
Prezident Administrasiyası rəhbərinin müavini: “Daha böyük “səhvlər” olub”
Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyerin dediklərinə münasibət bildirib.
Novator.az xəbər verir ki, Novruz Məmmədov oktyabrın 26-da “Tvitter” şəbəkəsində yazıb: “Deyirlər Bleyer “səhvinə” görə üzr istəyib. Amma bu nə birinci “səhvdir”, nə də sonuncu. Bundan da böyük “səhvlər” olub.
Son illərdə Qərbdə rəhbərlərin belə səhvlərinin sayı-hesabı yoxdur. Dünyanı indiki vəziyyətə salan elə bu bilə-bilə edilən səhvlərdir”.
Bugünlərdə Toni Bleyer ABŞ-ın İraqa hərbi müdaxiləsi zamanı baş vermiş səhvə görə üzr istəyib. CNN-ə müsahibəsində o bildirib ki, bu müdaxilə bu gün regionda hazırkı münaqişələrin yaranmasına yol açıb və həmin münaqişələrdən biri də İŞİD qruplaşmasının İraq və Suriyada nüfuzunu genişləndirməsidir.
“2003-cü ildə Səddamı hakimiyyətdən devirdik. İndi 2015-ci ildəki vəziyyətə görə deyə bilmərik ki, heç birimiz məsuliyyət daşımırıq. Kütləvi qırğın silahlarına dair qeyri-dəqiq məlumatın hərbi müdaxiləyə səbəb olmasına baxmayaraq, planlaşdırmada bəzi yanlışlıqlar və rejimi aradan qaldırandan sonra orada baş verəcək hadisələri anlamağa dair səhvlərimiz də olub” deyən Bleyer müharibəyə tam üzr istəməyib.
O qeyd edib ki, İraq lideri Səddam Hüseyni devirməyə görə üzr istəmək çətindir: “Hətta 2015-ci ildə də onun orada olmaması, olmasından daha yaxşıdır”.
“Amerikanın səs” xəbər verir ki, İraqa müdaxilədə Britaniya ən çox qüvvə göndərən ikinci ölkə olub – 45 min. Onlar 150 minlik ABŞ qüvvəsi ilə yanaşı, 7 min əsgərlə təmsil olunan Avstraliya, İspaniya və Polşaya qoşulub. Münaqişə zamanı Britaniyanın 179 əsgəri həlak olub.