nin (Beynəlxalq Ləzzət və Keyfiyyət İnstitutu) mükafatına layiq görülüb. Əfqan zəfəranı 300 digər nümunə sırasından ən yaxşısı kimi tanınıb. Biz də deyirik zəfəranımızın əvəzi yoxdur, bir nömrədir. Hansı “zəfəranşünas”la danışırsan, deyir biz beləyik-eləyik. Bəs, niyə bu yarışmaya qoşulmuruq?
Niyəsini bilmirəm, amma son 10 ildə Əfqanıstan zəfəranı dünya brendinə çevrilib. Hələ 2008-ci ildə 1 ton quru zəfəran istehsal edirdilərsə, artıq bu rəqəm 4 tona yüksəlib. Sabah, birisi gün dünya bazarının 90 faizini tutan, ildə 300 tona yaxın məhsul istehsal edən İranı da sıxışdıracaqlar. Elə gözəl zəfəranı ilə tanınan, illərin təcrübəsini cəmləşdirən İspaniya da 4 ton istehsal edir, bazara təzə girən Əfqanıstan da. Hazırda dünya bazarında Əfqanıstan zəfəranının 1 qramı 10-20 ABŞ dolları arasında satılır. Hətta əfqanlar onu qablaşdırıb, brendləşdirib satırlar. Cəmi 7-8 il öncə zəfəran su qiymətinə torbalarda satılırdı.
Azərbaycanın zəfəran brendi yoxdur, faktiki zəfəranı da yoxdur. Bircə yaddaşımızın alt qatlarında belə bir gözəl məhsulun olduğu haqda məlumat durur. Özü də tək Abşeronda bitmir zəfəran. Məsələn, Şəkidə zəfəran yetişdirmək üçün çox gözəl imkan var. Yetişdirən də yetişdirir. Bircə bazarını tapa bilmir. Hara aparsın, kimə versin, kimdən sənəd alsın, bax, bunu bacarmır. Əkinçinin buna vaxtı da yoxdur.
Tutdan, əncirdən, xurmadan, üzümdən alınır
Bəyəm təkcə zəfəranla məsələ bitir? Məsələn, ABŞ-da olarkən bizə nəsə şirin məhlul təklif edildi. Dadlı idi, “Maple ” adlanırdı. Sonra bildim bu ağcaqayın ağacından alınan şirəymiş. ABŞ və Kanadada bu ağacdan çox olur, onun şirəsindən qatı məhlul alırlar. Di, gəl, belə məhsuldan Azərbaycanda tonlarla var. Adına bəkməz deyərlər. Tutdan, əncirdən, xurmadan, üzümdən alınır. Bir sözlə, istənilən şirin meyvədən almaq olar. Özü də bakılıların doşab kimi tanıdıqları bu bəkməzin qiyməti yoxdur. Mədə-bağırsaq sisteminin, qaraciyərin dərmanıdır. Orda-burda bazarlarda satılır, şəxsi təsərrüfatlarda hazırlanır.
Biz bəkməzi nəinki Rusiya, Gürcüstan, Qazaxıstan, Türkmənistan kimi ölkələrə tanıda bilmişik, heç öz bazarımızda belə əməlli-başlı satışını təşkil etməmişik. Nə bir standartı var, nə bir brend markamız. Bu qədər tutu, ənciri, xurması, üzümü olan Azərbaycanda Türkiyədən, İrandan gətirilən bəkməz satılır. Özü də keçibuynuzu deyilən bəkməzi necə reklam ediblərsə, öz bəkməzimizin 1 litrini 6 manata almaq əvəzinə, oradan gələn bəkməzin yarım litrini 8-10 manatdan alırıq. Deyirlər, guya kişi hormonlarının sayını artırır. Guya onların bəkməzi hormonları artırır, bizimki isə yox.
Xaric bir yana qalsın, heç daxili bazarda satışı olmayıb
Brendləşdirilib dünya bazarına çıxarılmalı bir məhsulumuz da var. Abqora adlanan bu turş maye əsl dərmandır. Əsrlərlə ölkədə istehsal edilib, qiymətli diyetik məhsuldur. Abqora dəyməmiş, kal üzümdən hazırlanır. Tumturş olur, arterial təzyiqi, qanda şəkəri aşağı salır. Həm də xolesterinlə kirəclənən damarları təmizləyir. Məsələn, ürək-damar problemi olan insanlar abqoradan gen-bol yararlanmalıdır. Avropada fransızlar da oxşar məhsul hazırlayırlar. Hər yerdə də öz malları kimi təqdim edirlər. Azərbaycanda adətən Bakı kəndlərində şəxsi təsərrüfatlarda istehsal edilir. Bazarlarda tapmaq olur. Son bir neçə ildə Ağsudakı “Azgranata” zavodu da abqoranın emalına başlayıb. Elə satış məsələsində çətinliklə üzləşiblər. Xaric bir yana qalsın, heç daxili bazarda tanıyan olmayıb. Hazırda bir qədər təbliğat indi-indi təsirini göstərir. Satış yüksəlib.
Zavod indi hətta abqoranın qablaşdırılmasını da dəyişib. İlk istehsal zamanı abqora özünə bənzəməyən qırmızı rəng alırdı, indi təbii sarı rənginə qayıdıb. Yəni abqora istehsalı, onun brendləşməsi və dünya bazarında satışı ölkəyə milyonlar gətirə bilər.
Soyuqdəymə zamanı bir soğan yemək kifayət edər
Tanıdılmasına ehtiyac olan məhsullardan biri isə Hövsan soğanıdır. Bu qeyri-adi soğan yalnız Bakının Hövsan kəndində bitir. Soğanın maraqlı tarixçəsi var. Deyirlər hövsanlı hacı Kənan Ərəbistanda olanda bu soğan növündən xoşu gəlir. Ev sahibi olan ərəb şeyxi bu məhsulun toxumundan ona da verir. Hacı Kənan toxumları gətirib Hövsanda əkir və soruşana da deyir “Şıxverdi”, yəni “Şeyx verdi” soğanıdır. “Şıxverdi” soğanı çox yerdə bitsə də, başqa dadı-tamı olur. Hövsan soğanına bıçaq dəysə dadı dəyişəcək. Onu əlin içində əzib, qırıb yeyirlər. Formaca uzunsov olur, çox acı, kəskin tamı var. Soyuqdəymədə bir soğan yemək kifayət edər. Qabığı da müalicəvidir. Hövsandan başqa heç yerdə bitmir, daha doğrusu, soğan başqa ərazilərdə uzunsov formasını dəyişib, adi soğana çevrilir. Məsələn, ötən əsrin 30-cu illərində bu soğan növündən Qazaxıstana aparılıb. Orada soğan adi yumru soğan halında yetişdirilibmiş. Bir ara Bakıda Hövsan soğanı yox dərəcəsinə çatıb, elə uzun illər Abşeron rayonuna rəhbərlik edər Sadıq Murtuzayev bir aqronomu Qazaxıstana yollayır, soğan toxumundan gətizdirir. Hövsan torpağında əkilən soğan yenidən özünün köhnə uzunsov formasına qayıdır.
Yəni əslində Hövsan kəndində başqa heç nə əkilməyə gərək. Bakı bazarlarında 3-5 manata satılan soğanı dünya bazarında bundan da baha satmaq olar, tərkibinin əvəzi yoxdur deyə. Bir dərman kimi. Bu məhsulun da tanıdılmasına, brendləşdirilməsinə ehtiyac var.
Abşeron ənciri, Göyçay narı, Naxçıvan əriyi, Quba alması ələ düşməz
Azərbaycanın brendləşə biləcək onlarla məhsulu var. Abşeron ənciri, Göyçay narı, Naxçıvan əriyi, Quba alması ələ düşməz. Ölkədə nəyinsə yetişmədiyinə inanmaq belə çətindir. İran dünyaya biyan kökü satır, bizdə isə başlı-başınadır. Çöllərdə yüzlərlə dərman otu var, yığımı-zadı da yoxdur. Dünya bazarında qramı 5 dollardan hesablanan dombalan Azərbaycanda da əmələ gəlir. Amma dombalanı tanıyan varmı? Çox az adam bu bitkini tanıyır.
Abşeronun ağ, qara şanısı heç ələ düşməz. Ağ şanının yarpağı dolma üçün çox qiymətlidir. Dadı da başqa cür olur. Brendləşdirmişiki? Yox. Daha çox Qarabağ zonasında bitən Bədanə tut sortu var. Bu tutun məhsulu qurudulmaq üçün çox qiymətlidir, çünki toxumu xırdadır. Qurut və sat, üstünə də vur “Bədanə”. Qoy, bilinsin.
Hələlik brendləşdirə bildiyimiz bir məhsulumuz var. O da nardır. 2015-ci ildə Avropa oyunlarının simvolu oldu, hazırda Azərbaycanda buraxılan nar şirəsi ABŞ, Almaniya, Rusiya kimi ölkələrdə satılır, özü də yüksək standart nişanı ilə. Hətta Türkiyədə o qədər də bəyənilməsə də, məhz Azərbaycanın təsirindən nar bazar, marketlərdə satılmağa başlanıb. Bir qədər də narşərab satırıq dünya bazarında.
Azərbaycanın kənd təsərrüfatı məhsullarını brendləşdirmək, dünya bazarına çıxartmaq, tanıtdırmaq ölkəni həm varlı, həm də məşhur edərdi.
Gecikirik hələ…