Oqtay Qorçu
Daha bir qurban. Qanlı hərəkata rəvac verən kütlənin əməllərinə görə yenə əziyyət çəkən, itirən xalqdır. Yenə də keçmişi xatırladım. Bir zaman türk səhnəsində doğma dilində, kürdcə mahnı oxuduğuna görə Əhməd Qayaya çəngəl-bıçaq atan Sərdar Ortacın köhnə etirafı yadıma düşdü. Sərdar Ortac sonralar yana-yana mediaya belə söyləmişdi: “Əllərim sınaydı kaş… O zaman gənc idim, dəliqanlıydım, özümü millətçi sanırdım”.
Türkiyənin ən böyük şəhəri olan İstanbulda dünən kürd dilində oxuyan bir gənc qətlə yetirildi.
Atılan güllələr hələ çox canlar alacaq. Nə qədər ki, evi dağılan dinc sakinlərin sayı azalmır, nə qədər ki, hər günahsız türkün, kürd terrorunun ayağı altında qalan hər dinc kürdün ah-naləsi bitməyib və indiyəcən PKK zalımlığına son qoyulmayıb, elə belə də davam edəcək. Bunun üçün isə birlik, həmrəylik gərək. Yol da var. Sınanmış, özünü sübuta yetirmiş, ancaq çətin və qətiyyət tələb edən qərarlı bir yol. Vətəndaşı olduğun ölkəyə sədaqət nümayiş etdirmək; güclü və hüquqlu olduğunu istəməkdən ötrü öz dövlətinin güclü, yenilməz olduğuna çalışmaq. Kürd xalqının başbilənləri bu millətin əslində terrora yad olduğunu sübut etmək üçün təşkilatlanmalı, mütləq Türkiyə dövlətiylə birlikdə PKK və İŞİD-ə qarşı vuruşmalıdır. Ancaq real vəziyyət bambaşqadır indi. Türkiyə Cümhuriyyəti hüquqlarını qorumaqda davam edir, terrorla savaşan türk əsgərinin qanı tökülür, bu ölkədə dalbadal terror aktları baş verir, deməli, belə tezliklə milli barışığın əldə ediləcəyi mümkünsüzdür. Silahlı kürdlər isə hələ də geri çəkilməyi düşünmürlər. Xaricdən dəstək alan, hərbi və siyasi cəhətdən xeyli güclənən, təşkilatlanan terrorçuların hücumları səngimək bilmir. Amma Türkiyə dövləti Atatürkün miras qoyduğu xalq cümhuriyyətinin bölünməsi ilə barışmaq fikrində deyil.
Siyasət, müharibə, milli münaqişələr sənəti, ədəbiyyatı da cəbhələrə bölüb. İndi sənətin deqradasiya dövrüdür. Təhlükəli bir ənənə yaranır, sənətçinin kimliyi, professionallığı arxa plana keçir, sənət adamına ictimai, sosial mövqeyinə görə dəyər verilir. Bu proses bütün dünyada gedir və çox zaman ağır nəticələrə gətirib çıxarır.
Türkiyənin qocaman dəyərlərini parçalamaq istəyirlər.
Türk musiqisinə itki üz verdi. Həm də ağır itki, çünki böyük səhnəyə yeni-yeni ayaq açan bir istedadlı gənc dünyadan köçdü. Ölümü isə qalmaqallı tarixçəyə çevrildi. Onun sənətini sevənlərə özünü Səlim Sərhəd kimi təqdim edən müğənni ifrat millətçiliyin qurbanı oldu. Onu adamların gözü baxa-baxa elə səhnədəcə öldürdülər. Ana dilində oxuduğuna görə. Neçə-neçə türk və kürd dilində ifa edilən mahnının müəllifi Səlim Sərhədin şərqiləri sərhədləri aşa bilmədi. Gözəl dili başına bəla olacaqmış, demə, sənətçinin. Oxuduğu türkü qan verdi. Qətl hadisəsi gecəyarısı baş verib. 33 yaşlı müğənnini barda bıçaqla qətlə yetirən İdris Günver, ilkin ehtimallara görə, olaya başqa don geyindirmək üçün münaqişəni ictimai müstəvidən yayındırmaq istəyib. Artıq həbs edilən Günver açıqlama verməyə də məqam tapıb. 25 yaşlı İdris əslində baş verən olayın səbəbini Səlimin kobudluğuna bağlamağa cəhd edib. Suçlu bilinən şəxsin ifadəsində müğənninin ona və qız yoldaşına söz atdığı iddia edilir, qətlin kürdcə oxunan musiqi ilə əlaqəli olmadığı söylənilir. Həqiqət onsuz da gec-tez üzə çıxacaq. Daha gecdir, Səlimi heç kim geri qaytarmayacaq. Ondan yadigar qalan isə oxuduğu mahnılar olacaq.
Qanlı olayın xəbəri Türkiyə mediasının gündəminə çevrildi. Türk sənətçisi, gəncliyindən oxuduğu türkülərlə özünə geniş tamaşaçı auditoriyası toplayan, “Brina Barış” albomu ilə məşhurlaşan, əsl adı Abdulsəlam Atmacay olan Səlim Sərhəd – bir Türkiyə vətəndaşı dünən gecə İstanbuldakı bir türkü barında öldürüldü. Bu qara xəbəri öncə “Tvitter”lə yayan dostu Onur müğənninin kürdcə oxuduğuna görə bıçaqlandığını bildirib. Sıradan bir qətl hadisəsi olmadığı məlum. Motivi siyasiləşdirmək istəyənlərin sayı isə get-gedə artır. Sözsüz ki, gənc bir sənətçinin qətli rezonans doğurmaya bilməzdi, özü də belə bir qarışıq zamanda. Türkiyənin belə bir vaxtında, öz varlığı uğrunda sözün əsl mənasında savaş aparan çağında.
Türkiyə hər gün savaşır, hər gün itirir.
Qanla suvarılan sərhədləri ötə bilməyən Sərhədin nəğməsi susdu. Bütün varlığı ilə türk sənətçisi olan 33 yaşlı vətənpərvər və ana dilini də, dövlət dilini də canı-dildən sevən Səlim Sərhədin terrorçulara bağlılığı olmayan birisi kimi tanındığı da məlum. İdris Günver oktyabrın 25-də, qətl baş verən gecə bara qızlarla əylənməyə gəlib. Sonra isə eyş-işrət məclisində xumarlanan İdrisin birdən patriot damarı tutub və müğənnini kürdcə oxuduğuna görə cəzalandırmağı qərara alıb. Ağır zərbələrdən, aldığı bıçaq yarasından xəstəxanaya çatdırılan Səlim Sərhədin həyatını xilas edə bilməyib həkimlər. Müğənni dili başa bəla edənlərin qurbanına çevrilib. Səlim istədiyi dildə oxumaq haqqı qazanan bir sənətçi olub. Və böyük sənətin nə milləti, nə də dili olduğundan onların ancaq bir adı var – sənətkar. Əslində Səlim Sərhədin gözəl türkü dilinə qənim kəsilən, onu kürd dilinin bəlasına salan elə insanları bu dilə nifrətə kökləyən, silahla danışanlardır. Yəni hətta qətlin motivi başqa olsa da, indən sonra onlarla yeni versiya üzə çıxsa da, yenə Səlimin qatili məlumdur – terrorizm, od saçan PKK silahları. Sərsəm və zalım kürd terrorçularının minlərlə qurbanından birinin də adı məlum oldu. Ev-eşiyi dağılan, övladları ölən türklərin və kürdlərin itkisi Səlim Sərhəd. Barış üçün səhnəyə çıxan, nəğmələrlə Türkiyəni ana dilində oxşamaq istəyən gənc sənətçini yarı yolda qoyan ifratçılıq da elə xaos deməkdir.
Əsrlərdir bu torpaqlarda birlikdə yaşayan, qonşuluq edən, qohum və dostluq binası qoyan, tək Allaha, eyni dinə tapınan kürdlərin türklərə əbədi düşmən olacağını və bu düşmənçiliyin nə zamandan, haradan, hansı səbəbdən qaynaqlandığını hələ də təsəvvür edə bilmirəm. Düyünə düşən süni problemlərdir əslində bunlar. Bunu kürdlər də bilir, türklər də. Ancaq bütün bunlar baş verib, deməli, kimsə tarixi aldatmağa macal tapıb. Necə ki, bu zalım dünya gecəyə salıb qatil İdrisi və qurban Səlimi aldatdı.
___________
Müəllifin başqa yazılarına bax: • Kamanın babası • 81-ci dairə • Köhnə kişinin hikkəsi • Qara daş ustası • Sil-süpür zamanı • Rusiyaya qarşı savaşan Nobel • Qanını verənlərin tarixi • İçərişəhərin rəngi •Toyda ehsan