İqtisadçı ekspert Qubad İbadoğlu prezident İlham Əliyevin gömrük yoxlamalarına dair fərmanını şərh edib. Oktyabrın 22-də imzalanan fərmana əsasən, Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən və istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan ümumi gömrük dəyəri 10 min ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallar gömrük ödənişindən azaddır.
Buna qədər ümumi gömrük dəyəri 1500 ABŞ dolları ekvivalenti məbləğindən artıq olmayan mallara görə ödəniş verilmirdi.
Yeni qaydalar vətəndaşı müşayiət edən hər bir yetkinlik yaşına çatmamış fiziki şəxsə görə əlavə məbləği 500 ABŞ dollarından 2000 ABŞ dollarına qədər artırır.
Yenilik aksizli mallara, avtonəqliyyat vasitələrinə və səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan əşyalara şamil olunmur.
Transparency.az-a danışan iqtisadçı ekspert Qubad İbadoğlu deyir ki, fərmanla gömrüyə bəyan ediləcək məbləğ 6,6 dəfədən çox müəyyənləşdirilir: “Bu, sərhəd buraxılış məntəqələrində “yaşıl kanal”dan istifadə edən vətəndaşların sayını və rahatlığını artıracaq, rüşvət sistemini zəiflədəcək.
Fərman həmçinin fiziki şəxslərin xarici ticarətdə, xüsusilə də idxal əməliyyatlarında iştirakına stimul verəcək, orta və uzunmüddətli dövrdə istehlak bazarında idxal mallarının qiymətlərinin sabitləşməsinə müsbət təsir göstərəcək. Odur ki, yeni fərmanı təqdir edir və bu istiqamətdə mütərəqqi dəyişikliklərin hüquqi şəxslərlə bağlı gömrük-idxal əməliyyatlarına da şamil olunmasını arzulayıram”.