Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Şamaxıda bu rayonun və Qobustan, İsmayıllı, Ağsu, Göyçay rayonlarının sakinlərini qəbul edib. Nazirliyin rəsmi məlumatına görə, oktyabrın 23-də keçirilən qəbulda vətəndaşlar məşğulluğun və əmək hüquqlarının təminatı, mənzil və minik avtomobili ilə təmin olunmaq üçün növbəyə dayanma, bərpa müalicəsi və reabilitasiya vasitələri, əlil arabası, sanator-kurort yollayışı ilə təmin olunma və başqa məsələlərlə bağlı müraciət ediblər. Müraciətlərin bir qismi elə yerindəcə həll olunub, o cümlədən bir sıra vətəndaşlara münasib iş yerlərinə göndərişlər verilib, qəbula gələn bir nəfər əlilliyi olan şəxs müraciətinə uyğun olaraq əlil arabası alıb. Səlim Müslümov ayrı-ayrı vətəndaşların müalicəsinə köməklik göstərilməsi, sanator-kurort yollayışı ilə təmin olunmaları barədə tapşırıqlar verib.
Nazir deyib ki, cari ilin 9 ayında əlillərin və sağlam imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası tədbirlərinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,8 % çox, o cümlədən əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların müalicəsinə köməklik üçün 77,3% çox, onların cəmiyyətə inteqrasiyası və onlar üçün bərabər imkanların yaradılması layihələrinə 2,6 dəfə çox, belə insanların xarici ölkələrdə reabilitasiyasına şərait yaradılmasına 9,8% çox, əlilliyi olan şəxslərin sosial-məişət problemlərinin həllinə 50%-dən çox vəsait yönəldilib.
Mənzil və minik avtomobili ilə təmin olunmaqla bağlı müraciətləri cavablandırarkən nazir müharibə əlilləri və şəhid ailələri üçün tikilən fərdi evlərdən inşası yekunlaşan evlərin, hazır yaşayış binalarından alınmış və təmiri başa çatan mənzillərin istifadəyə verilməyə başlandığını, bu ilin ötən dövründə 150-dən çox müharibə əlili və şəhid ailəsinə yeni mənzilin təqdim edildiyini bildirib: “Bakıda və bir sıra bölgələrdə çoxmənzilli yaşayış binaları da inşa olunur. Hazırda sakinlərini qəbul etdiyimiz Şamaxı rayonunda da müharibə əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binası və 1 fərdi ev tikilir. Eyni zamanda Qobustan rayonunda 3, İsmayıllı rayonunda 3, Ağsu rayonunda 10, Göyçay rayonunda 3 fərdi ev inşa edilir”.
Səlim Müslümov qeyd edib ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə təkcə son bir ayda 300 minik avtomobili verilib və yaxın günlərdə daha 100 avtomobil onlara təqdim olunacaq: “Minik avtomobili üçün növbəyə dayanmaqdan ötrü müvafiq tibbi göstəriş olmalıdır. Bu ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə müraciət edən 1219 nəfər imtiyazlı şəxs ciddi şəkildə müayinə edildikdən sonra onlardan yalnız 32,2 faizinə, yəni 393 nəfərinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərarlar qəbul edilib və onlar növbəyə götürülüb”.